11 Yanvar 2025, Şənbə

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət oktyabr ayında da davam etdirilmişdir.
Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi və meşə fondu torpaqlarından istifadə məqsədilə 8 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür. Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Şərur rayonunun Mahmudkənd, Babək rayonunun Kültəpə və ətraf kəndlərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır.

Ay ərzində ekoloji monitorinqlər də davam etdirilmişdir. Bu məqsədlə Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 27-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, qarşıya çıxan bir sıra çatışmazlıqlar aradan qaldırılmışdır.
Ötən ay ərzində Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürül­müş və Sədərək Rayon Su Monitorinq Laboratoriyasında 110 analiz aparılmışdır. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmışdır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” nın müvafiq bəndlərinə uyğun olaraq payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı ərazilərə baxış keçirilmiş, kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağlarının salınması, eroziya və şoranlaşmaya məruz qalmış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması məqsədilə sxem-planlar hazırlanmışdır.
Payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı müxtəlif ərazilərdə, ümumilikdə, 8 hektarda torpaq hazır­lığı işləri aparılmışdır. Ötən illərdə salınmış meyvə bağlarında bərpa əkini üçün çalalar qazılmışdır. Naxçıvan Sement Zavodunun ətrafında salınmış püstə bağında 35 hektar sahədə cərgələrarası kultivasiya olunmuş, sahənin otu biçilmiş, ting­lərə aqrotexniki qaydada qulluq göstərilmiş, ərazinin bir hissəsində yeni damcılı suvarma sisteminin quraşdırılması müntəzəm şəkildə həyata keçirilmişdir.
Hesabat ayında yaşıllaşdırma tədbirləri davam etdirilmiş, Əshabi-Kəhf ziyarətgahına gedən yolun sağ və sol kənarlarında 1,5 hektar ərazidə 366 badam və 315 tut tingi ilə bərpa aparılmış, Ağbulaq Kənd-Turizm İstirahət Bölgəsinin ətrafında 12, Badamlı Mineral Sular Zavodunun ətrafında 7, Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 1, Ordubad Milli Parkının Parağaçay ərazisində 3, Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində 2 olmaqla, ümumilikdə, 25 hektar sahədə həmərsin, badamça, yemişan, alça toxumları əkilmişdir.
İlin əvvəlindən təsdiq edilmiş toxum bölgüsünə əsasən hesabat ayında 280 kiloqram müxtəlif meyvə və meşə cinslərinin toxumları tədarük olunmuşdur. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir.
Qış mövsümündə fauna ehtiyatlarının qaba yemə və daşduza olan tələbatının ödənilməsi məqsədilə, ümumilikdə, 500 kipə yaxın qaba yem, 8 tondan artıq daşduz ehtiyatı yaradılmışdır. Toplanmış qaba yem və daşduzun sahələrə daşınması və zəruri olan yerlərə yığılması davam etdirilir.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir.
Oktyabr ayında Şahbuz rayonunun Batabat yaylağında məskunlaşmış fermerlərlə fərdi maarifləndirici görüşlər keçirilmiş və yaylaqdan istifadə qaydaları, məişət tullantılarının idarə olunması haqqında söhbətlər aparılmışdır.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına nəzarət həyata keçirilir. Ətraf mühitin qorunmasına xidmət edən ekoloji tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR