Muxtar respublikamız müxtəlif dərman bitkiləri ilə zəngin bir yerdir. Elə bitkilər var ki, həyətimizdə, bağ-bağçalarımızda bitir, onları görür, bəzən bilmədən ayaqlayır, ancaq tanımırıq. Pərpərən, pərpətöyün, gəlinbarmağı, dandur kimi tanınan bu bitki qədim diyarımızda geniş yayılıb. Tarixi 4 min il bundan əvvələ gedib çıxan pərpərənin yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə olunur.
Orta əsrlərdə pərpərən “bəzəkli tərəvəz” adlandırılıb, onunla ilan çalması, yuxusuzluq və müxtəlif yaraları müalicə ediblər. Qədimdə digər bitkilər arasında “istifadəyə məcbur” hesab edilən bu bitkini ərəb təbibi İbn Sina ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi.
Torpaq üzərində yayılan və yaxud dik qalxan, ətirli ot bitkisi pərpərən toxumlarını torpağa səpməklə çoxalır. Toxumlar çox xırda olduğu üçün onları qumla qarışdırıb əkirlər. Cücərtilər aralarındakı məsafə 15-20 santimetr olmaqla seyrəldilir. Çiçəkləri tək-tək və ya topa halda sarı, qırmızı rəngdə olur. İyun ayında gül açan pərpərən sentyabr ayına kimi çiçəkləyir. Bu bitki yabanı şəkildə Naxçıvanın düzən və orta dağlıq sahələrində, bağ və bağçalarda yayılıb.
Ötən günlərdə yolun ortasındakı bir qarış torpaqda ot toplayan yaşlı xala ilə rastlaşdım. Yaxından baxınca pərpərən topladığını gördüm. Birdən başını yerdən qaldırıb: “Bu gün topla, sabah eyni yerdə yenə bitəcək”, – dedi. Əlində bir torba dolusu pərpərəni evə götürəcəyindən məmnun görünürdü. Həqiqətən də, yabanı pərpərən bağçalarda əkmədən yetişir, yayılır. O qədər çox bitir ki, əksər hallarda alaq otu kimi çıxarılıb atılır. Bəziləri bitkinin xeyirli bir qida ola biləcəyini düşünmürlər. Xəfif turşməzə dadı, narın səthi, körpəliyi onu fərqləndirən xüsusiyyətlərdir. Pərpərəni bişirib və qurudub qışa da tədarük etmək olur. Bu bitkinin qida vasitəsi kimi körpə zoğlarından və yarpaqlarından istifadə edilir. Mətbəxdə yetkin köklərini konservləşdirir, qayğanağa və tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir.
Əlverişli iqlim şəraitinə malik muxtar respublikamızın, demək olar ki, bütün bölgələrində rast gəlinən pərpərənin tərkibi vitaminlər, üzvi turşular, zülallar və digər faydalı maddələrlə zəngin olduğu üçün müasir tibdə ondan geniş istifadə edilir. Həkimlərin dediyinə görə dərman vasitəsi kimi təzə yarpaqları və toxumları faydalıdır. Onun tərkibində noradrenalin maddəsi mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəlikləri üçün də istifadə olunur. Pərpərənin cövhəri damaq iltihabı zamanı da müalicəvi təsirə malikdir. Parazit əleyhinə vasitə kimi istifadə edilən pərpərənin ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriyatörədici mikroblara qarşı antibakterial təsiridir. İltihablı yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni məlhəm şəklində yaranın üzərinə qoymaq tövsiyə olunur.
Gözəllik üçün də istifadə edilən pərpərəndən hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir. Başqa yeməli və müalicə effektli bitkilər kimi, bu bitkidən də miqdarında istifadə etmək lazımdır. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər, hamilə qadınlar pərpərəndən istifadədə ehtiyatlı olmalıdırlar.
Naxçıvan kulinariyasında çox istifadə edilən pərpərənin hazırda mövsümüdür. Ondan turşu, qatıqlı salat hazırlanır. Pərpərəni çiy olaraq salatlara qarışdırıb yemək faydalı hesab olunur. Qumlu torpaqda yaxşı inkişaf edən pərpərən bəzək bağçılığında da geniş istifadə olunur.
Güntac ŞAHMƏMMƏDLİ