Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə vətəndaşlara ödənilən təqaüd və sosial müavinətlərin məbləğləri artırılır, yeni təqaüdlər təsis edilir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə cari ilin aprel ayından etibarən sosial müavinətlər və təqaüdlərin məbləği artırılıb. İnsanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu artım muxtar respublikamızda yaşayan sosial qayğıya ehtiyacı olan şəxsləri də sevindirib.
Qeyd edək ki, sosial müavinətlərin artımı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına əsasən müvafiq kateqoriyadan olan şəxslərə, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Artıq muxtar respublikada sözügedən təqaüdün ödənilməsinə başlanılıb. Əlavə edək ki, aprel ayının ilk günündən hesablanmaqla ödənilən Prezident təqaüdü bu günədək muxtar respublikada 1642 nəfər sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşları əhatə edib. Təbii ki, həyata keçirilən bütün bu tədbirlər əhalinin sosial müdafiəsinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti