Şahbuz rayonunda ailə əməyinə əsaslanan təsərrüfatların sayının ilbəil çoxalması bölgənin ümumi inkişafına öz müsbət təsirini göstərir. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfatlarda çalışan əməksevər insanların sevincini birə-beş artırıb. Şahbuza budəfəki səfərimizdə də rayonun tanınmış ailə təsərrüfatları sahibləri ilə tanış olduq.
İlk üz tutduğumuz ünvan Biçənək kəndi oldu. Məqsədimiz kənd sakini, ötənilki “Ailə təsərrüfatı məhsulları” festivalının qalibi Abbas Hacıyevin təsərrüfatı ilə yaxından tanış olmaq idi. Yaşı 50-ni yenicə adlamış bu zəhmətkeş insan məni yaşadığı evin qarşısında qonaqpərvərliklə qarşılayır. Görüşüb hal-əhval tutduqdan sonra həyətə daxil oluruq. Abbas kişi əli ilə uca dağları, yamacları göstərərək deyir ki, uşaqlıq çağlarım oralarda keçib, hər addımına yaxşı bələdəm. O illərdə ata-anamla cana məlhəm, dərdə dava otlardan toplamaq üçün həmin dağlara, təpələrə az yollanmamışam. Artıq uzun illərdir, bu işlə məşğul olduğum üçün şəfalı bitkiləri yaxşı tanıyır, yığıb-qurutma, saxlama və istifadə qaydalarını gözəl bilirəm. Hər il torpaq oyanan dövrdən başlayaraq tez-tez ailə üzvlərimlə birgə həmin yerlərə üz tuturam. Yığdığımız bitkiləri günün altına sərir, tez-tez çeviririk ki, hər tərəfi qurusun. Onu da deyim ki, faydalı otları səhərin erkən saatlarında yığmaq məsləhət deyil. Bunun üçün şeh qalxmağını gözləməlisən. Səhər saat 11-dən sonra yığılan bitkilər qaralmır, iyini və tərkibini də olduğu kimi saxlayır.
Təsərrüfat adamı səliqəli şəkildə torbalara yığdığı qurudulmuş bitkilər ilə məni yaxından tanış edir. Hər birini ayrı-ayrı göstərərək deyir ki, solmazçiçək, kəklikotu, qantəpər, dazıotu, əvəlik, zirinc və digər şəfalı bitkiləri ötən ilin may, iyun aylarında toplayıb qurutmuşam. Bu nemətləri ara-sıra yol kənarlarına çıxarıram, xüsusilə bölgəmizə üz tutan turistlər həmin bitkilərə böyük maraqla yanaşır, alıb öz qohum-əqrəbalarına pay da aparırlar. Şəfalı bitkiləri qurutmaqla yanaşı, turşu və kompotlarını da hazırlayırıq. İstehsal etdiyimiz məhsulları həftə sonları Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarıram. Yarmarkada alıcı bolluğu səbəbindən qazancım da ürəkaçan olur. Gördüyün bu otların hər birinin faydalı xüsusiyyətləri barədə kəndin yaşlı insanlarından öyrəndiklərimi alıcılara da izah edirəm. Məsələn, həmərsin böyrək iltihabını, qantəpər, əvəlik isə soyuqdəyməni aradan götürür. Yemişan çiçəyi qan-damar sistemi xəstəlikləri, gülxətmi bronxial-astma və öskürək üçün faydalıdır. Çobanyastığı iltihabın qarşısını alır, solmazçiçəkdən öd və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
İlk dəfə gördüyüm otu göstərərək, bu əvəzolunmaz bitki də aslan pəncəsidir, bunun çayını içən pəhriz saxlamadan artıq çəkidən azad olar, – deyən müsahibim bir neçə saniyəlik düşüncələrə dalır. Daha sonra sözünə davam edərək söyləyir ki, günümüzdə soraqlaşsan çox adam bu bitkinin faydalı xüsusiyyətlərini bilməz, mən onun faydaları barədə atamdan eşitmişdim. Elə söz vaxtına çəkər, ötən ilin əvvəllərində Bakı şəhərindən yaxın qohumlarımız bizə qonaq gəlmişdi. Söhbət zamanı öyrəndim ki, onların qonşuluğunda yaşayan ortayaşlı bir xanım uzun illərdir, artıq çəkidən əziyyət çəkir. Həkimlərə müraciət etsə də, dərdinə əlac tapan olmayıb. Mən də ona bu bitkini məsləhət gördüm və bir dəstə yığıb göndərdim, qəbuletmə qaydasını da izah etdim. Xülasə, bir-iki ay bundan öncə həmin xanım mənə zəng vurub öz təşəkkürünü bildirdi. Dedi ki, həmin bitkinin köməkliyi ilə qısa zaman ərzində xeyli çəki itirməyə müvəffəq olub. Bu, məni ürəkdən sevindirdi. Səfalı dağ-dərələrimizin bizə bəxş etdiyi nemətlərlə qürur duydum.
Abbas Hacıyev söhbət əsnasında onu da qeyd edir ki, dövlətimiz də biz təsərrüfat adamlarının yanındadır, keçirilən festivallarda əməyimiz yüksək qiymətləndirilir. Ötən il mən “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak etdim, burada satışa çıxardığım 21 növdə 500 kiloqramdan artıq məhsulu sərfəli qiymətə sata bildim. Festivalın qalibi olmağım isə məni iş-gücə daha da həvəsləndirdi. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bütün ailə təsərrüfatçıları kimi məni və ailə üzvlərimi də çox sevindirdi, bu il qazanacağım uğurların çox olacağına indidən böyük inamım var.
Biçənəkdən ayrılıb rayonun digər bir yaşayış məntəqəsi olan Nursu kəndinə üz tuturam. Kəndin girəcəyindən gedəcəyim ünvanadək bənzərsiz yaşıllıqlarla əhatə olunan yaraşıqlı evlər nəzərimdən yayınmır. Geniş, abad yollarla irəliləyirəm. Ünvana çatmağa az qalmış ətrafa yayılan valehedici çörək ətrini duyuram. Əllərində lavaş bağlamaları ilə evlərinə tələsən gülərüz insanlarla qarşılaşıram. Budur, artıq üzərində “Ümid” lavaş sexi yazılan bina görünür. Qarşısına çatanda ilk olaraq əllərində təzə lavaşdan tutulmuş pendir dürməyini sevə-sevə yeyən uşaqlar diqqətimi çəkir.
Çörək almaq üçün sexə üz tutan Faiq Novruzov deyir ki, bax, iyi gəldiyi üçün məhəllədən keçən uşaqlara bişirilən lavaşdan pay verirlər. Çox gözəl haldır ki, illər öncə Murtuzəli əmi tərəfindən miras qalan bu gözəl ənənə bu gün də yaşadılır. Yaxşı insan sözünün üstünə gələr, – deyiblər. Elə həmin an sexin qapısı açılır, içəridən nurani çöhrəli bir insan çıxaraq məni salamlayıb, xoş gəldin edir. Öyrənirəm ki, görüşdüyüm insan yaşı 80-ə yaxın olan Murtuzəli Qarayevdir. O, uzun illərdir ki, bu yerlərin insanlarını çörəklə təmin edir, sexə üz tutan heç kəsi əliboş qaytarmır. Elə bu səbəbdəndir ki, kənd camaatı da onun haqqında söhbət düşəndə “çörək verən adamdır” ifadəsini işlədir. Artıq ahıl yaşına çatdığı üçün sexin işlərini oğlu Səxavətə həvalə edib. Çox keçmir ki, sifarişi çatdırmağa yollanan Səxavət Qarayev də sexə qayıdır. Salamlaşıb, hal-əhval tutduqdan sonra məni burada yaradılan şəraitlə tanış edir. Kiçik müşahidələrim zamanı lavaş sexinin səliqəli vəziyyəti və işçilərin geyindikləri xüsusi formaların təmiz görünüşü diqqətimi çəkir.
Səxavət Qarayev deyir ki, lavaş istehsalı sahəsini ailə üzvlərimin dəstəyi ilə 2011-ci ildə yaradıb, övladımın adını verdik. Avadanlıqları İran İslam Respublikasından alıb gətirmişəm, gündəlik tələbata uyğun olaraq 5-6 kisə undan lavaş istehsal edirik. Şahbuzun, demək olar ki, əksər kəndlərinin sakinləri burada bişirilən çörəyə üstünlük verirlər. Buna görə də bəzən sifarişləri çatdırmaq üçün gecə saatlarında da işləməli oluruq. Həyat yoldaşım və övladlarım da sexin işlərində mənə daim kömək edirlər. Atam Murtuzəli kişinin bu sahədə təcrübəsi çoxdur, çətinliklə qarşılaşanda mütləq ondan məsləhət alıram. Onu da qeyd edim ki, muxtar respublikamızda ailə təsərrüfatlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb, yetər ki, iş qurmağa həvəsin, bacarığın, səriştən və əzmin olsun.
Müsahibim həyat üçün əvəzsiz qida sayılan çörəyin müasir dövrdə qədir-qiymətinin bilinmədiyindən gileylənir. Bildirir ki, tez-tez yollarda yerə tökülən çörək parçalarını, yanından ötüb keçən uşaqların bu mənzərəyə biganə yanaşdığını görürəm. Bu zaman qeyri-iradi gözlərim yaşarır, xəyalımda çörək sarıdan qıtlıq çəkdiyimiz dövr canlanır. Yaxşı yadımdadır, biz uşaq olarkən böyüklərimiz deyərdilər ki, çörək yerə düşsə onu götürüb üç dəfə öpərək təmiz yerə qoyun. Ancaq təəssüf ki, bu gün çörəyimiz bol olsa da, bəzən qədir-qiymətini lazımınca bilmirik. Evdə övladlarıma, sexdə də işçilərə hər zaman çörəyi israfçılığa yol vermədən istifadə etməyi məsləhət görürəm. Səxavət Qarayevin bu sözündən sonra öz-özümə deyirəm ki, atalarımız “Çörəyi ver çörəkçiyə, birini də üstəlik” – deyimini hədər yerə söyləməyiblər. Elə bu xoş düşüncələrlə də söhbətimi yekunlaşdırıb, çörək sexindən ayrılıram.
Deyirlər, ailə kiçik bir dövlətdir. Əgər bu kiçik dövlətin hər bir üzvü əl-ələ verib çalışsa, qazandığı uğurlarla həm özünün maddi vəziyyətini yüksəldər, həm də böyük, qüdrətli dövlətimizin daha da inkişafına əvəzsiz töhfələr bəxş edə bilər. Nəzərə alsaq ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilib, onda əminliklə demək olar ki, bu il ailə əməyinə əsaslanan təsərrüfatlar daha böyük nailiyyətlərə imza atacaqlar.
Nail ƏSGƏROV