Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların vaxtında yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olub. İqtisadi sahədə qazanılan nailiyyətlər sosial müdafiə tədbirlərinin də əhatə dairəsinin genişlənməsinə və keyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərib. Əhalinin həssas qrupuna daxil olan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi ilə bağlı qəbul edilən qərarların muxtar respublikamızda da müvəffəqiyyətlə icrası daim diqqət mərkəzində saxlanılır. Onlara göstərilən xidmətlərin operativliyinin təmin olunması, bu xidmətlərin təqdimedilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.
Yaradılmış əlverişli şəraitdən bəhrələnən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında da pensiyaların maliyyələşdirilməsi sahəsində işləri vaxtından əvvəl başa çatdırıb. Görülmüş tədbirlər nəticəsində bütün növ əmək pensiyaçılarına pensiyaların ödənilməsi tam təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri tərəfindən ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtlı-vaxtında maliyyələşdirilir.
Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcək.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti