03 Yanvar 2025, Cümə

İnsanın ilk istifadə etdiyi mineral maddələrdən biri olan duzun bildiyimiz və bilmədiyimiz bir çox təəccübləndirici cəhətləri vardır. Duz, sadəcə, bir dadlandırıcı, ədviyyat, insan orqanizmi üçün faydalı bir maddə deyil, eyni zamanda yaşamboyu, hətta uğrunda müharibələrin aparıldığı mühüm əhəmiyyətli sərvət olub. Bu ­baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, Naxçıvanın rəmzlərindən biri təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır.  

Bəzən pəhriz zamanı duzdan az istifadə etməli olduğumuzu düşünürük, lakin buna baxmayaraq, duzu qida rasionumuzdan tamamilə çıxarmaq, nəticə etibarilə, hüceyrələrin fəaliyyəti üçün mütləq ehtiyaclardan birindən imtina etməklə orqanizmin məhvinə səbəb ola bilər. Həddən artıq çox su içən insanların bədənindəki duz durulaşaraq birbaşa insanın ölümünə səbəb ola bilir. Qısacası, yaşamaq üçün orqanizmin duza ehtiyacı vardır. Lakin duzun həddən artıq qəbulu da ölümlə nəticələnə bilər. Uzun müddət çox miqdarda duzun qəbulu qan təzyiqinin qalxmasına və ürək problemlərinə gətirib çıxarır.
Ümumiyyətlə, duz “hüceyrələri danışdırır”. Belə ki, qan, dəri, ilik hüceyrələrinin, bədəndəki bütün hüceyrələrin hər birində müəyyən miqdarda duz vardır. Bu hüceyrələrdəki duz hüceyrə daxilində və hüceyrələrarası elektrik impulslarının ötürülməsinə kömək edir, müxtəlif bədən üzvlərinin və hüceyrələrin bir-biri ilə əlaqə qurmasına imkan yaradır.

Mənbələrdən birində duzu mətbəxə ilk gətirənlərin türklər olduğu göstərilir. Qeyd olunur ki, Adəm­oğullarından biri – Türk xanının oğlu Tütək xan çöl düzündə kabab yeyərkən əlindəki tikə yerə düşüb, tikəni götürüb yedikdə ətin dadının dəyişdiyini hiss edib. Məlum olub ki, bu, duzdur və o zamandan bəri duz mətbəxdə istifadə olunmağa başlanıb. Bu fakt nə dərəcədə inandırıcıdır, deyə bilmərik. Lakin Bayram Rzayevin duzla bağlı araşdırmasında duzun çıxarılması və istifadəsi haqqında yazılı məlumata Herodotun “Tarix”ində (e.ə.484-425) rast gəlindiyi məlum olur. Zakir Rzayev isə duzla bağlı yazarkən Qafqazda xörək duzunun ilk dəfə azı 5 min il bundan əvvəl çıxarılmağa başlandığını qeyd edib. Eyni zamanda nəzərə almaq lazımdır ki, qədim Roma əsgərlərinə xidmətləri qarşılığında o vaxt üçün çox əhəmiyyətli bir şey olan duz və ya duz almaq üçün pul verilirdi. İngilis dilindəki “maaş, məvacib” mənasında işlədilən “salary” sözü də latın dilindəki “duz” mənasında işlənən “salarium” sözündən götürülüb. Karfagenlər duzu qızıl qədər dəyərli hesab edərək onu “ağ qızıl” adlandırırdılar. İngilis dilində “qızıl kimi qiymətli” ifadəsini əvəz edəcək “duz kimi qiymətli” ifadəsi də işlənməkdədir. Bu isə qədim Romadan gələn bir şeydir.
Maraqlı faktdır ki, dünyada, təxminən, 100 ildir, yodlaşdırılmış duzdan istifadə olunur. Buna 1920-ci illərdə Duzlu Göl sahilləri də daxil olmaqla Birləşmiş Ştatların, Sakit okeanın şimal-qərb hissəsində insanların yod çatışmazlığından əziyyət çəkməsi ilə başlanılıb. Bu çatışmazlıq şişlərə, boğazda şişə çevrilən qalxanabənzər vəzin genişlənməsinə gətirib çıxarırdı. Odur ki, hökumət yodlaşdırılmış duz tətbiqini həyata keçirməyə başladı ki, bu gün də ondan istifadə olunmaqdadır.
Vurğulamaq lazımdır ki, insanın yeyə bildiyi yeganə duz qaya duzudur. Bu isə Naxçıvan şəhərindən 10 kilometr şimal-qərbdə yerləşən Duzdağ mədənlərində istehsal ­olunur.
Çoxları elə düşünür ki, duz yalnız yemək üçün sərf edilir, ancaq bu, heç də belə deyildir. Duzun böyük əksəriyyət hissəsi, demək olar ki, 70 faizi kimyəvi maddə sənayesinə sərf olunur. Yalnız 6 faiz, yəni qar və buzdan yolların təmizlənməsinə sərfindən (bu 8 faiz təşkil edir) də az duz yemək üçün istifadə olunur.
Daha bir maraqlı fakta nəzər yetirək: bütöv mumiyalama prosesi müəmmalı görünsə də, bu, insan bədənini təbii sodium karbonatla bürüməkdir. Bu maddə bu gün təbii halda Misirdə də tapılan duzdur. Tez qurusun deyə, duz bədənin içərisinə yerləşdirilirdi. Hətta orqanlar da bu yolla saxlanılır və dolçalara yığılırdı.
Duz üstündə dünyada bir çox müharibələr də olmuşdur. Vətəndaş müharibəsi döyüşlərində ABŞ-da duz üstündə vuruşublar. Amerikanın qərbində El Paso Duz müharibəsi baş verib. Əsas dünyəvi duz müharibələri isə İordaniya çayı boyunca olub. Napoleon qoşunu duz çatışmazlığından geri çəkilməyə məcbur qalıb. Roma duz ticarəti bir sıra konfliktlərin mənbəyi olub. Qısacası, duzun uzun və maraqlı tarixi vardır.
Bildiyimiz kimi, duz yeməyin dadını və keyfiyyətini qoruyan ən gözəl vasitədir, bəzi mədəniyyətlərə görə isə bu, həmçinin ətrafdakı şər qüvvələrdən qoruyur. Əslində isə şər qüvvələrin duz vasitəsilə dəf edilməsi bir sıra müxtəlif dinlərdə mövcuddur. Duz ta qədimdən bütün dünyada yüksək dəyərə malik olub. Bu səbəbdən də insanlar onun boş yerə getməsini uğursuzluq kimi dəyərləndirirdilər.
Duzla bağlı inamlar milli düşüncəmizdə çoxdur. Duzun yandırılaraq bəd nəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də duzun tökülməsinin pis əlamət olması ilə bağlı inamlar bu gün də xalq tərəfindən qorunub saxlanılmaqdadır. Qədim dövrlərdə yaşayan insanlar öz fikirlərini uzaq məsafədə yaşayan insanlara (qəbiləyə, tayfaya və sair) çatdırmaq üçün bir neçə vasitədən, o cümlədən əşyalardan bacarıqla istifadə etmişlər: ox göndərməklə müharibə, qəlyan göndərməklə sülh, duz göndərməklə dostluq, qızılgül göndərməklə sevgi və sair anlayışlar o dövrün ibtidai yazı formalarının bariz nümunələrindəndir.
Azərbaycanın ən qədim bölgələrindən biri olan Naxçıvanda tarixi çox qədimlərə söykənən duzçıxarma insanlar arasında geniş yayılıb. Hələ Nuh Peyğəmbər dövründə mövcud olan duzçıxarma sonralar insanların əsas məşğuliyyət sahələrindən birinə çevrilib. Tarixi mənbələrdə Duzdağ və duzçıxarma ilə bağlı o qədər geniş məlumat olmasa da, son illərdə bununla bağlı bir çox maraqlı faktlar üzə çıxarılıb. XIX əsr mənbələrinə aid rəvayətlərdən birində deyilir ki, Nuh Peyğəmbər Dünya tufanından sonra Naxçıvanda məskunlaşan əhaliyə bir sıra sənətkarlıq sahələrini, o cümlədən Duzdağda duzçıxarmanı öyrədib. Tanınmış tarixçilər və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh Peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd ediblər.
Kimya elmləri doktoru Bayram Rzayev araşdırmalarında yazır ki, Naxçıvan duzu ilə bağlı ilk dəfə əsaslı tədqiqat 1830-cu ildə Q.Voskoboynikovun “Qornıy jurnal”da Naxçıvan daşduz yatağının təsvirini verməsi ilə başlayıb. Vəli Baxşəliyevin tədqiqatlarından məlum olur ki, Naxçıvanda qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunub. Akademik İsmayıl Hacıyev Duzdağdakı duz mədənlərindən tapılan çoxsaylı əmək alətləri və keramikaların buranın ən qədim duz çıxarılan yer olduğunu və ilkin şəhər mədəniyyətinin buradan başlandığını göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamında deyilir: “Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb etmiş, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmış, on altıncı əsrin görkəm­li ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir”.
Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan biri olması, şəhər əhalisinə duz çıxarmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub. Bu isə 5 minillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib.
Duzdağ mədənlərinin arxeoloji cəhətdən tədqiqinə keçən əsrin 70-ci illərində yenidən başlanılıb. 1967-ci ildə uçqun zamanı və 1976-cı ildə Duzdağda qazma işləri aparılarkən qədim şaxta aşkar edilib. 2006-2011-ci illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə fransız arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri nəticəsində buradan daş alətlərlə yanaşı, Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb. Həmin tapıntılar Erkən Tunc dövründə duz çıxarılması ­işinin daha geniş şəkil aldığını ­göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 aprel tarixli “Naxçıvan: İlkin şəhər və Duzdağ” mövzusunda Beynəl­xalq Simpoziumun ke­çirilməsi haqqında və 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” sərəncamları Naxçıvan tarixini və mədəniyyətini özündə əks etdirən Duzdağın öyrənilməsinə və dünyada təbliğinə olan diqqətin bariz ­nümunəsidir.
Araşdırmalar təsdiq edir ki, duzçıxarma doğma diyarımızın qədim tarixi ilə bağlıdır. Lakin yüksək məziyyətlərə malik olan duz yalnız qida, kimya sənayesi, əkinçilik, maldarlıq, məişət və digər sahələrdə istifadə olunan əvəzsiz mineral kimi istismar edilmir. Eyni zamanda Duzdağ dünyanın turizm və müalicə əhəmiyyətli məkanıdır. Hələ Sovetlər dönəmində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvandakı duz mədəninin şaxtasından müalicə məqsədilə istifadə etmək haqqında təşəbbüs irəli sürərək bu məqsədə nail olub. Qısa bir zaman kəsiyində bu, öz müalicəvi əhəmiyyətini sübut edib. Hər il dünyanın bir çox ölkələrindən, o cümlədən respublikamızın digər bölgələrindən bronxial-astma və ağciyər xəstəliklərinin müalicəsi məqsədilə yeraltı və yerüstü şöbələrdən ibarət olan Duzdağ Fizioterapiya Mərkəzinə 4000-ə yaxın müraciət olunur. Bu isə, öz növbəsində, turizmin potensialının inkişafına və bölgə iqtisadiyyatının yüksəlməsinə öz töhfəsini verməkdədir.
Bu müalicə məkanına dövlət tərəfindən daim diqqət və qayğı göstərilib. Mərkəz 1979-cu ildə 50 çarpayılıq Naxçıvan Fizioterapiya Xəstəxanası kimi fəaliyyətə başlayıb. 80-ci illərdə şəfa ocağında çarpayıların sayı 100-ə çatdırılıb. Ötən 40 il ərzində müalicəyə gələnlərin sayı artdıqca mərkəzin ərazisi də genişləndirilib. Yeraltı və yerüstü şöbələrin müasir səhiyyə müəssisəsinə çevrilməsi isə son 20 ilin payına düşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə 2004-cü ildə Duzdağ şaxtası müasir tələblərə uyğun olaraq yenidən qurulub, bir neçə il sonra yeni avadanlıqlarla təchiz edilərək çarpayıların sayı 250-yə çatdırılıb, Duzdağ Fizioterapiya Mərkəzi adlandırılıb. Hazırda mərkəzin iki bölməsində 474 yer mövcuddur ki, bunun da 127 çarpayılıq bölməsi “Duzdağ” otelinin balansındadır. Mərkəzin 4 qadın palatasında uşaqlar da müalicə ala bilirlər. Müraciət edənlərin sayı artdığından kişi palatasında təmir işləri aparılaraq genişləndirilir. Yaxın gələcəkdə çarpayıların sayı 65 ədəd artırılacaq. Bir sözlə, bu gün Duzdağ Fizioterapiya Mərkəzi müasir standartlara cavab verən, ən son texnoloji avadanlıqlarla təchiz olunmuş yüksək səviyyəli müalicə mərkəzlərindən biri kimi tanınır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 may tarixli “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı mərkəzin tibbi və səhiyyə turizminin inkişafındakı əhəmiyyətini, həmçinin rolunu təhlil edən mühüm tarixi sənəddir.
Göstərilən hərtərəfli dövlət qayğısı və təşəbbüsü, yaradılan şərait Duzdağ və duzun əhəmiyyəti ilə bağlı aparılan elmi-tədqiqat işlərinin, duzdan məişətdə, sənayedə, tibdə və başqa sahələrdə istifadə imkanlarının daha geniş şəkildə araşdırılmasını reallaşdıracaq. Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi əhəmiyyətinin dünyəvi təbliği, əldə edilən nəticələrin müxtəlif çap məhsullarında əks olunması muxtar respublikanın qədim tarixinin, milli dəyərlərinin, səhiyyə turizminin inkişafına əvəzsiz töhfə olacaq.

Leyla SƏFƏROVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR