03 Yanvar 2025, Cümə

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında əhalinin bir sıra zəruri xidmət növlərinə çıxışının təmin edilməsində səyyar xidmətlərin əhəmiyyəti getdikcə artmaqdadır. Cari ilin mart ayından başlayaraq muxtar respublikada sığorta fəaliyyəti üzrə təşkil olunmuş səyyar xidmət də bu sahənin daha səmərəli təşkilinə yeni imkanlar yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata əsasən hazırda səyyar sığorta xidməti öz əhatə dairəsini genişləndirməkdədir. Belə ki, agentliyə təqdim olunmuş 2 ədəd səyyar xidmət avtomobili muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində vətəndaşların müraciətlərinə uyğun olaraq sığorta ərizələrinin qəbulu və müqavilələrin bağlanmasını mütəmadi şəkildə həyata keçirir. Səyyar xidmət avtomobillərində internetə qoşulmuş kompüter avadanlıqları vasitəsilə göstərilən xidmətlər muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rayon mərkəzlərinə getmədən işlərinin həll olunmasına və vaxta qənaət edilməsinə imkan yaradır. Agentlikdən bildirdilər ki, səyyar sığorta xidmətinin yaradılmasından keçən müddət ərzində xidmət əməkdaşları Şərur, Babək, Ordubad, Şahbuz, Kəngərli, Sədərək rayonları və habelə Naxçıvan şəhərinin bütün ərazisi üzrə 73 inzibati ərazi dairəsində vətəndaşların müraciətinə baxıb, sığorta müqavilələri bağlanılıb. Bağlanan sığorta müqavilələri, əsasən, muxtar respublikada həyata keçirilən bütün növ icbari və könüllü sığortaları əhatə edir.

Məlumat üçün qeyd edək ki, hazırda muxtar respublikanın rayon Dövlət Sığorta agentlikləri 4 icbari və 7 könüllü sığorta üzrə fəaliyyətlərini həyata keçirir. Səyyar sığorta xidmətinə edilən müraciətlərin isə ən çox vətəndaşlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, habelə kənd təsərrüfatı bitkiləri və heyvanların sığortası, fərdi qəza, ev əmlakı sığortası olduğu diqqəti çəkir. Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumatda bildirilir ki, səyyar sığorta xidmətləri muxtar respublikada ümumi sığorta maarifləndirməsinin aparılmasında və sığortanın inkişafında da mühüm rol oynayır.

 Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR