03 Yanvar 2025, Cümə

Müqəddəs Qurban bayramı Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olmaqla əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib və etməkdədir.
Lüğəti mənada “qurban” sözü “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Qurban İslam aləmində ən əziz bayramlardan biri, eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. İslam dinində bu ayin xüsusi mahiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Dostluğun, qardaşlığın, fədakar­lığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınıb. “Qurani­-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”. “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s) buyurub: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.
Azərbaycan tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. Digər müsəlman ölkələri kimi, respublikamızda da İslam dinindən irəli gələn vəzifələr böyük ehtiramla yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən sayılan qurban kəsilməsinə əməl etməsi xalqımızın öz dinimizə bağlılığının nümunəsidir.
Azərbaycanda Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək ­deyirdi: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz fəaliyyətində milli-mənəvi, islami dəyərlərin qorunması və təbliğinə ciddi diqqət yetirməklə insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirir. Dövlət başçısı xalqımızı Qurban bayramı münasibətilə təbrikində deyib: “Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Azərbaycanda rəsmi olaraq iki gün qeyd edilən bu dostluq, qardaşlıq bayramının özünəməxsus qurban kəsmək şərtləri vardır. Bu şərtlərə görə qurban kəsən şəxs müsəlman olmalıdır. Qurban ibadəti qurbanlıq heyvanın bayram günlərində qayda-qanunlara uyğun şəkildə qurban sahibinin özü tərəfindən kəsilməsi və ya başqasına kəsdirməsi ilə yerinə yetirilmiş olur. Qurban üzrlü səbəbdən bayram günü kəsilməzsə, bayramın ikinci, üçüncü günü də kəsilə bilər. Ancaq unutmayaq ki, bu ayini günün birinci yarısı, yəni gün dönməzdən əvvəl yerinə yetirmək lazımdır.
Qurban kəsmək maddi imkanı olan bütün müsəlmanlara vacibdir. Həmin müsəlman kəsdiyi qurbanın ətini imkansızlara paylamalıdır. Burada əsas məqsəd dindarlığa nail olmaqdır. Müqəddəs “Qurani-­Kərim”də yazılıb: “Kəsdiyiniz qurbanlardan Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.
Səfərdə olanların, həmçinin imkansız ailələrin qurban kəsməsi vacib deyil. Bu yalnız ona imkanı olan adamların boynunda haqdır. Qurban əti satılmaz və ya satın alınmaz. Qurban yalnız paylanmaq üçün kəsilər ki, bu paylamanın da şərtləri vardır. Belə ki, kəsilmiş qurban üç yerə bölünür. Həmin üç hissənin biri ehtiyacı olan qonşulara, bir hissəsi qohum-əqrəbaya paylanılır, digər bir hissəsi isə evdə saxlanılır. Quşlardan və ov heyvanlarından qurban kəsmək doğru deyil. Qurban kəsmək ibadəti həm də insanlara sərvətini ehtiyacı olanlarla paylaşmaq əxlaqını aşılayır.
Bu bayramın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Qurban bayramında istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin.
Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri, imkansızları sevindirdiklərinə görə, imkansızlar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmət və qayğıya görə.

Bu bayram müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də Qurban bayramında özünü göstərir. Bu bayram insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir.

Muxtar MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR