Yaşıl donun geyib ulu şəhərim,
Hüsnünü bəzəyib güllər, çiçəklər.
Ruha qida verir nurlu səhərim,
Yaşamaq eşqiylə coşur ürəklər.
Qocaman çinarlar durub yan-yana,
Köksündən zəhmətin xoş ətri saçır.
Dönübdür şəhərim cənnətməkana,
Baxdıqca göz gülür, könül dil açır.
Yəqin ki, bu kiçik şeir parçasından söhbətimin şəhərimizin hüsnünə yaraşıq verən, şux təravəti ilə gözümüzü, könlümüzü oxşayan, tamaşa edərkən gözəlliyinə məftun olduğumuz yaşıllıqlar barədə olacağını müəyyən etdiniz. Bəli, ilin isti aylarında günəşin yandırıcı təsirindən qorunmaq, dost-tanışlarla söhbət edərək gözəl, mənalı istirahət keçirmək üçün tez-tez şəhərimizin yaşıllıq ərazilərinə üz tuturuq. İndi günün müxtəlif saatlarında xüsusi landşaft dizaynına malik, əsrlərin sərt sınaqlarına sinə gərən, köksündə illərin həsrətini, sevincini, kədərini gizlədən qocaman çinar ağaclarının çətir tutduğu park və xiyabanlarımıza yolunuz düşsə, orada hər yaş dövründən olan insanlarla qarşılaşa bilərsiniz. Yaşlı insanlar rahat oturacaqlarda əyləşib olanlardan-keçənlərdən, həyatlarının ayrı-ayrı dönəmlərində baş verən hadisələrdən söhbət açarkən gənclər füsunkar təbiət ərməğanlarının qoynunda doyunca gəzir, mənalı günlərindən xatirə olsun deyə, şəkillər çəkdirir, şən-şaqraq gülüşlü, məsum uşaqlar isə şıltaqlıq edir, ağacların əhatəsində qaçdı-tutdu oynayırlar. Bu mənzərələri gördükcə insan övladının təbiətə, yaşıllıqlara sıx bağlılığının bir daha şahidi olursan. Təbii ki, yaşıllıqlara sevgi heç də təsadüfdən yaranmır. Çünki psixoloqlar da məhz yaşıl rəngin insana sakitləşdirici təsir göstərdiyini, gözlərə müsbət enerji bəxş etdiyini söyləyirlər. Bu mənada, yaşıllıqları həm də sağlam həyatımızın rəhni adlandıra bilərik...
Tarixi vərəqlədikcə aydın olur ki, doğma şəhərimizin yaşıllıqlara bürünməsi birdən-birə baş tutmayıb, könülaçan gözəlliklər illər uzunu içində inam, ümid qığılcımlarını daşıyan insanların fədakar zəhmətinin bəhrələridir. Görülən işlər içərisində ekoloji tədbirlərə xüsusi diqqətin artırılması, mütəmadi olaraq keçirilən iməciliklərdə sakinlərin fəallıq göstərməsi böyük əhəmiyyət daşıyır. Son illər gənclərin də ekoloji tədbirlərdə fəallığı, onların iştirakı ilə “Gənclər bağı”nın salınması da təbiətə həssas münasibətin sağlam gələcəyimizə hesablandığını göstərir. Şəhərimizin yaşıllıqlar, təmizlik və abadlıq diyarına çevrilməsində müasir suvarma metodlarından istifadə, eləcə də parklarda landşaft dizaynına xüsusi diqqətin yetirilməsi də önəmli rol oynayır. Naxçıvan təbiətinə uyğun bitki və ağac növlərinin gətirilərək yaşıllaşdırmada geniş istifadə edilməsi şəhərimizin ilin bütün fəsillərində ecazkar görünüşə malik, füsunkar, gözoxşayan qalmasına imkan verir. Bütün bu gözəlliklər şəhərimizin qonaqlarının da estetik zövqünü oxşayaraq onların yaddaşında unudulmaz anlarla dolu xoş təəssüratlar yaradır. Onu da xüsusilə qeyd etmək yerinə düşər ki, əgər illər öncə sakinlər, eləcə də qədim diyarın qonaqları sərinlik tapmaq, mənalı istirahət keçirmək üçün ən ucqar kəndlərə üz tutmalı olurdularsa, indi buna o qədər də ehtiyac qalmır. Çünki şəhərin özündə, eləcə də bir neçə kilometr aralıda yaşıllıqlar qoynunda gözəl istirahət məkanları salınıb. Bu da insanların asudə vaxtlarını mənalı, səmərəli keçirmələrinə imkan verir.
Yaşıllıqlar salmaq, təbii gözəlliklər yaratmaq işin bir tərəfidirsə, bunu qoruyub saxlayaraq gələcək nəsillərə ərməğan etmək isə hər birimizin mənəvi borcudur. Ağacların, yaşıllıqların xüsusi qulluq, nəvaziş tələb etdiyini nəzərə alanda yaşıllaşdırma tədbirlərinin çətinliyi, məsuliyyəti daha da ön plana çıxır. Bu mənada, şəhərimizdəki yaşıllıq ərazilərinin miqyasının ilbəil genişləndirilməsi, eləcə də onların vaxtlı-vaxtında suvarılması, aqrotexniki qulluq göstərilməsi işlərində “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin fəaliyyəti də danılmazdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, əvvəllər muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın bir hissəsi idxal hesabına həyata keçirilirdi ki, bu da həm maddi xərclərə, həm də vaxt itkisinə yol açırdı. Lakin “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsinə imkan verir. Burada ərazilərə uyğun meyvə, həmişəyaşıl tinglər, bəzək kolları və güllər yetişdirilir. Müasir avadanlıqlarla təmin olunmuş “İqlim otağı”nda tinglər və gül kolları açıq havaya nisbətən daha tez böyüdüyündən bu, qısa müddətdə tələbatın tamamilə ödənilməsinə şərait yaradacaq.
Şəhərimizdə yaşıllıq əraziləri ilbəil artırılır, meşə-bərpa işləri sürətləndirilir. Yeni yaşıllıq zonalarına aqrotexniki qulluq da diqqətdə saxlanılır. İlin bütün fəsillərində yaşıl libaslı zəhmətkeş bağbanları şəhərimizin gəzməli-görməli yerlərində mövsümə uyğun işlər apararkən görmək olar. Yenicə boy göstərən fidanların əkilməsindən nəsillər yadigarı sayılan qocaman ağacların qurumuş hissələrinin budanmasınadək bütün aqrotexniki tədbirləri vaxtında və digər sahələrə zərər vermədən həyata keçirən bu zəhmətkeşlərin yaxın köməkçisi isə müasir texnikalardır.
Görülən tədbirlər yaşıllıqlar qoynunda istirahət edən sakinlər tərəfindən də böyük rəğbətlə qarşılanır. Ötən günlərdə Əcəmi seyrəngahında həmsöhbət olduğum, yaşı 80-i adlamış, təqaüdçü Sevil nənə bu barədə ürəkdolusu danışdı:
– Hər dəfə bu qocaman çinar ağaclarının altında əyləşib bu təmiz havanı, sərinliyi hiss edəndən sonra doğma şəhərimin keçdiyi keşməkeşli yollar gözlərim önündə canlanır. Qışda soyuqdan qorunmaq üçün şəhərimizdə kimsəsiz, qərib kimi görünən beş-on ağacı kəsib istisinə qızındığımız, yayda isə “kaş ki, indi həmin ağaclar qalardı, kölgəsində sərinlik tapardıq”, – dediyimiz vaxtları indi ürəkağrısı ilə xatırlayıram. Ancaq, şükürlər olsun ki, o ağrılı illərin yalnız xatirələri qalıb, şəhərimiz tanınmaz dərəcədə dəyişib, gözəlləşib, yaşıllıqlar məskəninə çevrilib. İndi bu gözəl təbiətin qoynunda istirahət edən zaman nəvə-nəticələrimə də olanlardan-keçənlərdən söhbət açır, bugünkü gözəlliklərin, yaşıllıqların qədir-qiymətini bilmələrini tövsiyə edirəm. Ağaclara xüsusi nəvazişlə yanaşan yaşıl libaslı bağbanların min bir zəhmət hesabına, alın təri tökərək təbiət ərməğanlarını qoruması, onları yaşatması məni ürəkdən sevindirir. Onların ağaclara qulluğunun şahidi olanda fərəhlənir, diblərinə atılan tullantıları təmizləmələrini görəndə isə təəssüflənirəm. Öz-özümə düşünürəm ki, axı necə ola bilər yaşıllıqlar öz gözəlliyi və təravəti ilə insana zövq, yaşamaq üçün ən önəmli sayılan oksigen versin, insan isə bunun qarşılığında həmin təbiət ərməğanına laqeyd münasibət göstərib ona zərər vursun? Həmişə çalışıram ki, belə hallara qarşı iradımı bildirim, park və xiyabanlarda bizim yaxşı istirahət etməyimiz üçün çalışan insanların necə böyük zəhmət çəkdiklərini gənclərə izah edim. Çünki onlara düzgün yol aşılamaq məsuliyyəti biz böyüklərin üzərinə düşür. Fikrimcə, hər kəs bu məsələdə həssas olmalıdır. Öz yaşadığımız evi, həyəti təmiz, səliqəli saxladığımız üçün bizə əhsən söylənirsə, böyük evimiz sayılan doğma şəhərimizə də eyni münasibət bəsləməliyik ki, xarici ölkələrdən gələn qonaqlarımızdan da daim xoş ifadələr eşidək.
Bu gün istidən sərinlik tapmaq üçün köməyimizə çatan yaşıllıqların bir vaxtlar xəyallarını quran, bu gün isə arzusunda olduqları gözəllikləri görüb şükür edən ahıl insanların yaşadıqları çətinlikləri, bu barədə dediklərini biranlıq xəyalımızda canlandırsaq, bu işə daha həssas yanaşarıq. Gəlin sağlam həyatımızın rəhni sayılan yaşıllıqları qoruyaq ki, gələcək nəsillər ünvanımıza qınaq deyil, alqışlar səsləndirsinlər.
Nail ƏSGƏROV