03 Yanvar 2025, Cümə

Kənd təsərrüfatının bütün sahələrinin hərtərəfli və davamlı inkişafı su ehtiyatlarımızdan səmərəli istifadə edilməsindən, onun mühafizəsindən çox asılıdır. Əkilən sahələrdən yüksək məhsul götürmək üçün suvarma suyuna olan tələbatın ödənilməsi ən vacib və təxirəsalınmaz məsələlərdən biridir. Su itkilərinin qarşısını almaqla suvarma suyundan qənaətlə istifadə edilməsi hesabına kanalların faydalı iş əmsalının artırılması, suvarılan sahələrin genişləndirilməsi mümkündür.

Suvarılan torpaqlardan səmərəli istifadə yolu ilə bol məhsul əldə etmək və torpaq münbitliyini qorumaq üçün tədbirlər görülməlidir. Suvarma sistemlərində su itkisinə qarşı görülən hər cür tədbir böyük əhəmiyyətə malikdir. İrriqasiya və meliorasiya qaydalarına, suvarma normalarına düzgün riayət olunmalı, torpaqların suvarma nəticəsində yuyulmasına yol verilməməlidir.
Bunun üçün də su qıtlığına yol verməmək və əkin sahələrinin vaxtında suvarılmasını həyata keçirmək, eləcə də su itkisinin qarşısını almaq üçün suvarma işinin düzgün təşkili və su bölgüsünə daim nəzarət edilməli, kanal və arxlar təmizlənməli, hidrotexniki qurğuların vaxtında və keyfiyyətlə təmir-bərpası aparılmalı, mütərəqqi suvarma üsullarından istifadə olunmalıdır.

Suvarma zamanı torpağa artıq normada su verilməsi məhsuldarlığı artırmır, əksinə, suyun faydasız istifadəsinə səbəb olmaqla yanaşı, qrunt sularının səviyyəsini artıraraq ərazinin bataqlaşmasına, şoranlaşmasına da şərait yaradır. Suvarma suyundan plansız və səmərəsiz istifadə olunması əkilən sahələrə ciddi ziyan vurur, onun münbitliyini ildən-ilə tədricən azaldır. Sudan səmərəli və qənaətlə istifadə etməklə su itkisinin az olmasına çalışmaq lazımdır. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün rentabelli suvarma şəbəkələrinin qurulması, mütərəqqi suvarma metodlarının tətbiqi mütləqdir.
Muxtar respublikanın 60 min hektardan artıq torpaq sahəsi suvarılan ərazilərdir. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, bu sahələrin su təminatının yaxşılaşdırılması və hər il növbəti suvarma mövsümünün mütəşəkkil şəkildə başa vurulması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin balansında olan, muxtar respublika ərazisində yerləşən Araz Su Anbarı istisna olmaqla, 303,5 milyon kubmetr su tutumuna malik 31 sututar, 102 nasos stansiyası, 800 subartezian quyusu və digər hidrotexniki qurğular suvarma mövsümü başlandığı bir gündən etibarən tam istismara hazır vəziyyətə gətirilir. Belə ki, illik yağıntıların miqdarına uyğun olaraq su anbarlarına kifayət qədər su yığılır, hidrotexniki qurğularda əsaslı və cari təmir işləri aparılır.
Həmçinin muxtar respublikada sudan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə aparılır və su məsrəfi, suya qənaətlə bağlı maarifləndirici tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsində qeyd edilir ki, su obyektləri və sudan istifadə qaydaları aşağıdakı hallarda pozulmuş hesab edilir:
Su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə, su obyektlərinin özbaşına tutulmasına, su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına, sudan özbaşına istifadə edilməsinə, sudan istifadəetmə limitlərinə əməl edilmə­məsinə, su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına səbəb olan qanun pozuntuları qeydə alındıqda.
Bu qaydaların tələblərinə əməl etmək məqsədilə komitə əməkdaşları tərəfindən suvarma mövsümü ərzində mütəmadi olaraq kütləvi informasiya vasitələrində məlumatlar verilir, su istifadəçiləri arasında maarifləndirici söhbətlər aparılır, su itkisinin qarşısını almaq üçün sudan istifadə qaydaları izah olunur.
Melioratorlar bildirir ki, sudan qənaətlə istifadə etməklə, su israfçılığına yol verməməklə, ümumilikdə, muxtar respublikada ekoloji tarazlığı, təbii su ehtiyatlarını qorumuş, bununla da iqtisadiyyatın inkişafına, əhalinin sosial rifah halının daha da yaxşılaşmasına töhfə vermiş olarıq. Bu, doğma diyarımızın hər bir sakininin vətəndaşlıq borcu olmalıdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR