Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Diyadin kəndində yaşayan aztəminatlı və sağlamlıq imkanı məhdud övladı olan Hüseynovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı bildirilib ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Sosial rifahını yüksəltmək üçün onların məşğulluq problemi həll olunur, aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Ailə başçısı Tamella Hüseynova dövlətimiz tərəfindən onlara göstərilən bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti