03 Yanvar 2025, Cümə

Ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlər əhalinin maddi rifah halının daha da yaxşılaşmasını təmin etməklə bərabər, sosial müdafiə tədbirlərinin əhatə dairəsinin genişlənməsi üçün də əlverişli şərait yaradır.
Əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, fiziki qüsurlu şəxslərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təmini, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar həyata keçirilən sosial siyasətin əhəmiyyətini daha da artırır. Vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Beləliklə, cari ilin əvvəli ilə müqayisədə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda bu məbləğin yaşayış minimumunu 40 faiz üstələməsinə nail olunub.

Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir. Xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır. Bütün bunlar, öz növbəsində, vətəndaşların pensiya hüquqlarının yaranmasına imkan verən məcburi dövlət sosial sığorta haqlarının həcminə də müəyyən təsir göstərir. Hazırda qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bəzi sahələrdə fəaliyyət göstərən şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının tutulması minimum əməkhaqqının səviyyəsi ilə tənzimlənir. Belə ki, ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin Naxçıvan şəhərində 80 faizi, yəni 100 manat, rayon mərkəzlərində və qəsəbələrdə 60 faizi, yəni 75 manat, kənd yerlərində isə 50 faizi, yəni 62 manat 50 qəpik miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər. Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 20 faizinin 80 faizi, yəni 40 manat, rayon mərkəzlərində və qəsəbələrdə 60 faizi, yəni 30 manat, kənd yerlərində isə 50 faizi, yəni 25 manat miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığortahaqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əməkqabiliyyətli ailə üzvlərinin hər biri üçün isə (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında, yəni 15 manat həcmində ödəniş edilməlidir.
Qeyd etmək lazımdır ki, bu gün ödənilən hər manat məcburi dövlət sosial sığortahaqqı gələcəkdə vətəndaşlara yüksək pensiya ödənişinin əsas təminatçısıdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondu

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR