Dünən Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri açaraq Kəngərlidə sığorta sahəsində görülmüş işlər haqqında məlumat verib. Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, bu il iyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında agentlik qarşısında muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması tapşırığı verilib. Həmin tapşırıqların icrası bu gün diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, hər bir hüquqi və fiziki şəxs vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, müəssisə əmlakına, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat almış olur.
Baş direktor bildirib ki, Kəngərli rayonu üzrə cari ilin ilk 8 ayında, ümumilikdə, 3297 sığorta müqaviləsi bağlanılıb. Onlardan 685-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 1438-i daşınmaz əmlakın icbari sığortası, 1174-ü isə könüllü sığortalar üzrə müqavilədir. Rayon üzrə sığorta işinin ümumi həcmi ötən ilin 8 ayı ilə müqayisədə 6,3 faiz artıb.
Bununla yanaşı qeyd edilib ki, rayonda sığorta sahəsində görülmüş işlərlə bərabər, bəzi icbari və könüllü sığorta növləri üzrə işlər günün tələbləri səviyyəsində aparılmayıb. Belə ki, rayonda hələ də daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan fiziki şəxslər vardır. Bu məqsədlə Kəngərli rayonunda sakinlər arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsi zəruridir.
Könüllü sığorta növləri vətəndaşların ümumi yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də bu sahədə aparılan maarifləndirmə və təşkilati işlər də genişləndirilməlidir.
Tədbirdə Kəngərli Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov, Polis Şöbəsinin Dövlət yol patrul qrupunun baş dövlət avtomobil müfəttişi Hüseyn Əliyev görülmüş işlər barəsində məlumat veriblər.
Əli CABBAROV