Muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gənc kimi formalaşmaları istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən tədbirdə Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi sistemli xarakter alıb. Proqramın icrasından ötən dövr ərzində həmin uşaqlar məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər.
Diqqətə çatdırılıb ki, muxtar respublikada audio və elektron kitabxana xidmətləri, Distant Tədris Mərkəzi yaradılıb, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kursları təşkil olunub. Nitq problemləri olan uşaqlar üçün isə Defektoloji bölmə fəaliyyətə başlayıb, multisensorlu, kinekt və əmək terapiyası xidmətləri yaradılıb. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığı təmin edilib.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 44, sağlamlıq imkanları məhdud 284, aztəminatlı ailələrin övladlarından isə 42 olmaqla, ümumilikdə, 370 məktəbli təhsil sovqatı ilə sevindirilib. Distant tədrisə cəlb edilən hərəkət qabiliyyəti məhdud uşaqlara isə məktəbli formaları və dərs ləvazimatları evlərində təqdim olunub.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.
Xəbərlər şöbəsi