03 Yanvar 2025, Cümə

Qədim zamanlardan insanlar qanı əsl həyat mənbəyi kimi dərk edib, bu möcüzəli mayenin gücünə, qüdrətinə inanıblar. Məşhur yunan alimləri öz dövrlərində qanvermə metodundan bir çox xəstəliyin müalicəsində istifadə ediblər. Müasir tibb elmi də sübut edir ki, qanvermə qüvvətli müalicəvi vasitə kimi orqanizmin bütün həyati fəaliyyətini stimullaşdırır. Nəticədə, insanın immun sistemi möhkəmlənir, yeni qan hüceyrələri yaranır, maddələr mübadiləsi yaxşılaşır, toxumaların qidalanması qaydasına düşür, sinir sisteminin fəaliyyəti normallaşır. Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Mərkəzi Qan Bankının şöbə müdiri, həkim-hematoloq Məmmədəli Həsənovla həmsöhbət oluruq.

O deyir ki, qədim zamanlardan bu günə qədər təbabətdə qan köçürülməsindən geniş istifadə olunur. Müasir təbabətdə bir çox sınanmış müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətdə belə, yenə də xəstələrin həyatını xilas etmək üçün qan və qan komponentlərinə ciddi ehtiyac duyulur. Müxtəlif travmalar və yaralanmalar, böyük cərrahi əməliyyatlar, doğuş vaxtı qanitirmələr, qanın irsi və qazanılmış xəstəlikləri, onkoloji problemlər təmənnasız qan donorlarının köməyini zəruri edir. Qanın eritrosit kütləsindən talassemiya xəstəliyində, müxtəlif mənşəli anemiyalarda, plazmasından isə ­hemofiliya, DVS sindromunda, yanıqlarda, qanaxmalarda, trombosit kütləsindən isə qanın trombosit azlığı ilə bağlı irsi və qazanılmış xəstəliklərinin müalicəsində istifadə edilir.
Hematoloq onu da vurğulayır ki, insan orqanizmində, ümumilikdə, beş-altı litr qan dövr edir. 18-65 yaş arası hər bir sağlam şəxs il ərzində iki-üç dəfə qan verərsə, həm öz sağlamlığının profilaktikasını gücləndirər, həm də xeyirxah, humanist əməl sahibi kimi savab qazanmış olar. Qan vermək hər bir sağlam insanın həm də mənəvi borcudur.
Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan təzyiqi, yorğunluq kimi sağlamlıqla bağlı problemlərin azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür.

Qan verən insanın bilməsi vacib olan şərtlər var. Bu barədə danışan həkim onu da deyir ki, kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir dəfə – ildə 4 dəfədən çox olmamaq şərtilə çəkisi 50 kiloqramdan çox olan hər kəs qan verə bilər. Hüceyrələrin yenilənməsi prosesi isə 2 ayadək başa çatır. Bu şərtlər daxilində qan verməyin insan orqanizmi üçün nəinki zərərli, əksinə, bir çox xeyirli tərəfləri vardır.
Hər dəfə qan verilməzdən əvvəl donorların qan analizi aparılır. Anemiya, qanazlığı olan insanlar, əlbəttə, donor ola bilməzlər. Anemiya qan testləri vasitəsilə müəyyən olunur. Qan vermək üçün əsas meyar hemo­qlobinin dəyərləndirilməsidir. Bəzi dərmanları qəbul etdiyimiz müddətdə qan vermək olmaz. Qan vermədən öncə vacib olmadığı halda dərman qəbul edilməməlidir.
Həkim onu da diqqətimizə çatdırır ki, hepatit B, C, QİÇS, allergiya-astma xəstələri heç bir zaman qan verə bilməzlər. Maliyariya xəstə­liyinə düçar olanlar müalicə olunandan 3 il, vərəmə yoluxmuş insanlar müalicə olunandan 5 il, ağır cərrahi əməliyyatlar keçirən insanlar yalnız 6 ay sonra qan verə bilərlər. Qanaxmaya meyli olanlar, bronxit, xroniki epilepsiya xəstələri qan verə bilməzlər.
Şəkərli diabet xəstələri qanda şəkərin miqdarı normal olan halda qan verə bilər. Allergiyası olanlar isə sadəcə, allergiyalı olduqları zamanda qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan ­verilə bilər.
Bu gün muxtar respublikanın Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanın 20-dən çox tibb müəssisəsi və məscidlərində aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir. Amma qan verərək xeyirxah bir iş görmək təkcə bu gün üçün keçərli deyil. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Mərkəzi Qan Bankında, o cümlədən muxtar respublikamızın bütün səhiyyə ocaqlarında günün hər saatında qan bağışlayaraq onlarla xəstənin həyata qayıtmasına köməklik göstərmək olar.
Bir vaxtlar dini fanatizm əlaməti kimi aşura günündə cahilliklə baş yarır, bilək kəsməklə qan axıdır və bunun savab olduğunu düşünürdük. Artıq uzun illərdir, müstəqil bir dövlət olaraq heç bir qadağaya rast gəlmədən İslam dininin gözəlliklərini dərk edir və o zamanlardakı kimi heç kimə faydası olmayan əməllərin yerini qanvermə aksiyasında iştirak etmək kimi savab işimizlə əvəz edirik.
Heç kəs arxayınlıqla deyə bilməz ki, nə vaxtsa ona qan gərək olmayacaq. Qana ehtiyacı olanları xilas etmək üçün böyük ürəyə sahib insanlar könüllü donor kimi qan verirlər. Başqalarının həyatı naminə öz qanlarını bağışlayanlar isə həmişə xeyirxahlıq, humanizm və insanpərvərlik nümunəsi göstərmiş olurlar.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR