Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Həmin tədbirlər çərçivəsində ötən şənbə günü Naxçıvan Muxtar Respublika Xəstəxanasının 16 nəfərdən ibarət həkim briqadası tərəfindən Şərur rayonunun kəndlərində müayinələr aparılıb. Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 16 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan bütün dərmanlar, arterial təzyiqin ölçülməsi üçün cihazlar verilib.
Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq və digər ixtisas həkimləri iştirak ediblər.
Ahıl və yataq xəstələrindən Sona Seyidova, Qurban Qasımov, Nəsimi Nəcəfov, Qüdrət Məmmədov, Məmmədrza Ələkbərov, Məsmə Süleymanova başqa yerlərə getmədən ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüs kimi dəyərləndiriblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti