Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində keçirilib. İşəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirdə hər iki nazirliyin əməkdaşları və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nümayəndələri iştirak edib.
Görüşdə adıçəkilən dövlət proqramının icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən məşğulluq siyasətinin səmərəliliyinin artırılması, işəgötürənlərin əsas maraqlarının, habelə əmək bazarının prioritet sahələri və ayrı-ayrı regionlar üzrə aspektlərinin öyrənilməsi, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə, işəgötürənlərə müvafiq kadrların hazırlanmasında köməkliyin göstərilməsi, sosial qayğıya ehtiyacı olanların əmək bazarına çıxış imkanlarının artırılması ilə bağlı müzakirələr aparılıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti