03 Yanvar 2025, Cümə

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Onların hər­tərəfli inkişafı, cəmiyyətə adaptasiya və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.
Bu kateqoriyadan olan uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiyası, təhsilə cəlbinin davamlılığının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ardıcıl tədbirlər həyata keçirir.
Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə sıx əlaqə saxlanılır, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılır, onların potensiallarına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyə edilir.

Cari ilin ötən dövrü ərzində də komitə tərəfindən bu qəbildən olan uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiəsi istiqamətində bir sıra işlər görülüb. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1945 uşağın 221-nin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat bazası yaradılıb.
Bəhs olunan dövrdə Naxçıvan şəhər Heydər Əliyev adına, Şahbuz şəhər 1 nömrəli və Babək rayon Nehrəm kənd 1 nömrəli tam orta məktəblərində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı həmin uşaqların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş keçirilib.
Proqramın icrası ilə əlaqədar həmin uşaqların uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə cəlb olunması diqqət mərkəzində saxlanılır. Belə ki, əlaqə yaradılan sağlamlıq imkanları məhdud uşaqlardan 9-u bacarıq və maraqları nəzərə alınaraq musiqi məktəblərinə, məktəbdən­kənar müəssisələrin dərnəklərinə, 1 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəbinə, 1 uşaq məktəbə­qədər müəssisəyə, biri isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil edilmiş məşğələyə cəlb olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 10 mart – Milli Teatr və 1 iyun – Uşaqları Beynəl­xalq Müdafiə Günü ilə əlaqədar Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nağı İsmayılzadənin “Ağca və Bozca”, Mirmehdi Seyidzadənin “Qızıl xoruz” tamaşalarına 230 sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları cəlb edilib.
Həmçinin cari ilin bəhs edilən dövründə komitə əməkdaşlarının Naxçıvan Dövlət Televiziyasında, Naxçıvan Dövlət və “Naxçıvanın səsi” radiolarında bu mövzularda çıxışları olub.
Bundan əlavə, Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədilə qanvermə aksiyası və müvafiq kateqoriyadan olan uşaqların tarixi-­memarlıq abidələrinə ekskursiyası da təşkil edilib.
Bu gün komitə tərəfindən muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların xəstəliklərinin müvafiq kateqoriyalar üzrə təhlilləri aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində qadınlar arasında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.
Proqramın icrası ilə bağlı 2019-cu ilin 6 ayı ərzində komitə tərəfindən bu qəbildən olan 235 uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılıb. Onlardan 20-si məktəbdən­kənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR