İyun ayının 22-də başlayan yay fəsli xalq təqvimində hissələrə bölünüb, yayın şiddətli istisinə, eləcə də yaşadıqları ərazidə əkinçilikdə olan fərqə görə dövrlərə müxtəlif adlar qoyulub. Məsələn, Azərbaycanın bəzi üzüm becərilən zonalarında iyul ayı “qora bişirən ay”, Abşeronda isə “əncir bişən ay” adı ilə adlandırılıb.
Etnoqraf Qəmərşah Cavadov qeyd edir ki, etnoqrafik materiallar yayın iki əsas mərhələdən ibarət olduğunu göstərir. Birinci mərhələ iyunun 22-dən başlayıb 45 gün davam edir. Xalq arasında bu dövr “yayın cırcırama dövrü” adlanır. Belə ki, havaların son dərəcə istiləşməsi ilə əlaqədar olaraq aran yerlərində cırcıramalar səsləşməyə, cırıldamağa başlayır. Təcrübədə müəyyən edilib ki, bu dövrdə yerə nə qədər yağış düşsə belə, ot, əkin, taxıl göyərməzdi. Havanın istiliyi ucbatından yerə düşən yağış nəticəsində yaranan rütubət az vaxtda buxara çevrilib quruyardı.
Yayın ikinci dövrü isə xalq arasında “quyruq doğdu” adı ilə məlumdur. Etnoqraf Eybalı Mehrəliyev isə “Xalq coğrafi terminlərinin izahlı lüğəti”ndə iyunun 15-dən iyulun 15-nə qədər olan dövrü “qora dəyən ay” adlandırır. Bu vaxt qora (yetişməmiş üzüm gilələri) sulanmağa başlayır. Etnoqraf yayın ən isti vaxtı – 15 iyuldan 15 avqusta kimi olan dövrü “qora bişirən ay” kimi qeyd edir.
“Azərbaycan etnoqrafiyası” kitabında isə Teymur Bünyadov və Tofiq Babayev xalq təqvimində yayın üç mərhələyə bölündüyünü qeyd edirlər: “biçin vaxtı” (yayın əvvəli), “qora bişirən” (yayın orta ayı), “elqovan” (yayın son ayı).
Bəs qədim diyarımız Naxçıvanda necədir? Naxçıvanın da aran kəndlərində iyun ayına “qora dəyən ay”, iyul ayına isə “qora bişirən ay” deyirlər. Avqust ayının 5-6-da quyruq doğduğu üçün havalar nisbətən sərinləməyə başlayır. Əsasən, iyun ayının axırı, iyulun əvvəli Naxçıvanın dağ kəndlərində iş-gücün ağır dövrü hesab edilirdi. Dağ kəndlərinin təbii biçənəklərinin hamısı yalnız dəryazla (kərənti) biçilirdi. Qısa müddətdə, adətən, iyulun 15-nə qədər ot çalımını başa çatdırmağa çalışardılar ki, ot vağanalayıb tökülməsin.
Bu dövrdə xərməndə (xırman) qızğın iş gedər, biçilib (yolunub) xərmənə daşınan dərzləri döyüb, sovurub tez yığışdırmağa çalışardılar. Aran camaatı bostan-tərəvəz məhsullarını, meyvələri dağ kəndlərinə, yaylaqlara satmağa aparar, yağa, pendirə, şora dəyişib qış azuqəsi toplayardılar. Belə alverin özündə də sosial yardımlaşma elementləri var idi. Dağ kəndinə, yaylağa gedənin qonaqçısı olardı. Yükünü qonaqçının qapısında açardı. Dağ kəndinə, yaylağa ilk dəfə yolu düşən adam isə özünə qonaqçı tapmağa çalışardı. Qonaqçı olmaq bir növü qohum olmaq kimi bir iş sayılırdı. Bəzən isə bu ailələr bir-birinə yaxın bələd olduğu üçün qız verib, qız alaraq qohum olurdular. Qonaqçını dəyişmək, qonaqçısını qoyub başqa qapıya düşmək qəbahət sayılırdı. Dağ kəndlərində olan qonaqçı isə əsas qış azuqəsi üçün arandakı qonaqçısının qapısını döyərdi.
Qışda, Səddə, Xıdır Nəbi, Novruz bayramında insanlar isti arzuladığı kimi, yayda sərinləmək, yağış arzulayırdılar. Bunun üçün də xüsusi ayinlər icra edilirdi. “Azərbaycan etnoqrafiyası” kitabında qeyd edilir: “Tarixi qaynaqlardan məlum olur ki, Azərbaycanda “Abrizəgan” adlı su bayramı olmuşdur. Bir sıra xalq bayramları kimi, bu bayramın da tarixi çox-çox qədimlərlə səsləşir. Qədim “Avesta” təqviminə görə, bayram ilin dördüncü ayı olan “tir” ayının 30-cu günü (17-18 iyul) qeyd olunurdu. Aydındır ki, yay fəslinin başlaması ilə istilər get-gedə artır, əkin sahələri daha çox su tələb edir. Məhz bu dövrdə ümidini yağışa bağlayan əkinçilər su bayramı – Abrizəgan bayramı keçirmiş, ilk növbədə, yağışın süni əlamətlərini yaratmağa səy göstərmişlər. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilirdi. Hamı əllərində müxtəlif su qabları musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsinin yanına toplaşaraq çalıb-oynayır, bir-birlərinin üzərinə su atırdı. Qabı su ilə doldurub yan-yörəyə səpməklə yağışın özünü çağırmaq kimi ayinlər, oyun və əyləncə xarakterli mərasimlər icra edilirdi”.
Mənbələrin verdiyi məlumata görə, Səfəvilər dövründə Abrizəgan bayramı xüsusi təntənə ilə qeyd olunurdu. Səfəvi tarixçisi İsgəndər Münşi “Tarixi aləm arayi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərində yazır ki, Şah Abbas bu bayramı çox dəbdəbə ilə keçirir və özü su bayramının iştirakçısı olurdu.
Etnoqraf Asəf Orucov “Xalq təqvimi” kitabında yazır ki, iyun ayının 21-də Ordubad bölgəsinin Gilançay vadisinin yuxarı hissəsində “su səpən” adlı mərasim keçirilirdi. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edərdilər. İnanc yerlərinə gedərkən yolboyu insanlar bir-birlərinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra onlar Gəmiqayaya doğru hərəkət edər, əsl şənliklər burada başlanardı. Mərhum etnoqraf Hacı Qadir Qədirzadə isə yazırdı ki, 1980-ci illərədək mövcud olan bu mərasim gecədən səhərə qədər davam edərdi. Asəf Orucovun araşdırmalarından öyrənirik ki, insanlar Gəmiqaya ətrafına yığılıb Günəş doğmamış qayalarda olan şehi üzlərinə sürtərdilər. Sonra “Gözəllər” adlanan çeşmədən su götürər və bu suyu müqəddəs hesab etməklə, növbəti ilin həmin vaxtına qədər saxlayar, bərəkət və sağlamlıq vasitəsi kimi istifadə edərdilər. Belə mərasimlərin keçirilməsi bir daha göstərir ki, burada icra olunan adət və inanclar onların genetik cəhətdən Azərbaycan türklərinə bağlandığını ciddi şəkildə sübut edir.
Göründüyü kimi, ata-babalarımız ta qədimdən hər zaman kəsiyinə o dövr üçün xarakterik olan hadisələrlə bağlı adlar verib.
Zaleh NOVRUZOV