Elə ki ilin may-iyun ayları yetişdi, Günəşin yandırıcı təsirindən qorunmaq, mənalı istirahət keçirmək istəyinə düşürük. Kimi səs-küyün nisbətən az, yaşıllıqların çox olduğu ucqar kəndlərə üz tutur, kimi də elə doğma şəhərimizin qoynunda salınan parklarda, xiyabanlarda, istirahət, əyləncə mərkəzlərində dincəlir. 2014-cü ildə istifadəyə verilən bir istirahət məkanı da var ki, bəziləri yay gəlsəydi, oraya üz tutub, doyunca əylənərdim, – deyə arzu edir. Bura Uzunoba Su Anbarı ərazisində yaradılan çimərlikdir.
Şəhər mərkəzindən bir neçə kilometr aralıda yerləşən həmin çimərliyə aparan marşrut avtobusunun 20 sərnişinindən biriyəm. Oturacaqlara nəzər saldıqda müxtəlif yaş qruplarından olan insanları görmək mümkündür. Aralarında universitet tələbələri, məktəbyaşlı uşaqlar, məzuniyyətə çıxan orta nəslin nümayəndələri, xarici ölkə vətəndaşları da var. Gözlərində sevinc, üzlərində təbəssüm sezilən bu insanlar yolboyu bir-birləri ilə keçirəcəkləri xoş, mənalı günün qısa müzakirəsini aparırlar. Çox keçmir ki, bəhs olunan ünvana yetişirik. Hədsiz maraq və sevincdən bir andaca hər kəs avtobusun çıxışına axışır, qapının açılması ilə insanların şən-şaqraq səslərinin ətrafa yayılması bir olur. Çimərliyin bənzərsiz görünüşü, yaradılan gözəl şərait, təhlükəsizlik qaydalarına əməl olunması üçün vurulan məlumat lövhələri, qoyulan xüsusi qadağanedici nişanlar diqqətimi çəkir. Ərazidə Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının 7 nəfərdən ibarət dalğıc heyətini gördükdə istirahətin təhlükəsiz şəkildə keçəcəyinə bir daha əmin oluram. Günorta saatlarında istirahət mərkəzinə üz tutanların sayı xeyli çoxalır. İnsanlardan kimi skuter və pedallı qayıqlara əyləşərək su səyahətinə çıxır, kimi suda üzür, kimisi də voleybol, futbol meydançalarında idmanla məşğul olur. Sudan çıxanlar duş qəbul etdikdən sonra quraşdırılan çətirlərin altındakı rahat oturacaqlarda əyləşir, ərazidə fəaliyyət göstərən iaşə xidmətindən yararlanırlar. Bir-birindən maraqlı musiqi sədaları ətrafa yayılır, məkan əsl toy-bayram ab-havasına bürünür. Sərin meh əsdikcə Günəşin zərrin şəfəqlərinin bərq vurduğu su dalğalar yaradır, mexaniki qayıqlarla, skuterlərlə hərəkət edən insanların şən səsləri bir-birinə qarışır...
Bir qədər bu ürəkaçan, gözoxşayan mənzərələri seyr etdikdən sonra nəzərim yaxınlıqda əyləşən ağsaçlı, nurani çöhrəli yaşlı bir kişiyə yönəlir. Elə çimərlikdə ilk həmsöhbətim də məhz o olur. Yaxınlaşıb hal-əhval tutduqdan sonra öyrənirəm ki, yaşı 60-a yaxın olan Rza kişi nəvələrini də götürüb çimərliyə gəlib. Deyir, çətirin altında əyləşib çay içə-içə çimərliyi, burada əylənən şaqraq gülüşlü uşaqları, coşqun gəncləri müşahidə etdikcə sovet dönəminin ağrılı-acılı illərinə təsadüf edən gənclik çağlarım gözlərim önündə canlanır. Öz-özümə: “Bugünkü gənclər çox xoşbəxtdir, çünki onlar müstəqil ölkədə hərtərəfli qayğı əhatəsində sağlam ruhda böyüyürlər. Heyif ki, bizim gəncliyimiz bu illərə təsadüf etmədi” , – deyirəm. Bəli, artıq zaman dəyişib, bir vaxtlar xəyallarını belə, qura bilmədiyimiz arzularımız gerçəkliyə çevrilib.
Rza kişi vurğulayır ki, bu gün doğma şəhərimiz başdan-başa özünəxas ecazkar dona bürünüb, əvvəllər istirahət üçün xarici ölkələrə üz tuturduqsa, indi yaradılan istirahət, əyləncə mərkəzlərinin sayəsində buna ehtiyac qalmır. Çimərliyin yaradılması isə üzməyi sevənlər, öyrənmək istəyənlər üçün əsl fürsətdir. O deyir: “Artıq bir neçə ildir ki, mən də nəvələrimlə buraya üz tuturam. Onlar yay tətilini burada xoş, mənalı anlarla dolu yaşayırlar. Onu da deyim ki, nəvələrimdən birinə məhz bu çimərlikdə üzməyi öyrətmişəm, indi çətinlik çəkmədən rahat şəkildə üzür. Ərazidə digər əyləncə xidmətlərinin olması, iaşə xidmətinin göstərilməsi istirahətimizi daha da rəngarəng edir. Velosiped həvəskarı olduğumdan bunun üçün şəraitin yaradılması mənim ürəyimcədir. Nəvələrimin istəyini nəzərə alıb qarşıdakı günlərdə də tez-tez çimərliyə üz tutmağı düşünürəm. Yəqin mənimlə razılaşarsınız ki, bir baba üçün dünyada ən əziz, ən şirin nemət nəvələrini xoşbəxt görməkdir. Onların üzündə gülüş, gözlərində sevinc görəndə mənim üçün ikiqat bayram olur. Elə buna görə də dövlətimizə minnətdarlıq edirəm”.
Çimərliyi seyr etdikcə gənclərin coşqusu, suya sıçrayışı, bir-birləri ilə yarışa girmələri füsunkar görüntülər yaradır. Həmin gənclərdən Şahbuz rayon sakini Şəmil Eyvazlı da artıq bir neçə ildir, yay günlərində dost-tanışla birgə çimərliyə üz tutur, sular qoynunda gözəl, mənalı istirahət keçirir. Deyir, əvvəllər bir-iki dəfə diyarımızdan kənardakı çimərliklərə də getmişəm və orada qarşılaşdığım mənzərələr ürəyimi ağrıdıb. Natəmizliyin hökm sürməsinin, xilasetmə qruplarının zəif fəaliyyətinin dəfələrlə şahidi olmuşam. Ancaq sevindirici haldır ki, burada çimərlik yaradılan gündən belə xoşagəlməz halların heç birinə rast gəlməmişəm. Bu da, təbii ki, ilk növbədə, biz sakinlərin sağlamlığının qorunmasına, rahat şəkildə istirahət etməyimizə hesablanan məqsədyönlü işlərin nəticəsidir. Ötən illərdə olduğu kimi, bu il də çimərlik mövsümü açılan gündən dostlarımla birgə tez-tez buraya üz tutur, doyunca sərinlənir, voleybol, futbol oynayırıq. Bundan başqa, mexaniki qayıqlarla suda gəzmək də bizə bir başqa zövq, yüksək əhval-ruhiyyə, xoş ovqat bəxş edir. Yay günlərində suda çimdikdən sonra qumun üzərində dərini qaraltmağın böyük faydaları olduğunu da yaxşı bilir, çimərliyin bütün bu müsbət keyfiyyətlərindən maksimum faydalanmağa çalışıram. İsti yay günlərində belə gözəl çimərlik olan yerdə havanın temperaturunun çox olması insanı qətiyyən narahat etmir.
Xarici ölkə vətəndaşlarının çimərliyə, buradakı əyləncə vasitələrinə hədsiz marağını hiss etməmək mümkün deyil. Naxçıvan Dövlət Universitetinin Menecment ixtisası üzrə tələbəsi nigeriyalı Samson Oni Olavale də tələbə yoldaşları ilə birlikdə burada istirahət edir. Deyir, Naxçıvanda olduğum qısa zamanda oxuduğum ali təhsil ocağının timsalında təhsilin inkişafının, tələbə yoldaşlarımın qonaqpərvər münasibətinin şahidi oldum. Qədim diyarın bir sıra tarixi-mədəni abidələrini, təbiət ərazilərini gəzdikcə ilahi möcüzələrlə dolu bir aləmdə olduğunu hiss edirsən. Şəhərin müasir üslubu da çox cəlbedicidir, xüsusilə insanların mədəni istirahəti üçün salınan parklar, xiyabanlar, istirahət mərkəzləri diqqətimi çəkir. Çimərliyə qrup yoldaşlarımın tövsiyəsi ilə gəldim. İndiyədək dünyanın bir sıra çimərlik ərazilərində olsam da, burada tam fərqli görüntü ilə rastlaşdım, hər addımda təmizlik, səliqə-sahman, nizam-intizam, təhlükəsizlik qurğularının qurulması rahat şəkildə istirahət keçirməyimizə imkan verir. Futbolu xoşladığımdan ərazidə bu idman növü üçün şəraitin yaradılmasına çox sevindim, fürsətdən istifadə edib tələbə yoldaşlarımla futbol da oynadıq. Çimərliyə marşrut avtobusunun salınması büdcəmizə qənaət etməyimizə imkan yaradır. Bir sözlə, istirahət vaxtımız çox mənalı keçir, növbəti günlərdə də çimərliyə üz tutmağı düşünürük. Gözəl şəraitə görə əməyi keçənlərə minnətdaram.
Söhbət zamanı hər kəs bu məkanın onlara xoş təsir bağışladığını vurğuladı. Şahidi olduq ki, yayın bu qızmar günlərində buraya gələnlərin ardı-arası kəsilmir. Biz də hər kəsə gözəl, yaddaqalan anlarla dolu mənalı, sərin istirahət arzusu ilə oradan ayrıldıq.
Nail ƏSGƏROV