Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində əhaliyə avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsilə bağlı seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin əməkdaşı Zaur Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına uyğun olaraq ötən il noyabrın 1-dən etibarən lisenziyalaşdırılma işlərinə başlanılıb. Bununla əlaqədar ötən müddət ərzində, ümumilikdə, 750-dən artıq sahibkara lisenziya verilib.
Diqqətə çatdırılıb ki, lisenziyanın qüvvədə olma müddəti 1 ildir. Sürücülər avtomobilini texniki baxışdan keçirdikdən sonra Dövlət Nəqliyyat Xidmətinə müraciət edərək lisenziya əldə edə bilərlər.
Sonra sürücüləri maraqlandıran suallar cavablandırılıb, qeydiyyatdan keçən sahibkarlara lisenziya blankları təqdim edilib.
Nail ƏSGƏROV