Elmi ədəbiyyata belə məlumdur ki, limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hind yoqları onu sağlamlığın qorunmasında güclü bir vasitə sayırlar. Onların dediklərinə görə, hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir.
XVIII əsrdə ingilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 qram limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və bu, hamının təəccübünə səbəb olur. O deyir ki, limonun ətri ruh yüksəkliyi yaradır, qabığı və toxumları ürəyə faydalıdır, ləti qidadır, şirəsi isə susuzluğu yatırır.
Vətənimiz Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında VIII əsrdən başlayaraq limon bitkisi əkilib-becərilib, insanlar tərəfindən həm qida rasionunda və həm də ticarətdə satışına böyük önəm verilib.
Muxtar respublikanın Ordubad rayonunda bu bitkinin əkilib-becərilməsi peşəkarlıqla həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində becərilən limon meyvəsinin kəmiyyət və keyfiyyət göstəriciləri Ordubad rayonunda hasilə gətirilən limonla rəqabət apara bilmir.
Limon vegetativ və generativ üsulla artırıla bilir. Ordubadda vegetativ artırma üsullarına böyük önəm verildiyindən bunlara nəzər salaq:
Qolayırma üsulu. Bir və ya 2 illik budaq gövdəyə bitişik yerdən 3-5 santimetr aralı 2 santimetr enində qabıq gövdənin üzərindən alınır. Bu vaxt 0,5-0,8 santimetr ölçüdə qabıq gövdədə saxlanılır. Ağzıaçıq 0,8-1 litrlik konserv qabı götürülüb yan və oturacaq hissəsi birtərəfli kəsilir, alt hissədə genişləndirilmə aparılır. Soyulmuş qabığın gövdəyə tərəf hissəsi pambıq parça ilə sarınır və konserv qutusu aralanaraq budaqcığın parça ilə sarınmış hissəsi qutunun oturacaq hissəsinə söykənir. Qutu adi iplə bağlanılır və 3/4 nisbəti hissəsinə qədər qida qarışığı ilə doldurulur. Diqqət yetirilməlidir ki, budaqcığın kəsilmiş qabıq hissəsi qabın içərisində qalsın. Beçəyə qoyulan budaqcığın qida mühitinin yaradılması üçün qida qarışığından istifadə olunmalıdır (Qida qarışığı hazırlamaq üçün 3 hissə torpaq və 1 hissə çürümüş üzvi maddə götürülüb qarışdırılır).
Beçənin su rejiminin tənzimlənməsi ana kolda olduğu kimidir. Suvarmadan sonra qida mühiti qutunun 3/4 hissəsindən aşağı düşərsə, əlavə qida qarışığı verilməlidir. Bu iş may ayının əvvəlindən iyun ayının üçüncü ongünlüyünə qədər davam etdirilir. Qutuda ehtiyatla müayinə aparılaraq beçənin cil verməsi müəyyənləşdirilməlidir. Əgər beçədə əkin üçün köklər formalaşıbsa, onda ehtiyatla iti alətlə ayrılıb, daimi becəriləcək dibçəklərə köçürülür.
Qələmlə (çubuqla) artırma. Birillik budaqcıqlardan 20 santimetr uzunluqda kəsilir və qida mühiti ilə tam zənginləşdirilmiş əkin üçün yararlı torpaq sahəsində hazırlanmış ləklərdə 10 santimetr dərinlikdə sancılıb üzəri polietilen örtüklə örtülür. Nəzərə almaq lazımdır ki, sahə həmişə nəm olmalıdır. Örtük altında olan qələmlər inkişafa başlayana qədər rütubət balansı 70 faiz miqdarında tənzimlənməlidir. Suvarma apararkən örtüyün bir küncündən azacıq qaldırıb su ötürmək lazımdır. Qələmlərin inkişafa başlamasının mütəmadi olaraq fenoloji müşahidəsi aparılmalıdır. Tumurcuqlarda cücərmə görünərsə, onda 4-5 gündən bir örtüyün bir tərəfi açılıb gün ərzində bir saat havalandırılmalıdır. Elə ki, inkişaf kütləvi hal aldı, göyərən gözlərdən 3-4 santimetr şivlər əmələ gəlib qalınlaşmağa başladı, bu zaman örtük tamamilə götürülür, becərmə tədbirləri davam etdirilir. Əmələ gələn cillər oduncaqlaşmaya başladıqdan sonra tinglər dibçəklərə köçürülür.
Limon kollarına qulluq edilməsi, dibçəklərin saxlanması qaydaları. Dibçəkdə olan ana kollar ilk yazda açıq hava şəraitinə çıxarılanda hər bir dibçəyə 5 qram universal gübrə (makro və mikro gübrələrin qarışığı) verilərək torpağı yumşaltmaq lazımdır. Aprel, may, iyun və oktyabr ayları ərzində gübrələmə su rejiminin tənzimlənməsi məqsədilə aprel, may ayları gün ərzində bir dəfə, sentyabr, oktyabr aylarında 2 gündən bir səhər vaxtlarında aparılmalıdır. Suvarma suyunun miqdarı kolun böyüklüyündən asılı olaraq 0,6 litrdən-1,5 litrə qədər tətbiq oluna bilər. Qış şəraitində suvarma 10-12 gündən bir aparılmalıdır.
Limon bitkisinin normal şəraitdə saxlanmasına xüsusi diqqət yetirilməlidir. Qış mövsümündə limon bitkisi işıqlı yerdə (şüşəbənd və ya istixana şəraitində) saxlanılmalıdır. Bu bitkinin həssaslığı nəzərə alınaraq mətbəxdə və ya otaqda saxlanılması məsləhət deyildir. Yay mövsümündə isə nisbətən kölgəli mühitdə saxlanılmalıdır.
Xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə. Bu bitkidə ən çox unlu şeh və qonur pas xəstəliklərinə təsadüf olunur. Xəstəliklərə qarşı mübarizə məqsədilə erkən yazda aprel ayından gec olmayaraq 0,4 faizli sneb, 0,2 faizli ridomil və ya 0,5 faizli bordo mayesi ilə çiləmə aparmaq məsləhətdir. Limon bitkisində müşahidə olunacaq zərərvericilər yastıcalar və mənənələrdir ki, onlara qarşı kimyəvi mübarizə tədbiri olaraq 0,2 faizli konfidor, 0,1 faizli aseti super, 0,1 faizli super alpa preparatlarından hər hansı biri ilə çiləmə aparılması məsləhətdir.
Limonun əhəmiyyəti. Limon meyvəsinin qabıq hissəsində 3-6 faizə qədər efir yağı olur ki, bunu da limon meyvəsinin qabıqlarından xüsusi aparatda sıxmaq üsulu ilə alırlar. Alınan limon yağı maye halda olub, xoşətirli iyə malikdir. Onun tərkibinin 90 faizini niterpen-limonen adlı ətirli maddələr, 3-6 faizini isə xoşətirli olan sitral aldehidi təşkil edir.
Limon qələvi elementlərlə zəngindir. Bundan başqa, onun tərkibində 8 faizə qədər üzvi turşular, 3 faizə qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, VI, V2, Z, S vitaminləri, fitosidlər və sair var. Limonun qabıq və yarpaqlarında efir yağları mövcuddur. Onun təzə sıxılmış şirəsi C vitamini ilə zəngindir, lakin əksər hissəsi açıq havada tez dağılır. Limonun tərkibində R vitamini də var. İnsan orqanizmində onun qıtlığı qanaxmalara, ayaq ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxara bilər. Bu vitamindən damar şişməsində və tropik yaralarına qarşı dərman kimi istifadə edilir.
Tibb elminə 500-dən çox virus məlumdur ki, onlardan 45-nə limon təsir edir. Buna görə də limon şirəsi virus xəstəlikləri ilə mübarizədə birinci vasitədir.
Son illərdə limon yağından sitral aldehidi alınır. Ondan 2-3 faizli spirtli məhlul şəklində hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində istifadə edilir.
Limon meyvələrinin şirəsində 8-9 faiz limon turşusu da vardır. Buna görə bir sıra ölkələrdə limon meyvələrindən sənayedə tibb üçün limon turşusu istehsal olunur. Bu turşudan natrium-sitrat preparatı hazırlanır ki, bu da qanköçürmədə donor qanını konservləşdirmək məqsədilə işlədilir. Limonun meyvələri, eyni zamanda P vitamini ilə də zəngindir. Bu vitamin limon meyvələrinin qabıq hissələrində daha çox olur. Odur ki, limonlu çayın çox içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır. Limon həm də bakterisid təsirə malikdir. O, angina və avitaminoz xəstəliklərinə qarşı effektli vasitədir.
Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri