03 Yanvar 2025, Cümə

Novruz bayramından əvvəl qeyd olunan çərşənbələr onlarla bağlı ritual və mərasimlərdən ibarətdir. Çərşənbələrin bu bayramın özəlliklərini daşıyaraq bəzi təsəvvürlərlə bağlı olduğu məlumdur. İlaxır cərşənbələrlə əlaqəli fikirlər müxtəlif mifoloji düşüncələrdən qaynaqlanır. “Novruz” sözünün izahı məlumdur: yeni gün. İlaxır çərşənbələrlə bağlı görüşlər su, torpaq, yel və od mifizmi ilə əlaqədardır. 

 Su çərşənbəsi xalq arasında “sular Novruzu”, “sular bayramı”, “gözəl çərşənbə” adları ilə də tanınmaqdadır. Bu çərşənbədə Naxçıvanda müxtəlif ayin və mərasimlərin həyata keçirilməsi mütləqdir ki, onların icrası bir çox mifoloji inamların əsasını təşkil edir. Xoşagəlməz yuxuların suya danışılması, su ilə qorxunun bədəndən çıxarılması, pal-paltara, ev-eşiyə təzə su çilənməsi qədim türklərin suya tapınma inamı ilə əlaqəlidir. Bunu xalq yaradıcılığı örnəkləri də sübut edir: “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Lal axan sudan keçməzlər”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”, “Su bir yerdə qalanda iylənər” və sair kimi nümunələrdə də suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğunu göstərir.

Torpaqla bağlı Naxçıvanda xalq arasında müxtəlif kiçik janr nümunələri yaddaşlarda yaşamaqdadır. Qədim türkün torpağa tapınma ənənəsini özündə ehtiva edən “Torpaq qızıl quşdur, əldən buraxdın, uçar gedər”, “Torpaqla oynayan ac qalmaz”, “Torpaq ovuclayan qızıl ovuclar” kimi atalar sözləri, sözün magik qüvvəsinə inamı özündə əks etdirən “Torpağın sanı yaşayasan”, “Torpaq kimi bərəkətli olasan”, “Torpağı xəbər aparmasın” (dünyadan köçən biri haqqında danışılarkən istifadə olunur), “Xırmanından bin-bərəkət əskik olmasın” (Xırmanüstü mərasiminin qalıqlarını özündə yaşadır), “Torpağını torbalarda daşısınlar”, “Üzün torpaq kimi qara olsun”, “Torpaq gözünü tutsun” və sair kimi alqış və qarğış nümunələri torpaq çərşənbəsinin sakral mahiyyətini özündə daşıyaraq bu gün də xalq yaddaşının məhsulu kimi işlənmə aktivliyinə malikdir.
Yel dünyanın yaranmasında əsas sayılan amillərdəndir. Yel nəfəsalma mexanizmi kimi təzahür edərək həyat prinsipi ilə birbaşa bağlanır. Bu obraz həyat simvolu kimi, səma qapılarını açan və örtən varlıq kimi təsəvvür edilir. Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan bu varlıq dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır. Türklər arasında belə bir mifoloji inam dolaşmaqdadır ki, yel yeldir, onu da əsdirən var. Naxçıvan ərazisindən toplanmış xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək olar ki, yel çərşənbəsində müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət başlıca mövqe daşımışdır. Naxçıvanda xalq arasında yel çərşənbəsində yel əyəsinin ayıldığına inam dolaşmaqdadır. Xalq belə deyir: “Yel çərşənbəsində yel ayılır, küləyh əsir, ağaşdar cifdənir, havanın ağırrığı sınır”; “Xırman savıran zaman Yel babanı çağırıb dəəllər ki, Yel baba, gəl atıva saman apar”. Bu inamlar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir.
Yel çərşənbəsində muxtar respublikamızın müxtəlif bölgələrində bir-birindən maraqlı ayin və rituallar icra edilməkdədir. Onların çoxunda Yel Tanrısına sitayiş əks olunur. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, mövsüm zamanı taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel tanrıçılığına inamı təsdiqləyir. Naxçıvanda yel çərşənbəsi zamanı qəbirüstü ziyarətlər də təşkil olunur. Belə ki, dünyadan köçən insanların xatırlanması münasibətilə ehsanlar bişirilib paylanır, məzarlar ziyarət edilir. Həmin ildə yas düşən evin sakinləri yasdan çıxarılır. Ordubad rayonunda buna “paxır bayramı” deyilir. Belə ki, bu çərşənbəyədək qırxı çıxmayan mərhumun evinə qohum-qonşular toplaşırlar. Mərhumun ailə üzvləri ilə birgə evdə bayrama hazırlıq görürlər. Şirniyyatlar bişirilir, evin sakinlərinə qara geyimləri bayram libasları ilə əvəzləmək tövsiyə olunur. Beləliklə, həmin ailə də bayram əhval-ruhiyyəsindən kənarda qalmır.
Od təbiətin dörd ünsüründən biri, əski çağlardan türkün dünya­görüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranmışdır. Qədim türk mifologiyasına görə, odu Göy Tanrı veribdir. Altay miflərinə əsasən ilk odu böyük Ülgen – Bay Ülgen yaradıb. Türk xalqlarında Umay ruhu ilə bağlı təsəvvürlər mövcuddur ki, bunlar da od ruhu ilə əlaqəlidir. Abakan tatarlarından toplanmış rəvayətə görə, od vaxtilə qoca İldırımın kiçik oğlu olub. Qoca İldırımın böyük oğlu Günəş, ortancıl oğlu Ay, kiçik oğlu isə Oddur. Odun İldırım Tanrısı tərəfindən yaradıldığı haqqında qədim mənbələrdə fikirlər mövcuddur. Şamanizmdə odun saflaşdırıcı gücünə inanılmış, ona görə də bədxah ruhların vurduğu mənfi təsirdən qorunmaq üçün onun təmizləyici gücündən istifadə edilmişdir.
Odla bağlı müxtəlif folklor örnəkləri də məlumdur: “Od yanan yerdən tüstü də çıxar”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri, “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar, “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” və ya “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan” kimi alqış və qarğış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. Qədim diyarımızın bəzi bölgələrindən toplanılan xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək mümkündür ki, od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məlum olduğu kimi, qədim türk ənənəsində müxtəlif ayin və mərasimlər zamanı yallı rəqsinin icrası mütləq sayılırdı. Məhz od çərşənbəsində tonqal ətrafında yallının icrası od hamisinə olan inancı nümayiş etdirir. Qeyd edək ki, qədim türk mifoloji dünyaduyumunda od hamisi Tanrının kiçik oğlu kimi qəbul edilirdi. Tonqal ətrafında yallının icrası da od hamisinə olan ənənəvi təsəvvürdən irəli gələn hörmət və ehtiramı ifadə edir.
Naxçıvanda Novruz bayramı ərəfəsində təkcə axır çərşənbə deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Müxtəlif ayin və rituallar icra olunur. Bunlardan ilaxır çərşənbə – od çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir. Ordubad rayonunda Novruzun ən cox sevilən ərəfəsi – ilaxır çərşənbə, yəni od çərşənbəsi “Yeddiləvin” adlanır. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Yeddiləvin axşamı tonqallar qalanır. Ən böyük tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”

Firavan yaşayış, bolluq rəmzi kimi xarakterizə edilən, ən qədimlərdən türklərin yeni gün bayramı olan Novruz öncəsi çərşənbələrdə təbiətin dəyişməsini, ölən təbiətin yenidən dirilməsini müşahidə edən xalq baharın gəlişini böyük hadisələrdən biri kimi qarşılayır.

Aytən Cəfərova
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR