03 Yanvar 2025, Cümə

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaratmışdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazır­lığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açmış, ailələrin özünü­məşğulluq imkanlarını genişləndirmişdir. Dövlət proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən 2018-ci ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilmiş, illər üzrə əmək bazarını xarakterizə edən göstəricilər Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilmişdir. Boş iş yerlərinin toplanmasının təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçmiş 2320 fiziki və 30 hüquqi şəxs haqqında məlumatlar Vergilər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilərək təhlil edilmiş, müəyyən edilmiş boş iş yerləri məşğulluq xidmətləri tərəfindən qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət daha da artırılmış, yerlərdə mütəmadi olaraq monitorinqlər keçirilmiş, boş iş yerlərinin toplanması təmin edilmiş, İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən 110 orta və iri sahibkarlıq subyektlərinə boş iş yerləri haqqında aidiyyəti üzrə məlumat verilməsinə dair maarifləndirmə işləri aparılmışdır.

Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə 184-ü dövlət, 152-si özəl olmaqla, ümumilikdə, 336 müəssisədə sorğu keçirilmiş, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat müəyyənləşmişdir. Əmək bazarında əcnəbi işçiyə olan tələbatı müəyyənləşdirmək məqsədilə təhlillər aparılmış, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2019-cu il üçün əmək miqrasiyası kvotası təsdiq edilmişdir. Kvota müvafiq iqtisadi fəaliyyət sahələri üzrə 500 yerdən ibarətdir.
Aktiv məşğulluq tədbirləri dövlət proqramında nəzərdə tutulmuş tələblər əsasında yerinə yetirilmiş, 3634 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur. Onlardan 2976-sı məşğulluq xidməti orqanları tərəfindən işə düzəldilənlər, 588-i Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə göndərilənlər, 70-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş imtahanlarda müvəffəqiyyət qazanaraq vakant dövlət qulluğu vəzifələrinə təyin olunanlardır. Bundan başqa, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 344 namizəddən 106-sı müvafiq keçid balını toplamışdır. Həmçinin komissiyanın müəllimlərin dövlət ümumi təhsil müəssisələrində işə qəbulu üçün təşkil etdiyi test imtahanlarında iştirak edən namizədlərdən 179-u müvafiq keçid balını toplamışdır.
Bundan başqa, ötən dövrdə 377 nəfər müvəqqəti və mövsümi işlərə göndərilmiş, 262 işaxtaran sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilmişdir ki, bunlardan 40-ı sağlamlıq imkanları məhdud şəxslərdir. Muxtar respublikada təşkil olunmuş əmək yarmarkalarında 664 nəfər işlə təmin olunmuş, hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluqlarının təmin edilməsi də nəzarətdə saxlanılmış, 22 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuş, 5 nəfər isə peşə hazırlığına cəlb edilmiş, tətil günlərində işləmək istəyən 39 tələbə mövsümi işlərə göndərilmişdir. Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətin Cəza­çəkmə Müəssisəsində 42 məhkum ödənişli işlərə cəlb edilmişdir.
Muxtar respublikada əhalinin məşğulluq imkanlarının artırılmasında sahibkarlığın inkişafı mühüm yer tutur. Bu işdə kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsi vacib məsələ kimi daim diqqətdə saxlanılır. Ötən il kiçik və orta sahibkarlığın inkişafı məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən 27 yeni layihənin maliyyələşdirilməsinə 6 milyon 66 min manat vəsait yönəldilmiş, özəl investisiya qoyuluşu hesabına kiçik və orta sahibkarlığın inkişafı sahəsində 7 layihənin maliyyələşdirilməsi və yaradılması başa çatdırılmış, 10 layihənin maliyyələşdirilməsi və yaradılması davam etdirilmişdir. Nəticədə, istehsal və xidmət sahələrində dövlət maliyyə dəstəyi hesabına yaradılmış müəssisələrdə 329, özəl investisiya qoyuluşu hesabına yaradılmış müəssisələrdə 69 olmaqla, ümumilikdə, 398 yeni iş yeri yaradılmışdır. Ötən dövrdə banklar və digər kredit təşkilatları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə dövlət maliyyə dəstəyi göstərilmiş, sənayenin inkişafına 5 milyon 172 min, balıqyetişdirmənin inkişafına 15 min, tikintinin inkişafına 670 min, ticarətin inkişafına 2 milyon 543 min 800, nəqliyyat və rabitənin inkişafına 521 min, kənd təsərrüfatının inkişafına isə 5 milyon 818 min 300 manat olmaqla, ümumilikdə, 14 milyon 740 min 100 manat həcmində güzəştli şərtlərlə kredit verilmişdir. Kreditlərin 5 milyon 864 min 600 manatı Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ödənilmişdir.
Ötən dövrdə muxtar respublikanın rayon, qəsəbə və kəndlərində yeni istehsal sahələrinin yaradılması məqsədilə 58 layihə hazırlanaraq təqdimatı keçirilmiş, yerli resurslara əsaslanan 36 təsərrüfatın yaradılması başa çatdırılmışdır. Rayonların ­sosial-iqtisadi inkişaf perspektivləri, habelə kəndlərdə məşğulluq ənənələri nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 34 fərdi təsərrüfat və kiçik müəssisələrin yaradılması başa çatdırılmış, innovasiyalar tətbiq olunan yeni iş yerinin yaradıldığı 9 layihə yekunlaşdırılmışdır. Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 43 layihə icra olunmuşdur. Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi, kiçik və orta sahibkar­lığın inkişafının stimullaşdırılması, əhalinin məşğulluğunun artırılması məqsədilə 14 təsərrüfata 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.
Müəssisələrin tam istehsal gücü ilə fəaliyyət göstərməsi istiqamətində monitorinqlər aparılmış, 2 müəssisənin fəaliyyəti bərpa edilmişdir. Sahibkarlığa yeni başlamaq istəyən şəxslərin maarifləndirilməsi məqsədilə onlara məsləhət xidmətləri göstərilmiş, bu istiqamətdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində 60 şəxs üçün kurs təşkil olunmuş, 30 müəssisəyə 3020 halda iqtisadiyönümlü informasiya çatdırılmış, 31 halda şifahi konsaltinq xidməti göstərilmiş, muxtar respublikada fəaliyyət göstərən iaşə və mehmanxana obyektlərinin işçilərinə xidmət mədəniyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilmişdir.
2018-ci ildə kənd xidmət mərkəzlərində fəaliyyət göstərən dərzi sexləri, bərbərxana və qadın gözəllik salonlarında monitorinqlər aparılmış, mərkəzlərdə mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 5 kurs təşkil olunmuşdur. Xidmət mərkəzlərində vakant yerlər üzrə 49 bərbər, 73 bərbər-manikürçü və 16 dərzi olmaqla, 138 nəfər işlə təmin olunmuşdur. Göstərilən dövlət dəstəyi nəticəsində ötən il ərzində muxtar respublikada 2827 yeni iş yeri açılmışdır ki, bunun da 98,4 faizi daimi iş yerləridir.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili də diqqətdə saxlanılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilmiş 22 peşə kursuna 337 nəfər cəlb edilmişdir ki, onlardan 30-u sağlamlıq imkanları məhdud şəxslərdir. Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə ilk peşə ixtisas qruplarını 2753 nəfər bitirmişdir. Həmçinin ötən dövrdə xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində dərzi, bərbər, bərbər-manikürçü və aşpaz köməkçisi peşələri üzrə təşkil edilmiş kurslara 94 nəfər cəlb olunmuş, Təhsil Nazirliyi tərəfindən bufetçi, aşpaz köməkçisi, bərbər və bərbər-manikürçü ixtisasları üzrə 166 nəfər ilk peşə ixtisası müəssisələrini bitirmişdir.
Bu gün xalq yaradıcılığı sahələrinin dirçəldilməsi bir tərəfdən milli dəyərlərimizin yaşadılmasına, digər tərəfdən isə sənətkarların yetişməsinə və istedadlı gənclərin məşğulluğunun təmin olunmasına xidmət edir. Bu səbəbdən də dövlət pro­qramının icrası zamanı xalq tətbiqi sənəti növləri üzrə kursların keçiril­məsinə diqqət artırılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edilmiş, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil edilmiş ağac, daşduz üzərində oyma və qazanxana maşinisti kurslarına 33 məhkum cəlb olunmuşdur. Təhsil Nazirliyi tərəfindən təşkil edilən xalçaçı, çörək və qənnadı məmulatları ustası, arıçı və dərzi kurslarını 108 müdavim bitirmişdir. “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində yaradılmış “Xalq Yaradıcılığı Emalatxanası”nın tərkibində ağac üzərində oyma, xalça­çılıq, rəssamlıq və dekorativ-tətbiqi sənət kimi qədim xalq sənəti sahələri üzrə bölmələrin fəaliyyəti davam etdirilmiş, “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının nəzdində misgərlik, dulusçuluq və ağac üzərində oyma sənətləri üzrə emalatxana yaradılmış və bu sahələr üzrə kurslar təşkil olunmuşdur. Həmçinin “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində daimi fəaliyyət göstərən emalatxanada taxta üzərində oyma və nəqqaşlıq sənətini öyrənmək istəyən şəxslər üçün müvafiq şərait yaradılmışdır. Şərur rayonunda – Cəlilkənddəki XIX əsrə aid “Buzxana” tarixi-memarlıq abidəsində isə xalçatoxuma, misgərlik, Yengicə kəndindəki Şərq hamamında papaqçı, foto, dərzi, qadın və kişi bərbəri, musiqi alətlərinin düzəldilməsi və təmiri, çəkməçi sahələri yaradılmış, müvafiq avadanlıqlarla təmin olunmuşdur. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif sənətkarların tətbiqi sənət və rəsm əsərlərinin müqavilələr əsasında qəbulu və satışı təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Аilə, Qаdın və Uşaq Prоblеmləri üzrə Dövlət Kоmitəsi tərəfindən 1132 qadınla əlaqə saxlanılaraq təşkil ediləcək müvafiq peşə kursları barədə məlumat verilmişdir. İşə­götürənlərin işçi qüvvəsinə olan tələbatını müəyyənləşdirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən traktorçu-maşinist, qazanxana maşinisti, qaynaqçı, kabellehimləyici və rabitə montyoru, turizm agenti, gözətçi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, video­operator kursları təşkil edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qrafikə əsasən tədris ili ərzində 4450 nəfər yuxarı sinif şagirdinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. Nəticədə, 2017-2018-ci tədris ilinin sonunda natamam orta təhsili bitirərək peşə təhsili almaq istəyən şəxslər peşə hazırlığı kurslarına cəlb edilmişdir.
Dövlət proqramına uyğun olaraq əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılmış, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 87 nəfər işlə təmin olunmuşdur. Habelə sosial qayğıya ehtiyacı olan 110 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünü­məşğulluğunun təmin olunmasına köməklik göstərilmişdir. Peşə təhsilinə malik sağlamlıq imkanları məhdud 89 nəfər münasib işlə təmin olunmuşdur. Novruz bayramı ərəfəsində sağlamlıq imkanları məhdud 8 qadının özünüməşğulluğunu təmin etmək üçün onlar tərəfindən yetişdirilmiş 1074 səməni alınmışdır. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosialyönümlü haqqı­ödənilən ictimai işə 7 xalçatoxuyan evdar qadın cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud 19 şəxs tərəfindən toxunmuş 2500 cüt yun corab və 200 yun şərf əsgərlərə təqdim edilmişdir.
Sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin rəsm və əl işlərinin satışına köməklik göstərilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 236 şəxsin 11 min 250 manat dəyərində 881 rəsm və əl işinin satışı təşkil edilmişdir. 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində fiziki məhdudiyyətli şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinə muxtar respublikadan 13 müəllifin 85 əl işi təqdim olunmuşdur. “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində təşkil edilmiş sərgi-satışlarda 316 adda 4 min 757 manat dəyərində əl işlərinin satışı və “Xalq Yaradıcılığı Emalatxanası”nın xalçaçılıq bölməsində toxunmuş 8439 manat dəyərində 30 xalçanın satışı həyata keçirilmişdir. Həmçinin “Duzdağ”, “Təbriz” və “Qrand” otellərində ayrılmış sahələrdə, Duzdağ Fizioterapiya Mərkəzində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əl işlərinin nümayişi və satışı həyata keçirilmişdir.
Müvafiq dövlət qurumları ilə birlikdə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədilə monitorinqlər aparılmışdır. İşəgötürən­lər tərəfindən iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi” ilə bağlı 35 seminar təşkil edilmiş, 826 müəssisənin 914 nümayəndəsi bu seminarlarda iştirak etmişdir. Həmçinin müəssisələrin nümayəndələrinə maarifləndirici bukletlər təqdim edilmişdir. İl ərzində əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə 976 dövlət və özəl müəssisədən 34 min 694 əmək müqaviləsi bildirişi daxil edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən əməkçi miqrantların çalışdıqları iş yerlərində müvafiq statusa və iş icazələrinə malik olmaları araşdırılmış, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilmişdir. Əməkçi miqrantların muxtar respublika ərazisində qeyri-leqal şəkildə əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə keçirilmiş görüşlərdə işə­götürənlərlə profilaktik söhbətlər aparılmışdır.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası 2019-cu ildə də davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR