2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasını fondun sədri Əli Quliyev açaraq hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, 2018-ci ildə müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi zamanı 676 sahibkarlıq obyektində (67 hüquqi şəxs, 609 fiziki şəxs) 511 yeni əmək müqaviləsi bağlanılıb, 1811 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.
Qeyd edilib ki, hesabat dövründə fondun hesabına 53 milyon 380 min manat proqnoza qarşı 71 milyon 829 min manat vəsait daxil olub, proqnoz tapşırıqlara 134,6 faiz əməl edilib. Məcburi dövlət sosial sığorta haqlarının 48 milyon 612 min manatı, yaxud 67,7 faizi büdcə təşkilatlarının, 23 milyon 216 min 330 manatı, yaxud 32,3 faizi isə qeyri-büdcə təşkilatlarının payına düşüb.
Diqqətə çatdırılıb ki, bəhs olunan dövrdə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” imzaladığı 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsi 5,7 faiz artırılıb. Həmçinin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamına müvafiq olaraq muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 473 min manat vəsait ödənilib. Bundan əlavə, fondun yerli orqanları tərəfindən, ümumilikdə, 1366 nəfərə əmək pensiyası təyin edilib.
Fondun sədri diqqətə çatdırıb ki, 2018-ci ildən etibarən pensiyaçıların ərizələri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də uğurla həyata keçirilir. Belə ki, muxtar respublika üzrə 330 nəfər əmək pensiyaçısının pensiyası poçt bölmələri vasitəsilə ödənilib.
Vurğulanıb ki, 2018-ci ildə 3373 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 172 min 309 nəfərə çatıb. Həmçinin bəhs edilən dövrdə fonda vətəndaşlardan ərizə ilə daxil olan 889 sorğu və 684 elektron müraciət araşdırılaraq vətəndaşlara qanunamüvafiq cavablar verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Nail ƏSGƏROV