Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir, onların sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Məhdud fiziki imkanlı şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud insanlara göstərilən xidmətlər günü-gündən genişlənir və təkmilləşir.
Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud insanlara informasiya texnologiyaları tədris edilir, bu sahədə onlara bilik və bacarıqlar aşılanır, istedadlarının aşkara çıxarılması məqsədilə yaradıcılıq müsabiqələri, bilik yarışları keçirilir. Hazırda mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün brayl kitabxana, həmçinin telefon vasitəsilə audiokitabxana xidməti göstərilir, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil edilir.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş və gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” əsəri ilk dəfə olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində brayl əlifbasına çevrilərək ayda bir dəfə nəşr edilən “Könül işığı” jurnalının növbəti buraxılışına daxil edilib. Həmçinin sözügedən əsər mərkəzin audiostudiyasında da səsləndirilərək görmə məhdudiyyətli şəxslər üçün yaradılmış audiokitabxana xidmətinin kataloquna da əlavə olunub.
Qeyd edək ki, həmin audiokitabxanada digər oxunması zəruri olan kitablar da yer alıb.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti