03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, uşaq bağçalarında və insanların bayram şənliyinə toplaşdığı digər yerlərdə maarifləndirmə tədbirləri həyata keçirilib.
Nazirlik yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasını tövsiyə edir:
– Bayram tədbirləri ilə əlaqədar quraşdırılan küknar ağacı möhkəm dayaq üzərində qurulmalı və ətrafında sərbəst hərəkət etmək üçün geniş məsafə saxlanılmalıdır. Küknar ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırılma şəbəkəsinin elektrik cərəyanından istifadə edərkən tənzimləyicilərin vasitəsilə 12 voltluq gərginlikli lampalardan istifadə olunmalı, elektrik naqilləri, işıqlandırma lampaları saz olmalı və etibarlı izolyasiya edilməlidir. Şənliklər zamanı, adətən, bir neçə güclü elektrik şəbəkəsi həddindən artıq yüklənir və yanğın təhlükəsi yaranır. İşıqlandırmada nasazlıq hiss olunduqda onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
– Yeni il şənlikləri keçirilərkən azyaşlı uşaqlara qızdırıcı və yaxud işıqlandırıcı cihazlardan istifadə edilməsi qadağan olunmalıdır. Yadda saxlamaq lazımdır ki, bir elektrik uzadıcısına bir neçə elektrik cihazının qoşulması və həmin xəttin artıq yüklənməsi nəticəsində yanğın hadisəsi baş verə bilər. Ona görə də bayram şənlikləri keçirilən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır.
– Yeni il tədbirləri və şənlikləri təşkil olunan yerlər yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Müəssisə rəhbərliyinin əmri ilə yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət üçün cavabdeh şəxslər təyin olunmalı və şənliklərin keçirilməsi nəzərdə tutulmuş yerlərdə yanğın təhlükəsizliyinə həvalə edilmiş cavabdeh şəxslər şənlik başlanmazdan əvvəl otaqları diqqətlə yoxlamalı və onun yanğına qarşı təhlükəsizliyinin tam təmin edildiyinə əmin olmalıdırlar.
– Bayram şənliklərinin keçirilməsi nəzərdə tutulan zallarda və otaqlarda siqaret çəkmək, zalın keçidlərinə stul qoymaq, köçürmə çıxış qapılarını bağlamaq və otağa təyin olunmuş normadan artıq adam yerləşdirmək qadağandır.
– Yaşayış evlərində yeni ilin küknar ağacı soba və başqa qızdırıcı cihazlardan kənarda möhkəm özül üzərində, bəzək işıqları isə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməklə quraşdırılmalıdır.

– Yeni il şənlikləri zamanı baş verən yanğın hadisələrinin əksəriyyəti uşaqların dəcəlliyindən yaranır. Ona görə də yeni il şənlikləri keçirilərkən kiçikyaşlı uşaqlar valideynləri tərəfindən xüsusi nəzarətdə saxlanılmalıdır. Onların qığılcımsaçan və işıqlandırıcı vasitələrdən istifadə etmələrinə icazə verilməməlidir.
– Qeyd olunanlarla bağlı baş verə biləcək xoşagəlməz hadisələrin vaxtında qarşısının alınması istiqamətində vətəndaşlarımız bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.

Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR