03 Yanvar 2025, Cümə

Ölkəmizdə 2010-cu il 11 may tarixdə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılan icbari sığorta hər bir işçinin və onun sahibkarının maraqlarına xidmət edən sığorta növü kimi əhəmiyyətlidir. Qeyd olunan qanuna əsasən tətbiq edilən icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığortaolunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişlərinin verilməsini nəzərdə tutur. Əgər bədbəxt hadisə baş vermişsə, verilən bu ödənişlər iş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatına kömək edir.
Qeyd etdiyimiz kimi, icbari sığortanın bu növündə məqsədlər konkretdir. Burada sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin öz hüquq və vəzifələri vardır. Belə ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən işəgötürən hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda çalışanlar, sahibkarlıq və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bundan əlavə, həmin qanuna görə, istehsalat təcrübəsi keçən tələbələr, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.

Hər bir sığorta növündə təminat verilən sığorta hadisələri müqavilə bağlanılarkən əvvəlcədən müəyyənləşdirilir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta zamanı isə xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları sığorta hadisəsi hesab olunur. Bağlanmış müqaviləyə əsasən belə hallar baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə onun məruz qaldığı maddi itki­lərin ödənilməsi məqsədilə sığorta məbləği ödənilir. İcbari sığortanın tətbiqi zamanı baş vermiş sığorta hadisəsinin sığortaolunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olduğu, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığortaçı ödəyəcəyi sığorta ödənişindən imtina hüququna malikdir.
İstehsalatda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığortaolunanın ölməsi halında onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş uşaqları və digərləri faydalanan şəxslərdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstə­likləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta zamanı sığorta­haqqının məbləğinə gəldikdə, bu, xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. Sığorta tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq müəyyən olunmuş peşə riskinin dərəcəsindən və sığortaolunanların kateqoriyalarından asılıdır. Belə ki, bu məbləğ 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
İcbari sığortanın həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsi olmaqla bərabər, həm də hər bir işçinin qanunla təsbit edilmiş haqqıdır. Ona görə də işəgötürən sahibkar öz işçilərinin sosial müdafiəsini tam təmin etməli, onların gələcəkdə maddi təminatlarını risk altına almamalıdır. Bunun üçün həm işçilər, həm də işəgötürən sahibkarlar bu icbari sığorta növündən faydalanmalıdırlar.

 Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR