“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin noyabr ayı ərzində 323 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 83-nü gənclər, 38-ni qadınlar təşkil edib. Ünvanlı sosial yardımın alınması üçün əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 10 nəfər münasib işlə təmin olunub.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşə kurslarını müvəffəqiyyətlə bitirənlərdən 20-si xidmət mərkəzlərində işlə təmin edilib.
Bununla yanaşı, işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün ötən ay ərzində 25 nəfər müvəqqəti və mövsümi xarakterli işlərə göndərilib. Həmçinin 29 sağlamlıq imkanları məhdud qadınla bağlanılan müqavilələr əsasında toxunulmuş 86 yun şərf və 1165 cüt yun corab təhvil alınaraq hərbi hissəyə təqdim edilib. Noyabr ayında Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 24, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşəsi üzrə isə 10 nəfərdən ibarət kurslar da təşkil edilib. Kursa cəlb olunanlardan 4 nəfəri sağlamlıq imkanları məhdud şəxsdir.
Noyabr ayında 245 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 9 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilib. Həmçinin sağlamlıq imkanları məhdud 76 şəxsə sanatoriya və pansionatlara göndəriş verilib, aztəminatlı və sosial müdafiəyə xüsusi ehtiyacı olan 278 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud məktəbli uşağın hər biri qış geyimləri ilə təmin edilib. Bununla yanaşı, beynəlxalq gözdən əlillər günü münasibətilə 300 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan gözdən əlil şəxsə sovqat verilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müəyyənləşdirdiyi vəzifələr noyabr ayında da ardıcıllıqla icra olunub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant dərslərin tədrisi, müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərin artırılması üzrə məşğələlər və bu kateqoriyadan olan uşaqlara müxtəlif reabilitasiya xidmətləri ay ərzində də davam etdirilib, mərkəzin audiokitabxana xidmətindən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər tərəfindən 573 əsər dinlənilib. Noyabr ayında Mədəniyyət Nazirliyi ilə birgə istedadlı sağlamlıq imkanları məhdud uşaqların ifasında konsert proqramı da təşkil olunub. Konsertin yekununda iştirakçılara diplom və qiymətli hədiyyələr təqdim edilib. Noyabr ayında sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu Zabitlər Evində hərbçilər qarşısında konsert proqramı ilə çıxış edib.
Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların da idmana maraqlarının artmasına səbəb olub. Onların cəmiyyətə inteqrasiyası məqsədilə noyabr ayında sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Bu məqsədlə Naxçıvan Uşaq Bərpa Mərkəzində 19 sağlamlıq imkanları məhdud uşaq müalicə kursu qəbul edib. 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyası məqsədilə noyabr ayında Əlillərin Bərpa Mərkəzində 26 nəfərin müalicəsi təşkil edilib, 77 nəfərə isə sanatoriya və pansionatlara göndəriş verilib. Müvafiq dövr ərzində 48 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələr ilə təmin edilib, 30 nəfər sağlamlıq imkanları məhdud şəxsə isə protez-ortopedik xidmətləri göstərilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti