Yay mövsümünün əvəzedilməz giləmeyvələri içərisində qarpız xüsusi yer tutur. Giləmeyvə deyəndə gilas, gilənar, quşüzümü, moruq, çiyələk yada düşür. Amma qarpızın da ən böyük və dadlı giləmeyvə olduğunu unutmayaq. Qarpızın vətəni Cənubi Afrikadır. Elə indi də Kalaxari səhrasında balaca, yumru meyvələri olan yabanı qarpıza rast gəlmək olur. Bağçaçılıq işlərinə aid kitablarda qarpızla bağlı məlumatlar 1500-cü illərə təsadüf edir. O vaxtdan qarpız hər kəsin sevimli qidasına çevrilmişdir. Qeyd edək ki, qarpız araba ilə daşındığından uzaq ölkələrdən gətirilənə qədər yolda xarab olur, itirilirdi. Bu səbəbdən çar Alekseyin gizli əmrinə görə, Orta Asiya, Azərbaycan və Həştərxandan toxum və qarpız əkib-becərən ustalar Moskvaya gətirildi, Moskva ətrafında parnik üsulu ilə qarpız yetişdirilməyə başlandı. Hazırda Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Cənubi Qafqazda minlərlə hektar ərazidə qarpız əkilir. Orta Asiya və Azərbaycan qarpızının şöhrəti dünyaya yayılmışdır. Naxçıvan Muxtar Respublikasında da qarpızın yetişdirilməsi üçün ideal şərait mövcuddur.
“Bağça meyvələrini bu çeşiddə, bu dadda heç yerdə görmədim. Bunlar: alma, heyva, əncir, qovun və qarpızdır”, – bu sözlər 300 il bundan əvvəl Cənubi Qafqaza səyahət edən alman alimi Adam Oleariyə aiddir.
Qarpızın kökləri rütubəti çəkmək qabiliyyətinə malikdir. Onun yarpaqları da gün ərzində bir neçə litr suyu buxarlandıra bilir. Bu isə bitkini müəyyən temperatura qədər soyudur və qidalandırır. Qarpız bostanında alaq otları olmur, çünki onlar qarpızla rəqabətə davam gətirə bilmirlər. Biz qarpızın 3 təbəqədən ibarət olduğunu (yaşıl, ağ, qırmızı) təsəvvür edirik. Nəzəri olaraq bu təsəvvür doğrudur, ancaq yalnız qabıqda səkkiz-doqquz təbəqə var. İlk təbəqə xlorofilə malikdir, sonrakı təbəqə epiderma, bir qədər yuxarı qat meyvəyə parlaqlıq verən ağır zireh qat adlanır. Daha sonra bütün dairə boyu dadlı, rəngsiz hüceyrə yerləşir. Yeyilən hissə meyvənin ləti adlanır.
Bu gün 500-ə qədər qarpız növü mövcuddur. Qeyd etmək lazımdır ki, bostanlarda qarpız yalnız süfrə üçün deyil, həm də yem bitkisi kimi yetişdirilir. Ev heyvanlarını qidalandırmaq məqsədilə əkilən yem bitkisi öz məhsuldarlığı ilə fərqlənir. Bütün bostan bitkiləri digər növlərin tozcuqları ilə mayalandığından onlar süfrə qarpızları ilə yanaşı əkilmir. Ən böyük giləmeyvənin çəkisi 15-20 kiloqrama çatır. Amerika seleksiyaçıları 78 kiloqramlıq qarpız yetişdirməyə nail olmuşlar.
XIII əsrin sonlarında Cənubi Qafqaza səyahət edən məşhur bioloq, akademik Lepexin qeyd etmişdir ki, az kaloriliyinə baxmayaraq, qarpız ən dadlı və faydalı giləmeyvədir. Digər bostan bitkiləri: pomidor, xiyar və sair ilə müqayisədə qarpızın hər yüz qramına 27 kkal düşür. Bu, onun meyvələrində şəkərin olması ilə əlaqədardır. Hər bir qarpızda 400-500 qram şəkər var. Lətin onda doqquzu şəkərin, yəni qlükoza, fruktoza və saxarozanın payına düşür. Pəhriz gözləyənlərin nöqteyi-nəzərinə görə, qarpız yetişən zaman meyvələrdə fruktoza və qlükoza üstünlük təşkil edir, uzun müddət saxlanıldıqda saxaroza əmələ gəlməyə başlayır. Qarpızda bütün meyvələrdə olduğu kimi, azot maddələri, pektinlər, sellüloza, üzvi turşular var. Amma onların hamısının miqdarı çox cüzidir, məsələn, sellüloza 0,04 faiz təşkil edir. Bu səbəbdən qarpız dietik şəkərli məhsul hesab edilir. Şəkər xəstələri də qarpızdan istifadə edə bilərlər.
Qarpız lətinin tərkibində qələvi maddələrin olması çox əhəmiyyətlidir. Məlumdur ki, bizim əsas qida məhsullarımız – ət, balıq, yumurta, çörək, pendir və sair mədədə turş reaksiya verir. Ona görə də bəzi hallarda orqanizmdə turşu artığı yaranır, bu isə mübadilə proseslərinə yaxşı təsir etmir. Məsələ ondadır ki, qarpız yalnız susuzluğu yatırmır, o həm də orqanizmin turşu-əsas tarazlığını bərpa edir.
Qarpızda bunlardan əlavə, dəmirin mənimsənilən duzları da var. Onların miqdarına görə qarpız meyvə və tərəvəzlər arasında üçüncü yeri tutur. Yalnız kahı və ispanaqdan geri qalan qarpız bu zəmində kartofu iki dəfə qabaqlayır. İspanağın tərkibində dəmirin miqdarı çox olsa da, tərkibinə görə o, qarpızdan geri qalır. Çünki ispanaq yalnız bişirilmiş halda yeyildiyindən onun tərkibində dəmirin duzlarının bir hissəsi həll olmayan birləşmələrə çevrilir.
Nəhayət, qarpızda olan vitaminlər haqqında bir qədər ətraflı danışaq. Vitaminlər qarpızda o qədər də çox deyil. Bununla belə, qarpızın tərkibində askorbin turşusu, karotin, fol turşusu var, bu da onun qidalılığını artırır.
Qarpızın yüksək kaloriliyə malik olmaması, bir növü, pəhriz saxlayanlar üçün sərfəlidir. Kökəlmə və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə qarpız yemək məsləhət görülür. Xalq təbabətində qarpızın sidikqovucu təsirindən bəhs edilir. Bu xassənin aşağı kaloriliklə birləşməsi bir sıra xəstəliklərdə (böyrək, ciyər, duzlaşma və sair) qarpızdan istifadənin əhəmiyyətini artırır.
Beləliklə, əsrlərin dərinliklərindən gələn məlumatlarda qarpızın müalicəvi təsiri öz təsdiqini tapmışdır. Artıq mədəni qarpızın toxumsuz növləri də yetişdirilir. XIX əsrdə yapon genetiki X.Kixara tərəfindən toxumsuz – tripolid qarpız növü icad edildi. Bu qarpız növündə təbiətin adi növə bəxş etdiyi ikili xromosom dəsti üçlü dəstlə əvəz olunmuşdur. Müasir yapon qarpızı öz əcdadlarından yüksək məhsuldarlığı və şirinliyi ilə fərqlənir. Orta Asiya, Bolqarıstan və İranda da toxumsuz qarpız yetişdirilir. Qeyd etmək lazımdır ki, qarpız toxumlarının tərkibində asan çıxarıla bilən 25 faiz yağ var. Dadına görə zeytun yağını xatırladır. Mütəxəssislər qarpız yağını tibbi məqsədlərlə istifadə edirlər.
Beləliklə, bostan bitkiləri içərisində şöhrət çələngini əsrlər boyu özündə saxlayan qarpız düzgün əkilib-becərilərsə, süfrələrimizin ən qiymətli və sevimli qidası olaraq qalacaqdır.
Fizzə Məmmədova
kimya üzrə fəlsəfə doktoru