İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı təşkil olunan əmək yarmarkaları aktiv məşğulluq tədbirlərindən sayılmaqla işaxtaranların daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində təşkil edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açaraq qeyd edib ki, Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması, həmçinin müxtəlif dövlət müəssisələrində müvafiq ştatlara olan tələbatın ödənilməsi nəticəsində xeyli iş yeri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov bildirib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt muxtar respublikamızın sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, əhalinin rifah halının yaxşılaşdırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.
Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasına 19-u özəl olmaqla, 65 müəssisə və təşkilatdan 537 boş iş yeri təqdim olunub, 24 nəfərə işə göndəriş verilib, 3 nəfər peşə hazırlığı kurslarına göndərilib.
Qeyd edək ki, əmək yarmarkaları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən muxtar respublikanın rayonlarında da keçirilib.
Səbuhi Hüseynov