1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, son illər bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili təmin edilib, müasir tələblərə cavab verən müəssisələr tikilib istifadəyə verilib. Həmin müəssisələrdə uşaqlara xidmət ən yüksək səviyyədə qurulub, müalicələri üçün münbit şərait yaradılıb.
Sonra 19 uşağa hədiyyələr təqdim edilib.
Çay süfrəsi arxasında keçirilən tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında “Qırmızı papaq” tamaşasından səhnəciklər təqdim olunub.
* * *
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə daha bir tədbir Ordubad şəhərindəki M.Füzuli adına tam orta internat məktəbində keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev və Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara və aztəminatlı ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs ediblər.
Məktəbin direktoru Musa Ağayev xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqətə görə minnətdarlığını bildirib.
İnternat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan 15 uşağa geyim dəstləri verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti