Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini dekabr ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, COVID-19 virusuna qarşı sinovac və pfizer vaksini, mövsümi qrip xəstəliyinin qarşısını almaq məqsədilə qrip əleyhinə vaksin, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublika Ağciyər Xəstəlikləri Dispanserinə DOTS proqramı üçün dərman preparatları, həmin institutdan ilkin vərəm intoksikasiyasını aşkarlamaq məqsədilə tuberkulin, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə ARV terapiya üçün dərman preparatları gətirilib.
Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tələbələrinin iştirakı ilə “Kardiologiyada yeniliklər” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib. 3 həkim Türkiyə Respublikasına, 1 həkim Bakı şəhərinə kurs, 2 həkim və 12 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməsi üçün göndərilib. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 43 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib.
Dekabr ayında həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini uğurla davam etdiriblər. Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 21 nəfərdən ibarət həkim heyəti Şərur Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi müayinə və müalicəsini həyata keçirib, 1963 nəfər müayinə edilib, 126 nəfərdə cərrahi əməliyyat aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının yaratdığı həkim briqadası Kəngərli rayonunun kəndlərində və Culfa rayonunun Bənəniyar kəndində 18 yataq xəstəsini və 76-80 yaşlı 99 nəfəri hərtərəfli tibbi müayinələrdən keçirərək dispanser qeydiyyata alıb. Xəstəxananın həkim briqadası, eyni zamanda Şahbuz və Kəngərli rayonlarında 61 uşaqda sünnət əməliyyatı yerinə yetirib. Xəstəxananın göz həkimləri rayonlarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən 129 xəstənin göz dibinin müayinəsini apararaq lazımi məsləhət və təyinatlar veriblər.
Dekabr ayında Naxçıvan Muxtar Respublika Xəstəxanasında Bakı şəhərindən dəvət olunmuş LOR həkimi tərəfindən 8 nəfərdə müayinə və cərrahi müdaxilə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən isə 14 nəfərdə müayinə və cərrahiyyə əməliyyatı həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhər 6 və 7 nömrəli məktəblərin təhsil işçilərindən 69 qadında süd vəzinin profilaktik müayinələri aparılıb, onlardan 5-də patologiya aşkar olunaraq mərkəzə ətraflı müayinə və müalicəyə dəvət ediliblər. Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası Babək rayonunun 23 tam orta məktəbində 772, Şahbuz rayonunun 9 tam orta məktəbində isə 284 məktəblini səyyar flüoroqrafiya müayinəsindən keçirib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasında Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının 20 donorundan götürülən 10 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.
Nazirliyin Tibbi yardımın təşkili şöbəsi və Elmi Tibbi Şura tərəfindən 73 xəstəliyə aid müalicə protokolu hazırlanaraq çap edilib, müxtəlifixtisaslı həkim və baş mütəxəssislərin birgə əməyi ilə hazırlanan protokollar profillər üzrə müvafiq səhiyyə müəssisələrinə paylanılıb, müayinə və müalicə prosesində həmin protokollara istinad olunması barədə baş həkimlərə tapşırıqlar verilib.
Muxtar respublika ərazisində 681 min 900 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb, 1-5-ci sinif şagirdlərindən 4 min 410 uşağa mantu sınağı qoyulub, 203 uşaqda şübhəli, 242 uşaqda müsbət, 7 uşaqda isə hiperergiya aşkar edilib. Mantu sınağı müsbət çıxan 52 uşaq Ağciyər Xəstəlikləri Dispanserində müayinələrdən keçirilib, 37 uşağa profilaktika məqsədilə dərman preparatı verilib.
Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon şöbələri tərəfindən kənd sahə xəstəxanalarında, ambulatoriya və feldşer-mama məntəqələrində sanitar-gigiyenik və əks-epidemik tədbirlərə əməl olunması, peyvəndlərin icrasına nəzarət məqsədilə yoxlamalar keçirilib. 70 istehsal obyektində monitorinq aparılıb, 15 sahibkara xəbərdarlıq edilib. Naxçıvan şəhərində 8 tam orta məktəbin, “Naxçıvan” Universitetinin və Naxçıvan Dövlət Universitetinin bufetlərinin sanitar-gigiyenik vəziyyəti yoxlanılıb. Dekabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər müvafiq təşkilat nümayəndələrinin iştirakı ilə Mərkəzi Uşaq Xəstəxanasında yoxlama aparılıb və seminar keçirilib.
COVID-19 xəstəliyinə qarşı profilaktika tədbiri olaraq dekabr ayında 5433 nəfərdə I və 5063 nəfərdə II, 2190 nəfərdə III, 3 nəfərdə isə IV tur vaksinasiya aparılıb. Ay ərzində 1232 şagirdin helmintoza görə müayinəsi həyata keçirilib. Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən muxtar respublikanın tam orta məktəblərində ilk tibbi yardım və həkiməqədər yardım məqsədilə yuxarı sinif şagirdlərinə təlim-treninq keçirilib. Muxtar respublika səhiyyə müəssisələri tərəfindən qeydiyyatda olan 3050 nəfər 76-80 yaşlı əhalinin 2128-i tibbi müayinələrlə əhatə edilib.
2021-ci ilin dekabr ayında Bakı şəhərindən 29-u Darıdağ Arsenli Su Müalicəxanasına, 4-ü Duzdağ Fizioterapiya Mərkəzinə, 29-u Diaqnostika Müalicə Mərkəzinə olmaqla, ümumilikdə, 62 sağlamlıq imkanları məhdud şəxs sanator-kurort müalicəsi üçün qəbul olunub. Səhiyyə Nazirliyi hesabat dövründə 38 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 6 nəfəri Naxçıvan Muxtar Respublika Əlillərin Bərpa Mərkəzinə reabilitasiya müalicəsinə, 2 nəfəri isə müxtəlif xəstəxanalara göndərib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti