21 Dekabr 2024, Şənbə

Dünyada yüzlərlə sənət, peşə, ixtisas var. Kimisi əlinə qələm alıb Vətənin təbiətini, kimisi fırça götürüb gözəllikləri yaddaşlara köçürür. Həkim isə insan sağlamlığı keşiyində dayanmaq kimi ülvi bir vəzifəni yerinə yetirir. Bu sənəti seçənlər isə daim fövqəladə vəziyyətlərə hazır olub insanlara yardım etmək hissindən həzz alırlar. Ona görə də həkimlik peşəsi rahatlıq sevənlərin sənəti deyil, gecəsi-gündüzü bilinməyən peşədir. Bu peşənin sahibləri çox insanlara şəfa, çox naümid gözlərə ümid, çox nigaran baxışlara sevinc bəxş edənlərdir.
“Həkimlik nə qədər əzab-əziyyətli olsa da, sonu fərəhlidir. İşin sonunda bilirsən ki, kimi isə sevindirmisən, xeyirxahlıq etmisən. Belə məqamlarda keçirdiyin həyəcan da, əziyyətlər də insanın gözünə görünmür”, – deyir Diaqnostika Müalicə Mərkəzinin baş həkiminin müavini Mətanət Səfərova. O, əslən Ağsu rayonundan olsa da, Bakı şəhərində böyüyüb, təhsil alıb. Azərbaycan Tibb Universitetini bitirib. Həyat yoldaşının xidməti vəzifəsi ilə əlaqədar 13 ildir ki, muxtar respublikamızda yaşayır. Buraya gəldikləri ilk gündən insanların səmimi münasibətləri ilə rastlaşıb.

Mətanət həkimin söhbəti: – Hələ tələbə ikən xəstəxanalarda təcrübədə olduğum ilk andan bir şeyi dərk etdim ki, hər dəqiqə qəfil gecə zənglərinə, qəfil hadisələrə hazır olmalısan. Lazım gələrsə, lap pay-piyada da olsa, hökmən getməlisən. Axı orada həkimi nigarançılıqla, həyəcan hissi ilə gözləyən var. Hansı ixtisas həkimi olursansa ol, öncə həkimsən, insan sağlamlığının keşiyində dayanmalısan. Vətəni qoruyan sadiq, inamlı əsgər kimi.

Mətanət Səfərova onu da diqqətimizə çatdırır ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzindən öncə Culfa Rayon Mərkəzi Xəstəxanasında həkim kimi, Naxçıvan Əlillərin Bərpa Mərkəzində isə baş həkim kimi çalışıb. İstər o xəstəxanada, istərsə də bu gün çalışdığı xəstəxanada sakinlərin sağlamlığının qayğısına qalmaqdan və hər dəfə naümid baxışlara ümid verməkdən qürur hissi keçirir.
“Həkim olmaq – nigaran baxışlara, narahat ürəklərə təsəlli vermək, o baxışlardakı nigarançılığı, narahatlığı sevincə çevirmək, mənə görə, dünyanın ən böyük xoşbəxtliyidir. Əlbəttə ki, bu, böyük əzm və iradə, eləcə də insanlığa dərin məhəbbət tələb edir”, – deyir Naxçıvan Muxtar Respublika Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Səkinə Mirzəyeva.
İlk həkimlik fəaliyyətinə 2005-ci ildə Culfa rayonunun Xoşkeşin kənd ambulatoriyasında başlayan müsahibim bildirir ki, bu gün muxtar respublikanın səhiyyə sahəsi dövlət qayğısı ilə əhatə olunub. Bunu hər bir sakin də hiss edir, buraya yolu düşən qonaqlar da.

Əvvəlki illərdə Naxçıvanda ali tibb təhsili almaq mümkün olmadığı üçün paytaxt Bakı şəhərinə üz tutmalı olurduq. Sevindirici haldır ki, artıq 20 ilə yaxındır, muxtar respublikamızın gəncləri yurdumuzda ali tibb təhsili ala bilirlər. Bu gün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirən və səhiyyə sahəsində özünü doğruldan bir çox gənc həkimlə çiyin-çiyinə çalışırıq. Onlardan kimisi baş həkim, kimisi isə şöbə müdiri kimi məsuliyyətli vəzifələrin öhdəsindən gəlməklə yanaşı, öz ixtisasları üzrə də sayılıb-seçilir, hörmət görürlər. Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan hər cür şəraitdən istifadə edir, səhiyyə sahəsinin daha da inkişafına öz töhfəmizi verməyə çalışırıq.
Digər müsahibim Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini həkimi İlkay Əliyeva deyir ki, doğma diyarımızda bütün sahələrlə yanaşı, tibbi kadrların hazırlığının ən müasir tələblər səviyyəsində qurulmasına da ardıcıl və hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün ən müasir standartlara cavab verən tədris bazası yaradılıb. Bu qayğının çoxşaxəli imkanlarından mənim kimi bir çox insan bəhrələnib. Fakültədə mükəmməl təhsil almaqla yanaşı, qardaş Türkiyədə və İran İslam Respublikasındakı universitetlərin Tibb fakültələrində, xəstəxanalarında ixtisas təcrübələrində iştirak etməyim bu peşənin sirlərinə dərindən bələd olmağıma imkan verib.

Öyrənirik ki, o, 2012-ci ildə NDU-nun Pediatriya ixtisasını fərqlənmə diplomu ilə bitirib, rezidenturaya daxil olub, 2014-cü ildə buranı müvəffəqiyyətlə başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında fəaliyyətə başlayıb.
İlkay Əliyevanın söhbəti: – Çalışdığım xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün ağxalatlı peşə sahiblərinin insan sağlamlığı kimi mühüm və xeyirxah bir missiyanı uğurla həyata keçirmələrinə imkan verir. Bu imkanlardan geniş istifadə etməyə çalışır, öhdəmə düşən işləri yüksək səviyyədə yerinə yetirməyə səy göstərir, praktik fəaliyyətimi elmi axtarışlarla əlaqələndirirəm. Onu da qeyd edək ki, İlkay həkim həmin xəstəxananın baş həkimi Rəhim Rəhimovla birlikdə “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı metodik vəsait hazırlayıblar. Bundan başqa, dosent Gültəkin Əliyeva ilə birlikdə “Dölün və yenidoğulmuşun hemolitik xəstəliyi” adlı irihəcmli dərs vəsaiti də maraqla qarşılanıb. Həmçinin 2019-cu ildə “Uşaqlarda dehidratasiya zamanı infuzion terapiya” adlı metodik vəsaitin də müəllifidir. 2018-ci ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dissertantı olan İlkay həkim “tibb elmləri üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır.
Bu gün muxtar respublikanın səhiyyə ocaqlarında olarkən inana bilmirsən ki, vaxtilə blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan belə bir inkişafa nail olub. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsinin ifadəsidir.
İnsanların sağlamlığı keşiyində dayanan ağxalatlı peşə sahibləri də bunu dərindən dərk edir, onların qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə səy göstərirlər. Bu şərəfli işdə biz də onlara uğurlar arzulayır, hər birimizə bəxş etdikləri cansağlığını biz də həkimlərimizə diləyirik.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR