“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsdə uğurla yerinə yetirilən əməliyyatlar sırasına yenisi əlavə olunub. Belə ki, mərkəzin həkim briqadası və orta tibb işçisi heyətinin komanda şəklində çalışması nəticəsində aparılan əməliyyat və göstərilən tibbi müdaxilə uğurla başa çatıb.
Bir neçə gün əvvəl Naxçıvan şəhər sakini müəssisəyə boynun ön səthində şişəbənzər törəmənin olması, boğulma hissi, ürəkdöyünmə, səbəbsiz əsəbiləşmə, yuxu pozuntusu, tərləmə və udqunma zamanı çətinlik çəkmə şikayətləri ilə mərkəzə müraciət edib. Həkim-endokrinoloq Mətanət Səfərovanın yönləndirməsi ilə mərkəzdə aparılan müvafiq laborator, ultrasəslə müayinələrə əsasən xəstəyə düyünlü zob diaqnozu qoyulub, dərhal antitiroid müalicə başlanılıb və 15 gün sonra xəstə cərrahi əməliyyata hazır vəziyyətə gətirilib. Ümumi cərrah Nazim İbrahimov və anestezioloq-reanimatoloq Ənvər Şıxəliyev tərəflərindən total tiroidektomiya əməliyyatı icra olunub. Yüksək riskli bu əməliyyat uğurla başa çatdırılıb, əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti nəzarət altına alınıb və yaxşılaşma ilə evə buraxılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti