14 Yanvar 2025, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi muxtar respublikada milli mədəniyyətin, milli musiqi və teatr sənətinin inkişafında, ali təhsilli incəsənət adamlarının, sənətşünasların hazırlanmasında özünəməxsus rol oynayır. Yola saldığımız 2015-ci il fakültənin tarixində əhəmiyyətli sənət uğurları ilə yadda qalacaq. Belə uğurlardan biri də fakültənin Teatrşünaslıq və mədəniyyət kafedrasının müəllimi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının gənc və istedadlı aktyoru Elnur Rzayevin adı ilə bağlıdır. 

Universitetin məzunu, 2012-ci ildən isə burada pedaqoji fəaliyyətə başlayan Elnur Rzayev hələ tələbəlik illərində Tələbə Teatr Studiyasında özünü istedadlı aktyor kimi tanıdıb. O, İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyasının hazırladığı Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasında Hacı Həsən ağa və Məşədi Oruc, Nazim Hikmətin “Qəribə adam” pyesində vəkil Əhməd, Adil Babayevin “Sarı gəlin” əsərində Ədalət müəllim obrazlarını ustalıqla ifa edib. Antik yunan dramaturgiyasının nadir nümunələrindən sayılan Esxilin “Zəncirlənmiş Prometey” əsərindəki Prometey obrazı isə unikal, peşəkar ifa etibarı ilə Elnurun yaradıcılığında sənət zirvəsi sayıla bilər. 2010-2011-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının nəzdində fəaliyyət göstərən “Təməl” Teatr Studiyasında sənət dərsləri alan Elnur Rzayev 2011-ci ildən dram teatrda aktyor kimi fəaliyyət göstərir. O, teatrın zəngin sənət təcrübəsinə malik peşəkar aktyorları ilə eyni səhnəni paylaşaraq M.F.Axund­ovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Şahbaz bəy, İslam Səfərlinin “Göz həkimi” pyesində Rauf, akademik Şəfaət Mehdiyevin “Mirzə Fətəli Axundov” və Nəriman Nəriman­ovun “Nadanlıq” əsərlərində hər iki böyük mütəfəkkirin gənclik obrazlarını, habelə Nazim Hikmətin “Kəllə”, Henrix İbsenin “Kuklalar”, A.P.Çexovun “Russayağı evlənmə”, Ç.Aytmatovun “Gün var əsrə bərabər” kimi dünya dramaturgiyasına aid əsərlərdə də baş rolların ifaçısı kimi aktyorluq bacarığını göstərə bilib.

Elnur Rzayev öz istedadını rejissor və ssenarist kimi də uğurla sınamaqdadır. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “ASSİTEJ – Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalına təqdim edilən, Bakını və 4 regionu təmsil edən 12 tamaşa sırasında Elnur Rzayevin ssenarisi və onun rejissorluğu ilə hazırlanan “Boz” tamaşası festivalın ən uğurlu tamaşalarından biri kimi yadda qalıb. Təsadüfi deyil ki, tamaşadakı baş rolun ifaçısı, Naxçıvan Dövlət Universitetinin tələbəsi Nurbəniz Niftəliyeva festivalda “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub.
Elnurun ən böyük uğurlarından biri “Anamın kitabı” ədəbi mükafatının “Pyes müsabiqəsi – 2015”də müəllif kimi əhəmiyyətli qələbə qazanmasıdır. Müsabiqənin ilk turunda 16 əsərdən Elnur Rzayevin “Qar gözləyərkən” pyesi də daxil olmaqla, 8 ən yaxşısı seçilərək müsabiqəyə buraxılıb. Növbəti turda – onlayn səsvermə zamanı Elnurun əsəri 10 maksimum baldan 8 bal toplayıb. Münsiflər heyəti tərəfindən isə əsər 25 balla qiymətləndirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqədə I yer verilməyib, II yerə isə Elnur Rzayevin pyesi layiq görülüb. Gənc Tamaşaçılar Teatrında keçirilən qaliblərin mükafatlandırma mərasimində çıxış edənlər – layihənin ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, AMEA-nın vitse-prezidenti, müsabiqənin münsiflər heyətinin sədri, akademik İsa Həbibbəyli çıxışında teatrların repertuarlarının müasir və yeni dram əsərləri ilə zənginləşdirilməsi, gənc dramaturqların yetişməsi baxımından müsabiqənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, “Qar gözləyərkən” adlı birpərdəli absurd pyesin orijinallığı, mövzu və ideya əhəmiyyəti barədə də yüksək rəy bildiriblər. Akademik İsa Həbibbəylinin dediklərindən: “Naxçıvan Dövlət Universitetinin müəllimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Elnur Rzayev Mirzə Fətəli Axund­ovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Şahbaz bəy obrazının öhdəsindən çox məharətlə gəlib. O, Naxçıvan Dövlət Universitetinin səhnəsində Esxilin “Zəncirlənmiş Prometey” əsərindəki Prometey rolunu bütün gərginliyi ilə əks etdirib. Və zamanla başqa obrazları da məharətlə yaradıb. O, əsl mənada teatr fədaisi, sənət fədaisidir. Onun müsabiqəyə təqdim etdiyi əsər tamamilə yeni dramaturji metodla yazılmış qeyri-adi bir əsərdir...”
Pyes mənən zəngin, ruhən saf, kövrək və həssas olan bir insanın mənəvi paklıq, halallıq axtarışından bəhs edir, insanları mənəvi saflığa, humanizmə, ali insani hisslərlə yaşamağa, həyata daxili aləmin, mənəvi dünyanın gözü ilə baxmağa, şərəfli və mənalı ömür sürməyə səsləyir. Müəllifin özünəxas müşahidəçilik qabiliyyəti, saflıq, halallıq rəmzi olan arılarla insan həyatı arasında paralel müqayisələri də maraq doğurur.
Gənc yaşlarında artıq yetərincə tamaşaçı rəğbəti qazanan istedadlı aktyor Elnur Rzayev həm də gözəl fotoqrafdır. Onun fotoetüdləri bir neçə dəfə uğurla sərgilənib. Elnur muxtar respublikada teatrın çiçəklənməsinə, gənc istedadlara göstərilən hərtərəfli dövlət qayğısından ürəkdolusu danışaraq qazandığı uğurları sənət müəllimlərinə borclu olduğunu söyləyir. Tamaşaçısını hələ neçə-neçə obrazla görüşdürmək, neçə-neçə ədəbi qəhrəmana yeni nəfəs, yeni ruh, yeni ömür bəxş etmək, müxtəlif səhnə əsərlərini öz prizmasında, orijinal üslubda yenidən tamaşaçısına qaytarmaq arzusunda olan Elnur sənətin nahamar, çətin, məsuliyyətli, həm də şərəfli yolunda inam və iradə ilə, əzmlə irəliləyir. Bu yolda ona uğurlar arzulayırıq.

Mehriban SULTAN

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR