21 Dekabr 2024, Şənbə

O, 1958-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. 1983-cü ildə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbinin Bədii tərtibat fakültəsini bitirmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Müsahibimiz Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur.

 

– Rəssamlıq uşaqlıq arzunuz olub?
– Təbii ki, arzu olmasa, məqsədə çatmaq mümkün olmaz. Məktəb yaşlarımdan Xalq rəssamı Mikayıl Abdullayevin illüstrasiyaları çox xoşuma gəlirdi, onları evimizin divarlarında işləyirdim. Elə o vaxtdan rəssamlığa məndə maraq yarandı və bu sənətin arxasınca getdim.
– Rəssamlıq insanla birlikdə doğulan bir istedaddır, Səyyad müəllim?
– Əslində, əsl rəssam doğulmalıdır. Sonradan yarana bilən həvəskar olur, yəqin ki. Belə bir şey deyim sizə – insanların hamısının müəyyən qabiliyyətləri vardır. Sadəcə, o qabiliyyəti üzə çıxarıb inkişaf etdirmək şərtdir. Fitri istedad isə elədir ki, səni özü sənətin arxasınca aparır. Rəssamlıqla məşğul olan insanın həm müşahidə qabiliyyəti güclü olmalıdır, həm də daim axtarışda olmalıdır. İnsanın daxili duyğularını üzə çıxarmaq rəssamlığın əsas şərtlərindən biridir.
– “Ən böyük rəssam Allahdır”, – deyirlər, bu, həqiqətən, belədirmi?
– Əlbəttə... Ona görə ki, bütün gözəllikləri yaradan Allah Taaladır. Biz onun yaratdıqlarının surətlərini işləyə bilirik. Deməli, ən böyük yaradan da Allahdır.

– Səyyad müəllim, emalatxananızda portret janrlarında rəsmlər üstünlük təşkil edir. Ümumiyyətlə, hansı mövzulara müraciət etməyi sevirsiniz?
– Bilirsiniz ki, Naxçıvan həm gözəlliklər, həm də tarixi abidələr diyarıdır. Xalq rəssamı Fərhad Xəlilov bura gələndə bir mənzərəni görüb dedi ki, heç yerə getmək lazım deyil, Naxçıvanda rəssamın işləməsi üçün hər şey var. Naxçıvanın, demək olar ki, bütün tarixi abidələrini çəkmişəm. Möminə xatın türbəsini lap incəliklərinə qədər işləmişəm. Bir neçə texnikada özümü sınamışam. Rəssamlığın elə bir janrı yoxdur ki, özümü sınamayım. “Tarixi yaşadan torpaq” tablosunu görürsünüz? Burada Naxçıvanın keçmişini, orta və müasir dövrünü təsvir etmişəm. Doğrudan da, Naxçıvan torpağı tarixi yaşadıb, indiki Naxçıvan isə günü-gündən inkişaf edir, çiçəklənir. “Gözəlləşən diyar” əsərim isə bu inkişafın ifadəsidir.
– Sizin üçün yaradıcılığınızın ən yaxşı əsəri ?
– Fikrimcə, bu, “Mənalı ömür” əsəridir. Hansı ki, ümummilli liderimizə həsr etmişəm. Heydər Əliyev Muzeyində də sərgilənir.
– Görürəm ki, tarixi şəxsiyyətlərin portretlərini işləməyi sevirsiniz. Bu, nədən irəli gəlir?
– Bu məndə vətənpərvərlik duyğusundan irəli gələn ən böyük hissdir. Ümummilli liderimiz Naxçıvanda doğulub, böyüyüb, buranın havasını udub və biz yaradıcı insanlar buna heç vaxt biganə qala bilmərik. Digər tərəfdən, Şəhriyar, Atatürk, Məmməd Araz, Bəhruz Kəngərli kimi şəxsiyyətlərin portretlərini də işləmişəm. Baxın, bu əsərin adı “Xilaskar”dır. Atatürk Türkiyəni, Heydər Əliyev isə Azərbaycanı xilas edib. Bu iki müdrik şəxsiyyət bir tabloda daha gözəl görünür, elə deyilmi?
– Hansı ölkələrdə sərgiləriniz açılıb?
– Bakı, Türkiyə, İran, Koreya, Türkmənistanda sərgilərim olub. Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Sərgi Salonunda 2019-cu ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş fərdi yaradıcılıq sərgim keçirildi. Orada da hər kəs vətənpərvərlik ruhunda işlədiyimi təsdiq elədi.
– Əsərlərinizi satırsınızmı? Elə olub ki, satmağa məcbur olmusunuz?
– Əsərlər adamın ürəyidir. Bir tablonu 90-cı illərdə Türkiyədən bir nəfərə satdım, bu gün də heyifsilənirəm, çox dəyərli rəsm idi. Həmin əsərdə adət-ənənələrimizi təsvir etmişdim.
– İldə nə qədər sifarişiniz olur?
– Ən çox portret sifarişi alıram. Ötən il xalqımızın ən böyük arzusu yerinə yetdi, torpaqlarımız işğaldan azad olundu. Böyük Zəfər əldə etdik, şəhidlər verdik. Allah hamısına rəhmət eləsin. Bir ayın içində 30-a yaxın şəhid portreti işləmişəm. General-mayor Polad Həşimovun portretini yandırma üsulu ilə işləmişdim. Anası Səmayə Həşimova Naxçıvana gələndə Əshabi-Kəhfdə portreti ona hədiyyə etdim.
– Yaradıcılığınıza təsiri olan rəssamlar olub?
– Təbii ki, bizim dünya səviyyəli rəssamlarımız Tahir Salahov, Mikayıl Abdullayevin yaradıcılığıma təsiri olub. Onlar bizim üçün öncüldürlər. Digər tərəfdən, Niderland rəssamı və qrafiki Rembrandt, italyan rəssam Leonardo da Vinçi insan duyğularını o qədər mükəmməl ifadə ediblər ki, əsərlərinə həmişə heyranlıqla baxırıq.
– Rəsm əsərinin ovqata təsiri tamaşaçıdan asılıdır?
– Tamaşaçıdan daha çox asılıdır. Yer üzərindəki insanların xarakteri, dünyaya baxışı, əsəri təhlil etmək qabiliyyəti fərqli olduğu kimi, onların da əhvalı dəyişkən olur. Hər hansı əsəri işləyəndə çatdırmaq istədiyin fikir fərqli olsa da, tamaşaçı həmin rəsmdə elə qeyri-adi fikir tapır ki, baxırsan, doğrudan, bunlar da varmış.
– Səyyad müəllim, niyə insanlar evində asılmış yaxşı rəsm əsərinə illərlə baxmaqdan bezmir?
– Rəsmdə əgər fikir, ideya varsa, ona baxmaqdan bezmərsən. Rəssam hər hansı tabloda insanın daxili dünyasını çatdıra bilirsə, o əsər, təbii ki, baxımlı olur.
– Səyyad müəllim, bir gün Şuşaya getsəniz, hansı rəsmi çəkmək istəyərdiniz?
– Məşhur xanəndə Xan Şuşinskinin “Şuşanın dağları” mahnısının sözlərinin real əksi əsasında bir əsər yaratmaq istəyərdim.
–Ümumiyyətlə, çəkə bilmədiyiniz rəsm var?
– Məhəmməd Peyğəmbərin (s) bir sözü var deyir: “Beşikdən qəbir evinə kimi elm öyrənin!” Rəssam da odur ki, lap əvvəldən axıra qədər axtarışda olur. Rəssamın heç vaxt fikri tükənmir, vaxtı çatmır, sadəcə. Çəkə bilmədiyim əsər hələ ki, yoxdur.
– Gənc rəssamların yaradıcılığını necə qiymətləndirirsiniz?
– Müxtəlif yaş qrupunda olan yeniyetmə və gənclərlə işləməyi sevirəm. Onların hamısının qabiliyyəti var. İnkişaf etdirmək müəllimdən asılıdır. Müəllim həvəsin yaradılmasında, istedadın üzə çıxarılmasında, özünəinamın formalaşmasında mühüm rol oynayır.
– Rəssamı dövlət, yoxsa xalq qiymətləndirməlidir?
– Əlbəttə ki, dövlətin verdiyi dəyər fərqlidir. O fərqi biz həmişə hiss eləmişik və görmüşük. Bizim ən böyük xoşbəxtliyimiz ondadır ki, Naxçıvanda yaşayırıq. Ona görə ki, muxtar respublika rəhbəri incəsənət adamlarını həmişə diqqətdə saxlayır. Bizə lazımi dəyər, qiymət verilib. Mən “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına, Prezident mükafatına layiq görülmüşəm. Ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması isə bütövlükdə ulu diyarımızda incəsənətə və sənət adamlarına verilən yüksək dəyərdir.
– Ailədə davamçınız varmı, Səyyad müəllim?
– Ailədə davamçım yoxdur, təəssüf ki. Üç övladım var. Qızlarımın ikisi müəllimdir. Çox gözəl qabiliyyətləri var, ancaq bu sahəni seçmədilər. Övladlarımın fikri ilə həmişə razılaşmışam və sərbəst yaşamağı öyrətmişəm onlara. Sevdiyi sənətin dalınca getsələr, daha çox uğur qazanarlar.
– Siz həm də teatrda quruluşçu rəssamsınız. Teatr rəssamlığının hansı spesifik xüsusiyyətləri vardır?
– Teatrın tələbi mürəkkəbdir. Emalatxanada insan öz istədiyini çəkə bilir. Teatr rəssamı olmaq üçün məkanı, zamanı, dövrü, aktyorların geyimini, hərəkətlərini, dekorasiyaları və sair– hamısını nəzərə almalısan. Obraza mane olmayacaq dekorasiyalar qurmalısan, səhnələr yaratmalısan. Teatr kollektiv sənətidir, bütün kollektivin fikri nəzərə alınmalıdır. Teatrda pərdə açılanda birinci rəssamın dekorasiyası görünür. O dekorasiya həmin əsərə uyğun seçilibsə, rənglər o ab-havanı yaradıbsa, tamaşanın bütün hadisələrinə kömək edirsə, bu, rəssamın uğurudur.
– Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləriniz necə gedir?
– 1987-ci ildən indiyə qədər teatrda quruluşçu rəssam işləyirəm. 10 il Naxçıvan Dövlət Uşaq Teatrında işləmişəm. Uşaqların tələbi böyüklərdən daha çoxdur. Onların dünyası çox maraqlıdır. Uşaq teatrında 10-15 əsərə quruluş vermişəm, dram teatrda, haradasa, 22 əsərin quruluşunu vermişəm. “Hökmdar və qızı” tamaşası Bakı və Sumqayıtda, “Ölülər və dəlilər” tamaşası Qarsda, “Topal Teymur” İqdırda qastrolda olub. Heç vaxt yadımdan çıxmır ki, “Hökmdar və qızı” Musiqili Komediya Teatrında tamaşaya qoyulanda o qədər rezonans yaratdı ki, bir nəfər oradakı hadisələrə qapılaraq durub zalda qışqırdı. Həm aktyor oyunu, həm səhnə quruluşu çox gözəl idi. Həmin tamaşada dekorasiyanı bir qılıncın üstündə qurmuşdum. Burada qılınc həm qisaskar, həm də xilaskar rolunda çıxış edirdi. “Nadir şah” tamaşasında üç gözdən istifadə etmişdim. Bu da onu ifadə edirdi ki, insanların dünyaya baxışı üç formada – biri üçbucaq olur, yəni öz çərçivəsindən kənarı görmək istəmir, biri dördbucaq olur, yəni dünyanı bir az geniş görə bilir, biri də dairənin içərisində olanda bütün dünyanı görə bilir, ümumilikdə, dünyagörüşün fərqliliyini burada çatdırmaq istəmişdim. Çox uğurlu tamaşa alınmışdı.
– Siz həm də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dərnək rəhbərisiniz...
– Bəli, 20 ildən artıqdır ki, dərnək üzvlərinə rəssamlığın sirlərini öyrədirəm. Naxçıvanda diqqətdən kənarda qalan müəssisə yoxdur. Çalışdığım mərkəzdə də çox yüksək şərait yaradılıb. Mən mərkəzə çox həvəslə gedirəm. Uşaqlar da öyrənməyə çox həvəslidirlər. Sənətə düzgün yanaşsan, uşaqlara düzgün istiqamət versən, heç vaxt onlar səndən qaçmazlar. Ona görə də nəyi bilirəmsə, onlara ürəklə öyrədirəm. Onların qazandığı uğurlar isə bir müəllim üçün böyük şərəfdir.
– Özünüzü şanslı hesab edirsinizmi?
– Edirəm. Ona görə ki, rəssam üçün ecazkar təbiəti ulu tarixi və müasir inkişafı ilə ilham mənbəyi olan Naxçıvanda – sənətkarın qədir-qiyməti bilinən bir diyarda yaşayıram. Allahın verdiyi ömür nədirsə, onu da yaradıcılığa həsr edəcəyəm.
– Dəyərli vaxtınızı ayırdığınız üçün sağ olun.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR