21 Dekabr 2024, Şənbə

İki ilə yaxındır ki, dünyanı cənginə alan koronavirus adlı bəla səbəbindən bütün dünyada olduğu kimi, ölkəmizdə də  bəzi məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən artıq uzun bir zaman idi ki, teatr salonları tamaşaçı alqışına, tamaşaçı sevgisinə həsrət qalmışdı. Ötən ilin sentyabr ayında karantin qaydalarının yumşaldılması ilə bağlı verilən qərara əsasən artıq teatrlar öz fəaliyyətini müəyyən şərtlərlə davam etdirir. Bu qərar təkcə teatr əməkdaşlarını, aktyor və aktrisalarımızı deyil, həm də teatrsevərləri çox məmnun edib. Verilən qərardan sonra teatrlarda qızğın məşqlərə start verildi. Həsrətlə teatrın açılacağı günü gözləməyə başladıq. 

 

Nəhayət, təhsil aldığımız universitetdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının pandemiyadan sonra öz tamaşaçılarını yeni tamaşa ilə qarşılayacağı ilə bağlı xəbər eşitdik. Bu, bizi çox sevindirdi. 17 aydan sonra 138 yaşlı teatr öz tamaşaçılarını görkəmli rus dramaturqu Nikolay Vasilyeviç Qoqolun dünyaca məşhur “Müfəttiş” komediyası ilə salamlayırdı. Əsərin adını eşidən kimi bütün tələbələrin üzünə sevinc qondu.
Tamaşanı izləmək üçün Naxçıvan teatrına getdik. Teatr binasının qarşısında bizi ilk olaraq böyük ədib Mirzə Cəlilin abidəsi qarşılayır. Bu əzəmətli abidə də sanki teatra tələsən insanların fonunda daha canlı görünürdü. İçəriyə daxil olub əyləşirik. Dəfələrlə burada olsam da, sanki yenə də özümü fərqli bir aləmə düşmüş kimi hiss edirəm. Buranın ecazkar və bir o qədər də sirli aurası var. Çünki teatr insanı insana insanca öyrədən müqəddəs bir sənət məkanıdır. Onun müqəddəsliyi həm də ondadır ki, burada insan keçmişinə və gələcəyinə eyni anda baxa bilir, baxdıqca da özünü tapır. Bura ayaq basdığın andan həqiqətin sehri ilə ovsunlanaraq dərin düşüncələrə dalırsan. Ətrafıma göz gəzdirirəm, hamı səbirsizliklə tamaşanın başlamasını gözləyir. Budur, o möhtəşəm an gəlib çatır...
Müdriklər deyiblər ki, “İncəsənətin əsas gücü sadəliyi, möhtəşəmliyi, duyğusallığı və təmkinliyindədir”. Mən bu sadalananların hamısını Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının simasında müşahidə etdim. Təsirli ifaları ilə tamaşaçıların qəlbini ovsunlayan bu aktyorların hər biri bir sənət fədaisi təsiri bağışlayırdı. Bizə jurnalistikadan yaxşı tanış olan, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin də bu tamaşada rol aldığını gördükdə tamaşaçı kimi iştirak etdiyimiz tələbə yoldaşlarımızla maraq qarışıq sevincimizin həddi-hüdudu olmadı. Çünki Səməd müəllim bizə jurnalistikadan dərs deyir. Biz hər zaman auditoriyada Səməd müəllimin jurnalistika ilə bağlı maraqlı mühazirələrini dinləmiş, ondan çox şey öyrənmişik. Bu gün isə onu bir aktyor kimi izləyirdik. İfa etdiyi roldan sonra isə anladıq ki, o, yaxşı pedaqoq, peşəkar jurnalist olmaqla yanaşı, həm də çox gözəl aktyordur. Rejissoru Xalq artisti Kamran Quliyev olan tamaşada çox peşəkar aktyor ansamblı iştirak etməsini də xüsusi vurğulamaq istəyirəm. Xalq artistləri Rza Xudiyev və Rövşən Hüseynovun, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Əbülfəz İmanov, Behruz Haxverdiyev, aktrisalar Zəminə Məmmədova, Şölə Alışovanın və digərlərinin ifaları yaddaqalan, təbii idi. Tamaşada sanki yaşlı və təcrübəli aktyorlar gəncləri öz ardınca aparır, onların da oyunlarını peşəkarlıqla ifa etməsinə şərait yaradırdılar. Nəticədə isə situasiyalar çox inandırıcı, gerçək alınırdı. Bu isə 138 illik Naxçıvan teatrının bu günə qədər qoruyub saxladığı sənət ənənəsi idi.

Bir qədər də əsər haqqında... Tamaşanın yazılmasının maraqlı bir tarixçəsi var. Komediya müəllif tərəfindən böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin təsiri ilə qələmə alınmışdır. Belə ki, Puşkin o dövrdə bir çox şəxsin özünü yalandan müfəttiş kimi qələmə verib saxtakarlıq və özbaşınalıqlar etməsi haqqında Qoqola söhbət açır. Qoqol da bu mövzudan ilhamlanaraq “Müfəttiş”i yazmağa başlayır. Əsərdə şəhər sakinləri, daha doğrusu, şəhər rəhbərliyi Peterburqdan müfəttiş gələcəyi barədə xəbər alır. Amma heç kim onu tanımır. Mehmanxanaların birində borcu olduğu üçün hər gün pulsuz yemək yeyən və yaşayan İvan Xlestakov adlı birisini bu gələn müfəttiş zənn edirlər. Öz əliəyrilik və rüşvətxorluqlarını gizlətmək üçün bu gəncə riyakarlıqla yaltaqlanırlar. Ona işlədikləri sahələri yoxlamamaq üçün müxtəlif vasitələrlə pul təklif edirlər. Bir qədər fırıldaqçı olan Xlestakov bu məqamlardan ustalıqla istifadə edir və çoxlu pulla aradan çıxır. Tamaşanı təsirli edən, birinci növbədə, onun mövzusu olsa da, aktyorların mükəmməl ifası da burada öz sözünü deyirdi. Çünki mənəvi eybəcərliyin dəqiq təsviri, ifası bu eybəcərliyə qarşı olan bütün hücumlardan daha möhtəşəm və təsirlidir.
Tamaşa bitəndə zalda əyləşən hər kəs aktyorları ayaqda alqışladı. Hər şey o qədər möhtəşəm idi ki, zamanın necə keçdiyini hiss etməmişdik. Teatrdan xoş təəssüratlarla ayrıldıq. Muxtar respublikamızın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin növbəti nömrəsindən öyrəndik ki, tamaşaya baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tamaşadan sonra yaradıcı heyətlə görüşərkən həm əsəri, həm də onun yeni səhnə quruluşunu yüksək qiymətləndirmiş, uğurlu tamaşa münasibətilə kollektivə təşəkkür edərək demişdir: “Rejissor işi, aktyor seçimi və musiqi tərtibatı səhnə əsərinin uğurla təqdim olunmasına imkan verdi. Bu əsərin prototipi Cəlil Məmmədquluzadənin “Ölülər” və İsi Məlikzadənin “Qatarda” əsərlərində də vardır. Qoqolun “Müfəttiş” əsəri və əsərdəki obrazlar da “Ölülər” əsərindəki kimi ölməz və bütün dövrlər üçün aktualdırlar. Əsər yazıldığı dövrdə qadağan olunmuş, ancaq sonradan Peterburqda tamaşaya qoyulmuşdur. Tamaşadan sonra Qoqola verilən “Əsərdə nə üçün heç bir müsbət obraz yoxdur?” sualına o, aydın və konkret cavab vermişdir: “Vardır! Bu, namuslu və alicənab şəxs gülüşdür!”. “Teatr həyatı öyrədən məktəbdir”, – deyən Ali Məclis Sədrinin bütün dünyada yayılmış pandemiyanın bir sıra çətinliklər yaratmasına baxmayaraq, teatrın, tamaşanın hər zaman aktual olması haqqında fikirləri, yeni tamaşalar hazırlanması və nümayiş olunması ilə bağlı tövsiyə və tapşırıqları muxtar respublikamızda mədəniyyətin, incəsənətin inkişafına böyük qayğı olmaqla, həm də biz gənclərin mənəvi tərbiyəsinə, Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yaxından tanış olmasına göstərilən diqqətdir. Doğma teatrımızın növbəti uğurlu tamaşalarını səbirsizliklə gözləyirik.

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR