Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Təkcə tarixi turizmə marağı olanlar deyil, istənilən hər kəs bura gələrkən şəhəri gəzib-dolaşmaqdan zövq alır. Xüsusilə qədim tarixə malik tikililərlə yanaşı, müasir memarlıq xüsusiyyətlərini özündə əks etdirən milli arxitektura elementləri də bütöv bir şəhər ansamblı fonunda hər kəsi özünə cəlb edir. Bu dediklərimizə bir də şəhərin sakit ab-havasını və çox təmiz küçə və meydanlarını əlavə etsək, mübaliğəsiz olaraq gözəl bir şəhər eksteryerinə sahib olduğumuzu fəxrlə söyləyə bilərik. Bəlkə, elə buna görədir ki, Naxçıvan şəhərinə yolu düşən yerli və əcnəbi turistlərin ən çox diqqətini cəlb edən şəhərin gözəl arxitekturası və hədsiz təmizliyidir.
Müasir urbanizasiya proseslərinin ən gözəl nümunəsini yaratmış bu qədim və müasir şəhər həm də çoxsaylı mədəniyyət müəssisələri, əsasən də, muzeylərlə zəngindir. Bu, bir tərəfdən xalqımızın qədim tarixə, zəngin mədəniyyətə malik olması ilə bağlıdırsa, digər tərəfdən bu tarixi, mədəniyyəti yaratmış böyük şəxsiyyətlərə məxsusluğu ilə əlaqədardır. Təbii ki, muzeylər həm də istənilən şəhər, bölgə haqqında ilkin və ən dolğun mənbələr rolunu oynayır. Elə Qoca Şərqin qapısı sayılan Naxçıvanın paytaxt şəhəri də, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif profilli muzeyləri ilə tanınır. Belə muzeylərdən biri də şəhərin qərb hissəsində – Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksidir. Bu muzey kompleksi haqqında qəzetimizdə indiyədək xeyli sayda məlumatlar gedib. Ancaq bu mədəniyyət müəssisəsinə növbəti dəfə müraciət etməyimizin səbəbi həm də muzey kompleksinin muxtar respublikada özünə ən çox turist cəlb edən mədəniyyət müəssisələrindən biri olmasıdır.
Kompleksdə Naxçıvan xanlarının sarayı, Şərq memarlığının mühüm incilərindən sayılan Möminə xatın türbəsi və daş fiqurların nümayiş etdirildiyi Açıq Səma Altında Muzey yerləşir. Naxçıvan xanlarının iqamətgahında “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Ali Məclis Sədrinin 2015-ci il 4 fevral tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adlandırılmışdır.
Muzey kompleksinin direktoru Nəzakət Əsədova bildirdi ki, buradakı muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 2 min 700-dən çoxdur. Həmin eksponatların 350-si ekspozisiya zallarında, 60-a yaxını Möminə Xatın və 240-dan çoxu Açıq Səma Altında Muzey Kompleksində nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur.
Öyrəndik ki, ötən ilin 11 ayı ərzində muzey kompleksini 288 min 934 nəfər ziyarət edib. Onlardan 54 min 163-ü əcnəbi vətəndaş olub. Müsahibimiz bildirir ki, bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu memarlıq kompleksini Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən gələn turistlər də həvəslə ziyarət edirlər.
Bəs “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini turistlər üçün cəlbedici edən nədir? Qeyd etdiyimiz kimi, bu muzey kompleksi Əcəmi seyrəngahında yerləşir. Seyrəngahın ümumi ərazisi 4 hektara yaxındır. Ərazinin böyüklüyü, burada istirahət üçün lazımi şəraitin yaradılması istər-istəməz hər kəsin diqqətini cəlb edir. Möminə xatın türbəsinin möhtəşəmliyi, onu yaxından görmək istəyi bura yolu düşən hər kəsə maraqlıdır. Yaxınlıqdakı açıq səma altında müxtəlif tarixi daş fiqurların nümayiş olunması da ərazidəki maraqlı obyektlərdən sayılır. Xan sarayı isə istər memarlıq quruluşu, istərsə də interyer dizaynı baxımından çox maraqlı və cəlbedici məkanlardan biridir. Dolayısı ilə, hətta Naxçıvanda heç vaxt olmayan əcnəbi qonaq(lar) kənardan Möminə xatın türbəsini görüb ona yaxınlaşmaq istəyirsə, bir az aralıda səliqə ilə düzülmüş daş fiqurlara və ya Naxçıvan xanlarının sarayına da baxmadan keçə bilmir. Digər tərəfdən ərazinin yaşıllıqlarla əhatə olunması, burada istirahət üçün oturacaqların qoyulması və sair kimi amillər də kompleksin cəlbediciliyini artırır. Təsadüfi deyil ki, muxtar respublikaya gələn turistlərin, demək olar ki, hamısı bu kompleksin ərazisini ziyarət edirlər. Bundan əlavə, kompleksə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının, təhsil müəssisələrinin kollektivləri, eləcə də şəhər sakinləri tez-tez üz tuturlar. Ölkəmizin digər bölgələrindən müxtəlif turizm şirkətləri tərəfindən göndərilən qrupların səyahət planında da bu mədəniyyət müəssisəsinin adı hər zaman ön yerdə olur. Bir sözlə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi mədəni istirahət baxımından hər kəs üçün ideal məkanlardan sayılır.
Muzey kompleksin yerləşdiyi ərazi həm də öz mistik aurası ilə seçilir. Naxçıvanın (Azərbaycanın) dövlətçilik tarixinin izlərini yaşadan abidələr sanki əvvəldən düşünülərək bu ərazidə yerləşdirilib: Atabəylərin yadigarı Möminə xatın türbəsi, Naxçıvan xanlarının iqamətgahı Xan sarayı, müstəqil Azərbaycan dövlətinin banisi – ümummilli lider Heydər Əliyevin yaxınlıqdakı abidəsi, ümumilikdə, Əcəmi seyrəngahını hər birimiz üçün dəyərli edir. Tarix isə yaşamaq haqqını ona verilən dəyərlərdən alır.
Səbuhi HƏSƏNOV