27 Aprel 2024, Şənbə

Gərəkdir, kitabı yalnız oxumaq xətrinə deyil, həm də nəticə çıxararaq öz fəaliyyətin naminə faydalanmaq, kamilliyə yetişərək cəmiyyət həyatında söz, fikir sahibi olmaq üçün mütaliə etməyi qarşına məqsəd qoyasan ki, bu işdən həm mənəvi zövq, həm də istədiyini ala biləsən. Odur ki, faydalı əsər seç və çalış onu hər incə detalınadək oxu. Qarşına çıxan fikirlər üzərində dərindən düşün. Düşün ki, suallar yaransın hafizəndə. Tapdığın cavablar, şübhəsiz, mövzunun məğzini açaraq məsələnin mahiyyətindən hali edəcək səni...

Gəlin yuxarıda sadalanan prizmalardan yanaşaraq “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Əli və Nino” romanının da mənəvi dünyamıza nələr bəxş etdiyini öyrənməyə çalışaq. Başlayaq romanın baş qəhrəmanı, hadisələri nəql edən Əli xan Şirvanşir obrazından. Diqqət yetirək onun xarakterinə, davranışlarına. Yəqin ki, çoxunuzun ağlına ilk olaraq Əlinin Ninoya olan sevgisi gəldi, elə deyilmi? Təbii ki, romanda bu amil özünəməxsusluğu ilə seçilir, ancaq paralel olaraq baş qəhrəmanın Şərq və İslam dəyərlərinə, mədəniyyətinə, doğma torpağına, elinə bağlılığı da mühüm nüans kimi diqqətimizdən yayınmamalıdır. Nümunə üçün “Müharibə – nə gözəl sözdür. Onda kişilik və qüdrət hiss olunur. Amma hər halda, mən burada qalmalıyam. Özümü düşmənin Vətənimizə, şəhərimizə və torpağımıza ayaq basdığı günə hazırlaşdırmalıyam”. Əsərin əvvəlindən sonunadək diqqət etsəniz, görərsiniz ki, baş qəhrəman bu sözləri, sadəcə, dildə deyil, əməlində də göstərir. Son nəfəsinədək sözünün arxasında durur. Vətənin dar günündə onu qoyub qaçmır. Nalayiq, xəyanətkar fikirlərə qarşı əyilməz sədd çəkir. Bəli, o fikirlərin ömrü uzun olur ki, onlar əməldə təcəlla etməyi bacarır. Odur ki, Əli kimi hər birimiz Vətənə, yurda olan məhəbbətimizi, sadəcə, fikirdə ifadə etməklə kifayətlənməməli, fəaliyyət sahəmizdən asılı olmayaraq, əməli işimizdə də göstərməli, böyüklərimizin təlqin etdiyi ailə dəyərlərini, adət-ənənələri qoruyub saxlamalıyıq.

Əsilli-köklü Şirvanşir nəslinin nümayəndəsi – Əlinin atası Səfər xan. Əsl azərbaycanlıya xas el-oba təəssübkeşliyi, iradə, dözüm, mübarizlik var qanında, canında onun. “Əcdadlarının qəhrəmanlığını sən öz qan damarlarında, ürəyində oxumalı idin”, – deyərək oğlunu Birinci Dünya müharibəsi başlandığı andan müharibəyə, torpaqları, yurdu yad əllərdən qorumağa səsləyir Səfər xan. Ata-babalarının qəhrəmanlıqlarını, igidliklərini xatırlatmaqla vətənpərvərlik ruhu aşılayır Əliyə. Eyni zamanda oğlunun yad millətdən olan biri ilə ailə həyatı qurmaq istəyini normal qarşılaması ilə açıqfikirliliyini, tolerant düşüncəsini ortaya qoyur. Əlinin övladının qız olduğunu biləndə “inşallah, gələn dəfə oğlan olar”, – deməklə öz hərəkətlərindən nəticə çıxarmağa səsləyir bizi. Atasının fikirlərinə təmkinlə yanaşır, götür-qoy edir yaddaşında hər sözünü Əli. Səbir, dözüm, iradə kimi xarakterik xüsusiyyətlərin önəmi, dəyəri aşılanır oxucuya. Tolerantlığı, kişi-qadın bərabərliyini də əxz eləyir Əli obrazı. Azadlığın ən şirin nemət olduğunu dərk edərək nişanlısı Ninonun Avropa qadınlarına xas hərəkətlərinə, sərbəstliyinə tənqidi yanaşmır, bir növ, müasirləşməyə, gerilikdən, kasad düşüncədən uzaq qaçmağa çağırış edir o.
“Çubuğun iki başı var. Biri yuxarı, o biri aşağı başıdır. Çubuğu çevirsən, yuxarı baş aşağıda, aşağı baş da yuxarıda olur. Çubuğun özündə isə heç bir şey dəyişmir”, – deyərək ətrafındakı insanların, dostunun, tanışının ona qarşı davranışlarını xarakterizə edir Əli. Bəli, zaman dəyişsə də, insanın xarakteri dəyişən deyil, necə deyərlər, 7-də nəsənsə, 70-də də eləsən, dəyişən, sadəcə, münasibətlərdir. Onun üçün də insanların sənə qarşı səbəbsiz yerə laqeydlik göstərməsini gördükdə əvvəl özünü, davranışlarını mühakimə etməyə çalış, sonra başqasında doğru və ya yanlışlıq axtar. Unutma ki, həyatda baş verən istər pis, istərsə də yaxşı, hər hadisədə bir səbəb mütləq vardır.
Yaxşı təhsil və tərbiyə almış nümunəvi bir gürcü qızıdır Nino Kipiani. Avropa mədəniyyətinin güzgüsüdür, sanki o. Hərəkətlərinə diqqət edəndə azərbaycanlılara xas sədaqəti, həyat yoldaşına qarşı əksilməyən hörmət-izzətini də görürük Ninonun. Əlidən onu qaçırmaq deyil, əsl adət-ənənəyə uyğun gəlib valideynlərindən istəməyini xahiş edir, sonadək qoruyur öz sevgisini, ismətini. Anasının, atasının onda Əliyə qarşı mənfi fikirlər, laqeyd münasibət yaratmaq cəhdlərinə rəğmən fikrindən əl çəkmir. Nino Kipianinin kiçik bir mübarizəsindən biz oxuculara nələrin sirayət etdiyini düşünək. Gördüyümüz bütün işlərdə, atdığımız addımlarda Nino kimi biz də çətinliklərlə, maneələrlə qarşılaşmırıqmı? Təbii ki, həyat varsa, yaxşı gələcək üçün çalışırıqsa, çətinlik qaçılmazdır. Zaman-zaman yolumuza sədd çəkməyə çalışan da tapılır, görmək istədiyimiz işə qarşı çıxan da. Ancaq möhkəm iradə və məqsədin varsa, qarşına çıxan heç bir maneə səni qorxudub getdiyin düz yoldan çəkindirə bilməz. Mövlana Cəlaləddin Ruminin dediyi kimi: “Hər şey üstünə gəlib, səni dözə bilməyəcəyin bir nöqtəyə gətirdiyində, əsla imtina etmə! Çünki ora gedişatın dəyişəcəyi yerdir”. Ona görə də zəhmətkeşlik göstərməklə bərabər səbir, dözüm və iradəli olmalı insan, zira başqa cür uğur, nailiyyət qapısını açmaq mümkün deyil.
Gürcüstanın tanınmış nəsillərindən birinin nümayəndəsi olan Knyaz Kipiani. Nələr əxz edir bu obraz bizə. Gəlin dərindən düşünək, onun hərəkətlərini xarakterizə edək hafizəmizdə. Şöhrətpərəst və hiyləgər insandır Knyaz. Qızının Əliyə olan sevgisinə kölgə salmağa çalışır, müharibəni bəhanə edərək onların nikahını yubatmağa cəhd edir o. Bununla belə, övladını sevir, onun yaxşılığını hər şeydən üstün tutur, Knyaz. Elə bu səbəbdən də erməni Naxararyan öldürüləndən sonra qüruruna yenilərək qızının şərəfini xilas etmək üçün ailəsini də götürüb Səfər xanın qapısına getməkdən çəkinmir Knyaz. Valideyn olmağın məsuliyyətini dərk etdirir bu obraz oxucuya. Övladına qarşı laqeyd olma, onu həyatın keşməkeşli yollarında tək buraxma, – deyir atalara Knyaz Kipiani!
“Sən köləsən, sən oğrusan, sən qorxaqsan, çünki sən ermənisən”, – deyən böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin sözlərinə bu əsəri oxuduqdan sonra bir daha haqq verməyə bilmirsən. İkiüzlülük, xainlik, qorxaqlıq, zəiflik kimi xüsusiyyətlərin daşıyıcısıdır Məlik Naxararyan obrazı. Əcdadları kimi saman altdan su yeritməyi gözəl bilir. Əlinin ona göstərdiyi inam və etibarına qarşı alçaqlıq, xainlik göstərir Naxararyan. Təbiətcə olduqca aciz və zəif, eyni zamanda çoxbilmiş, hiyləgərdir. Danışıq qabiliyyəti, şirin dili ilə Əlini də, Knyaz Kipianini də ələ almağa nail olur, Naxararyan. Millətinə xas olaraq öz mənfəətlərinə çatmaqdan ötrü min cür dona girməyi şərəfli iş hesab edir, “tolerantlığın”, “çoxmədəniyyətliliyin” müdafiəçisi kimi tanıdır özünü. Saxta mehribanlığı, yalançı səmimiliyi, yaltaqlığı və namərdliyi ilə hər kəsin, o cümlədən Əlinin, Ninonun ürəyinə yol tapır. Necə deyərlər, yalan ayaq açar, amma yeriməz. Gec-tez tutduğu biabırçı əməlinin qurbanı olan Naxararyan ibrətamiz bir həyat dərsidir bizlər üçün...
Yekun fikir olaraq böyük rus yazıçısı Aleksandr Gertsenin gözəl bir sözünü xatırlatmaq istərdim: “Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir”. Fikrimcə, ədəbiyyatımızda özünəməxsusluğu ilə seçilən bir sıra əsərlər kimi, məhz “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Əli və Nino” romanını da mövzu baxımından aktuallığını itirməyən dəyərli miras hesab etmək mümkündür. Gimnaziyadakı coğrafiya dərsində Avropa və Asiya qitələri ilə bağlı müəllimlə şagirdlər arasında yaranan kiçik mübahisələrlə, Şərqlə Qərb adət-ənənələri, dəyərləri barədə bir-birindən maraqlı mülahizələrlə başlayan əsər Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun anbaan yaxınlaşmasını, erməni-rus birləşmələrinin xalqımızın azadlıq səsini boğmaq cəhdlərini ruha, qəlbə təəssüf hissi ilə hopdurur, iki gəncin sevgi hekayəsi fonunda o dövrün hadisələrini yenidən yaşadır oxucusuna. Sovet qılıncının dalının da qabağı qədər kəskin, iti olduğu bir dövrdə işıq üzü görən bu romanı oxuduqca yazıçının cəsarətinə, sözün kəsərliliyinə heyran qalmaya bilmirsən...

- Nail ƏSGƏROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR