28 Aprel 2024, Bazar

Qədim tarixə, zəngin mədəniyyətə malik olan xalqımızın musiqi mədəniyyəti əsrlərdən bəri enişli-yoxuşlu inkişaf yolu keçmişdir. XX əsri alimlər Azərbaycanın mədəniyyət və ədəbiyyatında qızıl bir səhifə kimi dəyərləndirirlər. Zaman keçdikcə qiyməti daha da artan bu səhifənin ən dəyərli incilərindən biri də Azərbaycan bəstəkarlarının yaradıcılıq yoludur. Dahi Qara Qarayevin tələbəsi olmuş bəstəkar Tofiq Bakıxanov da musiqi tariximizdə öz sözünü demiş, özünəməxsus yer tutmuş musiqi xadimlərindəndir.
Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçılarından biri, çoxaspektli və geniş yaradıcılıq fəaliyyətinə malik olan, milli ənənələrə böyük məsuliyyət və ciddiliklə yanaşan, əsərlərində yüksək peşəkarlıq və orijinal yanaşma tərzi nümayiş etdirən, yaradıcılığı, əsasən, XX əsrin ortalarında formalaşmağa başlayan Tofiq Bakıxanov bu günədək, demək olar ki, operadan başqa, musiqinin bütün janrlarında əsərlər yazmış, musiqili səhnə əsərləri – baletlər, musiqili komediyalar, simfonik orkestr üçün, xor üçün əsərlər, instrumental musiqilər, kamera-vokal əsərlər və digərləri onun qələminin məhsulu olmuşdur. Zəngin yaradıcılıq irsi yaratmış bəstəkarın hər bir əsəri – istər irihəcmli, istərsə də kiçikhəcmli əsərləri olduqca qiymətlidir.

Azərbaycanda əsrlərdən bəri öz sözünü demiş, tarix yazmış Bakıxanovlar nəslinin davamçısı olaraq üzərindəki məsuliyyəti tam mənası ilə dərk edən bəstəkar Tofiq Bakıxanov Azərbaycan musiqi tarixinə yüksək məharətlə öz adını yazdırmışdır. Təsadüfi deyil ki, akademik Budaq Budaqov onu “Xan nəslinin xan bəstəkarı” adlandırmışdır.
Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında Skripka ixtisası üzrə təhsil alan (1948-1953) gənc Tofiq bəstəkar olmaq arzusu ilə 1953-1957-ci illərdə Q.Qarayevin sinfində təhsilinə davam edir.
Atası Əhmədağa Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsaslı bünövrə olması ilə yanaşı, dahi Qara Qarayevin sinfində musiqinin incəliklərini öyrənməsi Tofiq Bakıxanovun dünyagörüşünün, yaradıcılıq üslubunun formalaşmasına, professional zirvəyə çatmasına səbəb olmuşdur.
1958-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv seçilən bəstəkarın əsərlərində xalq musiqisi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaradır. Belə ki, o, istər irihəcmli, istərsə də kamera əsərlərində milli musiqi xəzinəsindən bacarıqla bəhrələnərək uğurlu bədii nəticələrə nail olur.
Azərbaycan musiqi tarixində ilklərə imza atan Tofiq Bakıxanov ölkəmizdə ilk solist skripkaçılardan olmuş, viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq müraciət etmiş, Azərbaycanda ilk birpərdəli balet yazmışdır.
1950-ci illərdən başlayaraq Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda skripkaçı kimi fəaliyyət göstərməsi də bəstəkarın uğurlu yaradıcılıq yolundan xəbər verir. O həm də görkəmli bəstəkarlarımızın bir sıra əsərlərinin ilk ifaçısı olmuşdur.
Qeyd etdiyimiz kimi, Tofiq Bakıxanov məhsuldar bir bəstəkar olmuşdur. Onun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil etsə də, bəstələdiyi üç balet (“Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsert, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlər, 9 fuqa, 5 prelüd, silsilə uşaq pyesləri, 120-dən artıq mahnı və romans bəstəkarın çoxşaxəli yaradıcılığından xəbər verir.
Tofiq Bakıxanovun yaradıcılığında onun ən uğurlu əsərlərindən biri 1968-ci ildə yazdığı “Xəzər balladası” birpərdəli baleti olmuşdur. Ümumittifaq müsabiqəsində II dərəcəli diploma layiq görülən bu əsər 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalı günlərində müvəffəqiyyətlə səhnələşdirilmiş, bundan sonra Fransanın müxtəlif şəhərlərində 30 dəfədən çox yüksək səviyyədə ifa edilərək uğur qazanmışdır.
“Xəzər balladası”nın uğurlarından ruhlanan bəstəkar daha sonra yenə bu janra müraciət etmiş, görkəmli rus şairi S.Yeseninin “Persid motivləri” əsasında “Şərq poeması” və dahi Azərbaycan şairi, mütəfəkkir və filosofu olan Nizaminin 850 illiyinə həsr olunmuş “Xeyir və Şər” baletlərini yazmışdır.
Azərbaycan və eləcə də dünya musiqi tarixində unikal janr olan simfonik muğam janrına müraciət edən bəstəkar bu sahədə yaratdığı “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə musiqi xəzinəmizi zənginləşdirmişdir. Atası Əhmədağa Bakıxanovun ifası əsasında bəstələdiyi bu simfonik muğamlarda Tofiq müəllim ustadın fərdi ifa tərzi və muğam-təfsir üslubunu qoruyub saxlamışdır.
Simfonik yaradıcılığından bəhs edərkən qeyd etməliyik ki, müxtəlif illərdə yazdığı 8 simfoniyasının partiturası milli koloriti, obrazlı tematizmi, musiqi obrazlarının aydınlığı, ifadəli mövzuları ilə yanaşı, həm də bəstəkarın ifadə vasitələrindən məharətlə istifadə etməsini göstərir. Onun 7 saylı “Qarabağ harayı” simfoniyası bəstəkarın ürəyindəki Qarabağ nisgili, xalqımızın bu yöndə başına gətirilən müsibətlərin ifadəsi kimi səslənir. Qarabağın qeyri-adi gözəl təbiəti, büllur sulu bulaqları, ətirli çəmənlikləri, uca dağları simfoniyanın musiqi dili ilə aydın şəkildə dinləyicinin gözləri önündə canlanır. “Azərbaycan” simfoniyası (8 saylı) isə Tofiq Bakıxanovun Vətənə məhəbbətinin bariz nümunəsi və əsl himn kimi səslənir. Bəstəkar bu əsəri dahi Üzeyir Hacıbəyliyə həsr etmişdir.
Tofiq Bakıxanov Azərbaycan bəstəkarlarının çox az müraciət etdiyi bir janra – ikili konsert janrına da yaradıcılığında yer vermiş, bu sahədə 2 əsərin – skripka, violonçel və simfonik orkestr üçün ikili konsert, həmçinin, tar, skripka və simfonik orkestr üçün ikili konsert müəllifi olmuşdur. Bəstəkarın kamera-instrumental janrda bəstələdiyi əsərlər ifaçılıq praktikasında və tədris repertuarında əsas yer tutmuş, beynəlxalq festivalların proqramına daxil edilmişdir.
Bəstəkar yazdığı sonatalarda Şərq xalqlarının musiqi folkloruna müraciət etmiş, hər bir xalqa məxsus milli koloriti təbiət təsvirləri, lirik-dramatik obrazlar vasitəsilə özünəxas bir tərzdə əks etdirmiş, xalq musiqi element­lərindən bacarıqla faydalanmışdır.
Tofiq Bakıxanov “Türk rapsodiyası”, “Küzey Kıbrıs süitası”, 6 nömrəli “Türk simfoniyası”, “Türk eskizləri”, “Şərqdən gələn sədalar” simfoniyettaları, Mustafa Kamal Atatürkə həsr olunmuş “Dünya durduqca yaşa” kimi əsərlərində qardaş ölkələrə sevgisini ifadə etmişdir.
Bütün incəsənət xadimlərimiz kimi, Tofiq Bakıxanov da doğma Vətənimizə, onun gözəlliklərinə, tarixinə həsr olunmuş çoxsaylı əsərlərin müəllifidir. Xüsusilə kamera-vokal janrında yazdığı əsərlərdən “Gözəlliklər məskəni”, “Vətən nəğməsi”, “Azərbaycan”, “Qobustan qayaları”, “Azərbaycan bayrağı”, “Qarabağ”, “Azərbaycan gölləri”, “Abşeron bağlarında” və digər mahnıları onun Vətən sevgisindən xəbər verir.
Tofiq Bakıxanovun yaradıcılığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də onun xalq musiqisini dərindən mənimsəməsi və bunu öz əsərlərində əks etdirməsidir. Xalq musiqisinə, muğamlara maraq və məhəbbət hələ uşaq yaşlarından onun qəlbində, yaddaşında həkk olunmuş və xalq musiqi elementləri, muğam intonasiyaları bəstəkarın istər kiçik, istərsə də böyükhəcmli əsərlərinin musiqi mətnində özünü göstərmişdir. Təsadüfi deyil ki, Tofiq müəllimin yaradıcılığında həm də Azərbaycan xalq mahnılarının xor üçün, skripka və fortepiano üçün işləməsinə rast gəlinir.
Tofiq Bakıxanovun həyat və yaradıcılığında Naxçıvana olan xüsusi məhəbbəti də qeyd olunmalıdır. Naxçıvanı “Ulu və müqəddəs diyar” adlandıran bəstəkar son dövr yaradıcılığında məhz Naxçıvanla bağlı mövzulara geniş yer vermişdir. Belə ki, bəstəkarın simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, Naxçıvana həsr olunmuş mahnıları (“Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və başqaları) onun bu qədim diyara məhəbbətinin ifadəsidir. Ümummilli lider Heydər Əliyevdən bəhs edən “Həmişə bizimləsən” adlı simfonik poeması da bəstəkarın məhz Naxçıvan səfərlərindən sonra ərsəyə gəlmiş, ilk dəfə məhz Naxçıvanda – bəstəkarın 75 illik yubiley tədbirində səsləndirilmişdir.
Təsadüfi deyil ki, mədəniyyətimizin böyük himayədarı olan ulu öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı, sənətə və sənətkara yüksək diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da Tofiq Bakıxanov yaradıcılığına böyük diqqət göstərmiş, verdiyi sərəncamlar ilə muxtar respublikada Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda bəstəkarın ulu babası Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adını və Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə təsis edilmiş Qızıl medalı almaq da Tofiq Bakıxanova nəsib olmuşdur.
Ali Məclisin Sədri bəstəkarın yaradıcılığını hər zaman yüksək qiymətləndirmiş və öz ürək sözlərini belə ifadə etmişdir: “Tofiq Bakıxanovun yaradıcılığında Şərq təfəkkür tərzi ilə Qərb musiqi mədəniyyəti özünəməxsus şəkildə vəhdət təşkil etmişdir. Bu əsərlərin mövzusu Şərq və ya Azərbaycan mühitindən götürülsə də, musiqi dili, bəstəkarlıq üslubu Avropa musiqi mədəniyyətinə xas olan yüksək professional səviyyədə təcəssüm etdirilir. Bu mənada, Tofiq Bakıxanov yaradıcılığı beynəlxalq musiqi standartları səviyyəsinə çıxaraq özünə əbədi yaşamaq haqqı qazanmışdır... Tofiq Bakıxanov, sözün həqiqi mənasında, musiqi fədaisidir”.
Bəstəkarın yubiley yaşları hər zaman ölkəmizdə böyük təntənə ilə qeyd edilmiş, onun yaradıcılığına həsr olunmuş elmi-praktik konfranslar, festivallar təşkil olunmuşdur.
Tofiq Bakıxanovun əsərləri nəinki Azərbaycanda, keçmiş Sovetlər Birliyi və eləcə də dünyanın bir çox ölkələrində – Avstriya, Yuqoslaviya, Fransa, İsveçrə, Bolqarıstan, Almaniya, Rumıniya, İngiltərə, Şotlandiya, İsveç, Türkiyə, İranda uğurla səsləndirilmişdir. Bəstəkarın müxtəlif ifaçılar tərəfindən ifa olunmuş əsərləri lentə yazılmış, Azərbaycan və Moskva radiosunun qızıl fonduna daxil edilmişdir.
Tofiq müəllim öz missiyasını təkcə bəstəkarlıqla çərçivələmir, eyni zamanda onun müəllifliyi ilə çap olunmuş “Musiqili ömrüm”, “Musiqi düşüncələri” (I və II hissələr), ilk naxçıvanlı professional bəstəkar M.Nəsirbəyov haqqında (bəstəkar Nazim Quliyevlə birlikdə) yazdığı kitablar da böyük əhəmiyyət daşıyır. Bundan başqa, bəstəkar həm də vaxtaşırı dövri mətbuatda musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik, maarifləndirici məqalələrlə çıxış edir.
Tofiq Bakıxanov musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi həyatının müxtəlif illərində respublikada və xaricdə bir çox beynəlxalq musiqi festivallarında, müsabiqələrdə iştirak etmiş, Moskvada, Tbilisidə, İstanbul, İzmir, Tehran, Bolqarıstanda onun 60-dan çox müəllif konsertləri keçirilmişdir. Bəstəkar və onun əsərləri haqqında çox sayda resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, “Tofiq Bakıxanov” adlı televiziya filmi çəkilmişdir. İnanırıq ki, gələcəkdə də bəstəkarın əsərləri haqqında çox sayda elmi-tədqiqat işləri, dissertasiyalar, elmi məqalələr meydana gələcək, onun yaratdığı əsərlər, araşdırılıb təhlil olunacaq. Tofiq Bakıxanov təkcə istedadlı sənətkar deyil, həmçinin olduqca dəqiq, məsuliyyətli, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, yüksək insani keyfiyyətlərə malik böyük şəxsiyyətdir.
90 illik yubileyini Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun şücaəti ilə şanlı Vətən müharibəsinin qələbəsi ilə qeyd edən böyük bəstəkarın 95 illik yubileyini möhtəşəm festivalla Azərbaycanımızın musiqi beşiyi olan Şuşada qeyd etmək arzusu ilə...

Günay MƏMMƏDOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR