28 Aprel 2024, Bazar

Dekabrın 4-də Naxçıvan Dövlət Filarmoniyasında “Yallılar dünəndən bu günə” kitabının təqdimatı keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə açaraq bildirib ki, bu gün Naxçıvanda mövcud olan yallılarımızın araşdırılması, tədqiqi və təbliği istiqamətində təqdirəlayiq tədbirlər həyata keçirilməkdədir. 2018-ci ilin noyabr ayında “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəni siyasətin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur.

Qeyd olunmuşdur ki, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli bu Sərəncamı xalq yaradıcılığımızın digər nümunələri kimi, yallılarımızın da araşdırılması, təbliği və tədqiqinə başlanmasına rəvac verdi. Bir müddət sonra yallılarımızın ictimaiyyət tərəfindən öyrənilməsi, yaşadılması prosesinin geniş vüsət aldığı bir məqamda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yallı sənəti ilə bağlı tədqiqatlar aparıldı, bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirildi, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanaraq aidiyyəti üzrə təqdim olundu. Nəticədə, milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızın YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi kimi əhəmiyyətli tarixi-mədəni uğur qazanıldı.
“Ali Məclis Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı da xalq yaradıcılığının, xüsusilə yallılarımızın araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük qayğının daha bir ifadəsidir”, – deyən Natəvan Qədimova qeyd edib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Şərur yallılarının reyestrinin aparılması məqsədilə Mədəniyyət Nazirliyində komissiya yaradılıb. Həmin komissiya tərəfindən bu günə kimi reyestrə 94 yallı növü daxil edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq bu günlərdə “Yallılar dünəndən bu günə” kitabı işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilmiş “Yallılar dünəndən bu günə” kitabında oxucular yallıların forması və bədii xüsusiyyətləri ilə yanaşı, yaranma tarixi və musiqi analizi haqqında da məlumat əldə etmiş olacaqlar. Həmin yallıların notları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Əkrəm Məmmədli, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev və Kənan Məmmədli tərəfindən “Şərur” Xalq Yallı Ansamblının, eləcə də yallılarımızı yaddaşlarında yaşadan soydaşlarımızın ifasından nota alınıb. Yallılar haqqında məlumatların Azərbaycan, ingilis və rus dillərində təqdim edilən kitabın məziyyətlərindən biri də haqqında bəhs edilən yallıların bir neçəsinin videoyazısından ibarət kompakt diskin nəşrin üz qabığına əlavə edilməsidir.
“Yallılar dünəndən bu günə” kitabının işıq üzü görməsi münasibətilə mədəniyyət ictimaiyyətini və tədbir iştirakçılarını təbrik edən Natəvan Qədimova xalqımızın qədim yaddaşı olan yallıların tədqiqi, təbliği, həmçinin bu kitabın nəfis tərtibatla çap olunmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, kitabın rəyçisi Yaşar Xəlilov və “Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva çıxış ediblər.
Təqdimat mərasimində kitaba əlavə edilən DVD diskdəki yallıların bir neçəsinin videonümayişi olub, sonda isə “Yallılar dünəndən bu günə” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR