Bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Biz pedaqoqların, bütövlükdə maarif işçiləri qarşısında mühüm bir vəzifə durur: Azərbaycanı sevən, onun keşiyində duraraq ona xidmət edən, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək.
Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı biliklər sistemi XX yüzildə mütəfəkkir zəka sahibləri tərəfindən daha da inkişaf etdirilmiş, yeni ideyalarla zənginləşdirilmişdir. Təbii ki, hər bir tarixi mərhələdə tərəqqipərvər insanları ilk növbədə vətəninə və xalqına bağlı yeni nəsillərin təlim-tərbiyəsi ciddi şəkildə düşündürmüş, bu səbəbdən elmi-estetik fikrin diqqəti birbaşa insan konsepsiyasına yönəlmişdir.
Təcrübədən də məlumdur ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən şair və yazıçıların həyat və yaradıcılığının şagirdlərə öyrədilməsi onların vətəndaşlıq tərbiyəsinə, şəxsiyyət kimi formalaşması və inkişafına müsbət təsir göstərir. Bu baxımdan xalq şairi Məmməd Arazın ölməz əsərləri qiymətli pedaqoji ideyaları yaşadan bənzərsiz sənət örnəkləri olmaqla xalqımızın bədii-estetik yaddaşında xüsusi yer tutmaqdadır. Məmməd Arazın poeziyası başdan-başa vətənə məhəbbət, vətəndaşlıq ideyaları ilə yoğrulmuşdur. Müasir dövrümüzdə yetişən nəslin bu ideyalar ruhunda tərbiyələnməsi çox böyük əhəmiyyətə malikdir.
Məmməd Araz “Vətən mənə oğul desə” şeirində vətən qarşısında məsuliyyətini, borcunu, üzərinə düşən öhdəliklərini, vəzifələrini dərindən dərk etdiyini anladır. Sadəcə, Vətənin ona oğul deməsini özü üçün ən böyük xoşbəxtlik sayır, vətən qayalarında adi bir mamır kimi bitməsi də ona kifayətdir:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim-
Xəzanımdır, xəzanımdır, xəzanım.
Bu, fikrimizcə, vətəndaşlığın ən uca zirvəsinə çatmağın konkret yolu, müəyyən mənada düsturudur. Məhz bütün ömrü boyu bu ideyaları təbliğ edən Məmməd Arazın ədəbi və pedaqoji irsini yaymaq çox vacibdir.
Şair “İnsan qayalar” şeirində qəti şəkildə vurğulayır ki, vətənin torpağını, dağını, daşını, dərələrini, ucsuz-bucaqsız çöllərini, kəhraba zəmilərini və s. sevmədən, vətənin daşına dönüb onu qorumadan ölkə vətəndaşı ola bilməzsən:
Bu basılmaz nərlər – ərlər,
Bu qaya sərkərdələr
Onda məni – bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...
Vətəni xoş güzəran, firavan həyat, imtiyazlar üçün sevmirlər. Əgər kimsə düşmənin ayağına ilişib onu yıxan daş, əsgərimizi güllədən qoruyan bir qaya parçası qədər xalqa xeyir vermirsə, ondan əsl vətəndaş ola bilməz.
Xalqın gələcək taleyinin böyüyən nəslin vətəndaşlıq tərbiyəsindən asılı olduğunu aydın dərk edən Məmməd Araz “Ayağa dur, Azərbaycan” şeirində babaların dilindən Azərbaycan xalqının hər bir nümayəndəsinə, bütün mərd oğullara müraciət edərək vətənimizin dar günündə “Ayağa dur” – deməklə Vətəni qorumağa, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə, lazım gələrsə Vətən uğrunda canından keçməyə hər an hazır olmağa çağırır:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gürşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
“Ayağa dur” – deyən şair Vətənin müdafiəsinə, onun dar günündə ayağa qalxmasını hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırır. Şair yetişən nəslə bu fikri təbliğ edir ki, Vətəndən başqa hər şey bölünə bilər. Vətəndən başqa hər kəs, hər şey ölə bilər. Amma Azərbaycan ölə bilməz, Azərbaycanı bölmək olmaz. Şair eyni zamanda Azərbaycanın “vulkan” kimi yatmış vətən oğullarına müraciət edir və onları “vulkan” kimi püskürərək Vətənin müdafiəsinə qalxmağa, işğal altında qalmış torpaqlarımızı azad etməyə çağırır.
Şair yaxşı bilir ki, Vətəni sevən, lazım gələrsə onu azadlığı uğrunda canından hər an belə keçənlər “bir daşa da minnət qoyub, pay ummayacaq”:
Öz şöhrəti heykəlinə dəmir əridən
Vətəndaşın vətəni də bir evdir ancaq.
Vətən üçün can əridən, ömür əridən –
Bir daşa da minnət qoyub, pay ummayacaq.
Və yaxud:
Bir şair arzusu görən, nə deyir,
Bir ümid istərmi qəlbi şən olsun?!.
O dərman istəmir, Vətən istəyir!
Dərdli, yoxsul olsun – tək Vətən olsun...
Şairin “O dərman istəmir, Vətən istəyir!”, “Dərdli, yoxsul olsun – tək Vətən olsun” kimi misralarla Vətənə olan hədsiz sevgisini göz önünə gətirir. Bütün bunlar hər bir yeniyetmə və gəncə mənəviyyat bütövlüyünü dərindən dərk etdirən keyfiyyətlərdir. Elə bu mənada da Məmməd Araz yaradıcılığının əsas cəhətlərini bu istiqamətə yönəldir və vətənpərvərlik ruhlu şeirlərilə xalqı mübarizəyə səsləyərək deyirdi ki, Azərbaycan torpağı hər birimizin son kəfəni olmalıdır:
Mən illər dəniyəm, illər – dənimdi,
İllərə qəniməm, illər qənimdi.
Azəri torpağı son kəfənimdi,
Doymaram bu qara bezimdən mənim.
Şair Vətən mövzusunda yazdığı şeirlərlə milliliyin dərk olunmasına, xalqımızın mənlik şüurunun güclənməsinə, yurddaşlarımızın özünüdərkinə güclü təsir göstərmişdir. Şəxsiyyət məhz milli mənlik şüuru vasitəsilə öz millətinə və Vətəninə bağlılığını ifadə edən hissləri və ideyaları öz daxili dünyasına və öz “mən”inə çevirir”.
Şair “Sənə inanıram” adlı şeirində yetişən nəslə üz tutaraq Vətən torpağının müdafiəsində durmaq, ərazi bütövlüyünü qorumaq, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün həmişə ayıq-sayıq olmağı, əlinin tətikdə, gözünün üfüqdə olduğunu xatırladaraq yazırdı:
Qeyrətdən güc alar gücü az ölkə,
Ölkə yox, ölgədir qorunmaz ölkə.
Bu, mənim vəzifəm: əli qələmdə,
Bu, mənim vəzifəm: sözü kürsüdə...
Bu, sənin vəzifən: əli tətikdə,
Bu, sənin vəzifən: gözü üfüqdə...
Yaxud da:
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm!
Bu çağırış vətənin hər bir övladına ünvanlanırdı. Şair haqlı olaraq qeyd edirdi ki, milli qüruru, milli qeyrəti olan hər bir insan vətənin dar günündə ayağa qalxaraq Vətən deməlidir.
Qeyd edək ki, Vətən, millət, azadlıq ruhunda yazılan belə şeirlər insan psixologiyasının dərin qatlarına işıq saçaraq onları mənəvi zənginliyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə səsləyir.
Məmməd Araz yaradıcılığı boyu bu fikri təbliğ edir ki, hər bir vətəndaş vətənin, xalqın azadlığı, torpaqlarının bütövlüyü uğrunda dayanmadan fəal, ciddi mübarizə aparmalıdır. Şairin şeirlərinin ideya xəttindən də aydın olur ki, onun məqsədi vətəni, xalqı müdafiə edən, düşmənə qarşı mübarizə əzmi olan, torpaqları yad nəzərlərdən qorumağa və torpaq uğrunda hər an belə canından keçməyə hazır olan mərd, mübariz vətənpərvərlər yetişdirməkdi:
Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir,
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.
Şeirdəki “Son atəş də, son zərbə də səninkidir, oğul əsgər, əsgər oğul mərd igiddir” kimi misralar yetişən nəsildə mübarizlik, mətnlilik, cürətlilik, döyüşgənlik, torpaq uğrunda canını fəda etmək istəyi kimi mənəvi keyfiyyətlərin baş qaldırmasına və onların mənəvi simasının zənginləşməsinə təkan verir.
Şair-pedaqoqun vətənpərvərlik ideyasına görə, Vətəni hamı sevməli və qorumalıdır. Bu məqsədlə şair “Bizi vətən çağırır” şeirində Vətənin müdafiəsinə qalxmağa, fədailik və fədakarlıq göstərməyə, onun uğrunda hər şeydən keçməyə və hətta ölməyə belə hər bir vətən övladı hər an hazır olmalıdır deyir:
İndi bizim ölümlə,
Çarpışan çağımızdı.
Ölümün boğazından,
Yapışan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Yaxud da:
Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!
Bu parçadan aydın olur ki, Məmməd Araz Vətən oğullarına müraciət edərək babaların məzarının, ataların vüqarının, körpələrin yuxusunun, “Vətən ölməz” duyğusunun qorunması zəruriliyini vurğulayır.
“Yerlər” şeirində də şair Vətən torpağının hər şeydən müqəddəs olduğunu, onun qanımıza, canımıza hopduğunu, lazım gələrsə onun yolunda canını belə əsirgəməməyi dönə-dönə xatırladır:
Vətən sevgisində birinci ada
Birinci çatmağa pay yetər mənə.
Burda birincilik:
Vətən yolunda
Birinci ölməyi öyrədər mənə!
Yaxu da:
Bu gün gərək
Hər anımız Vətən! – desin.
Qılıncımız, qalxanımız
Vətən! – desin!
Təxminimiz, gümanımız,
Vətən! – desin.
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin!
Məmməd Araz yekdilliklə belə fikirdə idi ki, valideynlər ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza belə düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıdır. Eyni zamanda bu söhbətlərdə erməni satqınlığından, xəyanətkarlığından danışılmalı və göstərilməlidir ki, xalqımız bu satqınlığın, xəyanətkarlığın neçə yüz illər əvvəldən bəlasını çəkmiş və indi də çəkir. Ona görə də ehtiyatlı olmalı, erməni fitvasına uymamalı, milli birliyin, milli həmrəyliyin pozulmasına yol verilməməlidir. Həm də bu söhbətlər elə aparılmalıdır ki, yaddaşlara həkk olunsun və heç vaxt yaddan çıxmasın.
Bu məqsədlə vətənpərvər şair “Güzəşt” şeirində yazırdı:
O qədər güzəştə getdim, bu haqqı
Çox azlar yenə də çox az bildilər.
Ayağım altında qədim torpağı
İndicə sərilmiş palaz bildilər.
Babam da beləcə, atam da belə
Toruna düşənə güzəştə getdi.
Torundan qaçana güzəştə getdi,
Yelə bağışladı yel aparanı.
Selə bağışladı sel aparanı.
O qədər güzəştə getdim, axırda
Palazım dartıldı ayağım altdan.
Tarixlərdən bəri sapı özündən olan özümüzkülərin, ətimiz ətindən, qanımız qanından olan üzdəniraq vətəndaşlar vətənin içində parçalanma niyyətində olduqlarını açıqdan-açığa göstərirdilər. Vətənpərvər şair artıq içimizdə parçalanmağımızın bizi getdikcə zəifliyə aparıb çıxardığını görərək Şah İsmayıl Xətainin ruhuna itihaf etdiyi “Ulu şahım, qılıncına söykənim” adlı şeirində yazırdı:
Şah Xətai, qüvvətimiz haçalanır,
Qüdrətimiz, qeyrətimiz haçalanır,
Varlığımız çiliklənir, parçalanır,
Ulu Şahım, qılıncına söykənim!
İçimizdə döyüş gedir, vuruş gedir,
Özümüzdən özümüzə yürüş gedir...
Biz qılıncı tərs tutmuşuq;
Özümüzü kəsir ağzı;
Qəh-qəh çəkir düşmən-azğın.
Biz qılıncı tərs tutmuşuq
Və beləcə özümüzü unutmuşuq...
Ulu Şahım, qılınc çalmaq öyrət bizə!
Bu nümunələrdən aydın görünür ki, şair “İçimizdə döyüş gedir, vuruş gedir”, “özümüzdən özümüzə yürüş gedir…” misraları ilə sapı özümüzdən olan baltaları – daxili xəyanətkar qüvvələri canlandırmaqla, həmin hadisələrdən ibrət almağa çağırır. Vaxtilə Məhəmməd peyğəmbər deyirdi ki, millətin içində xəyanət olmasa, düşmən qarşımızda tab gətirə bilməz. Şair eyni zamanda düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etmək və bu mübarizədə qələbə qazanmaq üçün Şah İsmayıl Xətaiyə xitabən “Ulu Şahım, qılınc çalmaq öyrət bizə!” – deyir.
Bütün bunlara rəğmən Məmməd Araz vətəndaş ruhlu şeirlərində öz içimizdə parçalanmamağı, yumruq-xalq, xalq-yumruq olmağı istəyirdi. Bu istəklə şair “Yaxşılar” şeirində xalqı bir-birini qorumağa və birlik olmağa səsləyirdi:
Hünər zamanın da qəddini gərir,
İgidlər ərləşir ərgən çağında.
Xəyanət selinən, yelinən gəlir,
Ədalət gələndə quş caynağında!
Amandı, qoruyun, bir-birinizi!
…Baxın, bir baxışla kim bunu anlar,
Düşmən qılıncında – bu dost əlidir!
Təbrikə, təhrikə mahir olanlar
Güdaza verməyə səriştəlidir.
İlahi, nə çoxmuş çayır kimilər!
Ayıqlar qütbündə ayıq kimilər...
Amandı, qoruyun birliyinizi!..
Məmməd Araz müharibə başlanan gündən hər vaxt cəbhə bölgəsində olmuş, əsgər övladlarımızı mübarizəyə ruhlandırmış, onlara qol-qanad vermişdir. Şair ömrünün son günlərində belə, səhhətinin və havaların namünasib olmasına baxmayaraq, min bir əzabla sərhəd bölgələrinə qonaq olmuşdur. Onun əsgərlərə verdiyi mənəvi güc yeniyetmələrimizə bariz nümunədir. Şairin “Murova qar yağırdı” şeiri də Murov dağ cəbhə bölgəsindən xəbər verir:
Döngəni düz, düzü döngə eyləyən
O qarların altından
gizli cığır keçəcək,
O qarların üstündən açıq cığır keçəcək,
O, qorxmazlar cığırı, igid ərlər cığırı,
O, cəsarət cığırı,
yenməz hünər yoludur,
O, dönməzlər yoludur, qalib əsgər yoludur;
...Bir azdan qar tutacaq
Keçidləri, yolları;
Bircə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı
Murova qar yağırdı...
Şair “O qarların altından gizli cığır keçəcək, o qarların üstündən açıq cığır keçəcək” misralarında orduda keşikdə dayanan Vətən oğulları üçün bu cığırların cəsarət cığırı, yenilməz hünər yolu olduğunu qeyd edir və Murova yağan qarı “sayıq əsgər nəfəsinin əridəcəyini” vurğulayırdı.
Məmməd Araz bir daha xatırladır ki, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərindən dərk edən yetişən nəsil Vətən torpağını qorumalı və onun keşiyində dayanmalıdır. “Nəğmə” şeirində şair bu fikri çatdırır ki, xoş sabah və azad gələcək üçün hər bir Vətən övladı torpaqlarımızı qorumağa və lazım gələrsə canından keçməyə hər an belə hazır olmalıdır. Şeirdə Vətən torpağını qorumağın müqəddəs bir borc olması ideyası önə çəkilir və qeyd edilir ki, Vətəni, torpağı yaşadan ayıq başlar olacaq:
Xoş sabah sorağında,
Keşikdə durmalıyıq.
Qandan, qandaldan uzaq
Bir dünya qurmalıyıq.
Oyan, qalx, Azərbaycan!
Taleyinə yaxşı bax.
Bu torpağı yaşadan
Ayıq başlar olacaq.
“Araz ordan, Kür də burdan aşıb-daşdı”, “Son sözü də ya Vətən, ya vətəndaşdı” – deyən şairin bu kimi vətənpərvər ruhlu şeirləri bu gün də ideya dəyərini, tərbiyəvi əhəmiyyətini itirməyərək gənc nəslin vətənə məhəbbət ruhunda yetişməsində və tərbiyə olunmasında böyük rol oynayır. Bunu ölkəmizin ərazi bütövlüyü uğrunda- Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ uğrunda canından keçən Vətən övladlarının qəhrəmanlığı bir daha sübut etdi. Xalqımızın igid oğullarınının - əsgərlərimizin, canı, qanı bahasına torpaqlarımız işğalçılardan azad olundu. Bu Qələbə döyüş meydanında şəhidlər verilərək qazanıldı. Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Bir daha əmin olduq ki, milli müstəqillik və milli azadlıq mübarizəsində yetişən nəsildə yüksək vətənpərvərlik keyfiyyətlərinin formalaşdırılmasında Məmməd Arazın dəyərli, milli mənəviyyatlı poeziyasının təsiri böyük olmuşdur. Bu mənada Məmməd Araz öz yaradıcılığı ilə Azərbaycan pedaqoji fikir tarixinə yeni iz, yeni cığır, liman salan gəmidir.
Mehparə Əhmədova
Naxçıvan Dövlət Universiteti
Pedaqogika üzrə fəlsəfə doktoru