27 Aprel 2024, Şənbə

Yeddi ildir, media sahəsində çalışan biri kimi, dəfələrlə ön xətdə çəkilişlərdə olmuşam, əsgər və zabitlərimizin xidməti fəaliyyətini işıqlandırmışam. Hər dəfə müqəddəs missiyanı yerinə yetirən oğullarla görüşə gedəndə eyni qürur və həyəcanla yola çıxmışam. Amma budəfəki səfərin mənim üçün ayrı bir mövzusu və yeri olacaqdı. Çünki onlar bizi Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Ağdama və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza çatdıran qalib Azərbaycan Ordusunun əsgərləridir. İndi biz onların sayəsində “Salam, Qarabağ, biz gəlmişik” deyə bilirik. Qalib əsgər barədə danışmağı, bu xoşbəxtliyi duymağı jurnalist taleyimə yazdığı üçün Uca Yaradana şükür edir və dağların başında yaşayan ərənlərlə görüşə tələsirəm. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Yuxarı Buzqov kəndi istiqamətindəki bölmələrində uca dağları, şiş qayaları özünə səngər seçib düşmənin qorxulu röyasına çevrilən Azərbaycan əsgəri barədə danışacağıq. Payızın sazaqlı küləyindən mətin, qışın soyuğundan sərt, qanında və  ruhunda  yenilməzlik olan qalib əsgər barədə... 

Cəhriçay boyunca yerləşən kənd­ləri bir-bir arxada qoyub üzü dağlara sarı gedirik. Sinəsi sis, dumanla örtülən, bəziləri isə payızın ilk aylarından etibarən bəyaz örpəyə bürünən dağlar, Azərbaycan əsgərinin od-ocağına, yurd-yuvasına çevrilən dağlar, siz necə də vüqarlı, əzəmətlisiniz. Ruhuma hakim kəsilən bu düşüncələrin müşayiəti altında Aşağı Buzqov kəndinə çatırıq. Bir neçə il bundan öncə “Şərq qapısı” qəzetinin arxivində “Sərhəd kəndlərində vəziyyət necədir?” sərlövhəli yazıya rast gəlmişdim. 1992-ci ildə qələmə alınan yazıda müəllif sosial problemlərlə yanaşı, işğalçı ermənilərin Buzqov və Gərməçataq kəndlərinə etdiyi aramsız hücumlardan da bəhs edirdi. Həmin vaxt Naxçıvanın sərhəd yaşayış məntəqələrində baş verən hadisələr ölkədəki xaosun, qeyri-sabit həyat tərzinin tərkib hissəsi idi.
İndi burada qış tədarükü üçün qovurma hazırlayanı da, payız meyvələrini toplayanı da, mal-qarasını örüş yerlərinə aparanı da, işlədiyi kənd məktəbinə və başqa dövlət qurumlarına gedib-gələni də görə bilərsiniz. Bir sözlə, həyat öz axarındadır. Ümumiyyətlə, bu kəndlərdəki sabitlik və ondan doğan inkişaf, tərəqqi başqa bir yazının mövzusudur. Artıq bir neçə saat bundan öncə şənini vəsf etdiyim dağlardakı dağ vüqarlı oğulların yanındayam. Bu dağları əhatələyən möhkəm səngərlər isə Azərbaycan əsgəri üçün, sanki qala divarlarıdır. “Əsgər və səngər” mənim üçün ən uğurlu qafiyələrdən biridir. Səngər əsgər üçün ev, düşmən üçün qazılan qəbirdir. Səngər kişinin əsgərdən döyüşçüyə çevrilmə nöqtəsidir. Əsgər burada dayanıb torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun, Vətənin havasını qoruyur ki, udmağa nəfəsi olsun. Mənə görə Vətən həm də əsgərdən başlanır. Bugünkü qalib əsgərdən. 2020-ci ilin payızını hər bir azərbaycanlı üçün əbədi yaddaşlara həkk edən, bu dövrü Qələbə fəslinə çevirən, əsgər, bizim üçün yeni bir mövsüm yaratdın. Əsgər fəsli! Xalqımıza elə bir sevinc, qürur, xoşbəxtlik yaşatdın ki, onun ölçüsü, tayı-bərabəri yoxdur. Bu sevgi nə övlad, nə valideyn, nə də ki yar sevgisinə bənzəyir. Bu sevginin adı Qarabağa qovuşmaqdır, Şuşanın əlindən tutub onu dirçəltmək, Xudafərinə yenidən can vermək, Azıx mağarasındakı əcdadlarımızın tarixi kökünə yenidən qayıtmaqdır. Bir sözlə, BÖYÜK QAYIDIŞdır.

 

 

 

Ali Baş Komandanın dəmir yumruğu təkcə düşmənin belini qırmadı. O yumruq həm də Azərbaycan xalqının birlik və bərabərliyinin milli nişanəsinə çevrildi. Bu fikirləri əbəs yerə xatırlatmıram. Şəkərabad kəndindən olan sahibkarlar ordumuza mənəvi dəstək göstərmək məqsədilə uzun yol qət edib olduğumuz bölməyə gələndə bir daha inandım ki, bu iradəli xalq milli məsələlərdə bir yumruq kimi birləşə bilir. Bu, o demək deyil ki, ordumuzun hansısa kənardan gətirilən ərzağa, sovqata yaxud təminata ehtiyacı var. Sadə vətəndaş 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də ordunun yanında olmağı, ona dəstək göstərməyi özünə mənəvi borc hesab edir. Şəkərabadlı el ağsaqqalı Niqamət Heydərov deyir: “Bizim bura gəlməkdə əsas məqsədimiz əsgər və zabitlərimizlə birlik, bərabərlik nümayiş etdirməkdir. Xalq ordusunun yanında olmalıdır ki, onlar da nəyin uğrunda, hansı amal müqabilində döyüşdüyünü bilsin. Dövlət-xalq-ordu birliyi bizi Böyük Qələbəyə daşıdı”.

Ayrı-ayrı şəhərlər, rayonlar, dostlar, qohumlar. Amma onlar burada – hərbi xidmətdə bir amal ətrafında birləşiblər. Zabit Elvin Cahangirov Salyan, Mahir Fərmanlı Beyləqan, əsgərlərdən Əmirah Səfərov Bərdə, Şəmistan Məmmədov Ağdam, İlkin Kərimzadə Sədərək rayonundandır. Onları birləşdirən dəyər “Vətən” adlı müqəddəsliyi qorumaqdır, onun təhlükəsizliyini təmin etməkdir. Hər birinin gələcək üçün planları, arzuları var. Vaxt olub ki, yaxınları, doğmaları üçün burunlarının ucu göynəyib. Amma müşahidə məntəqəsində hər şey unudulub. Bütün diqqət qarşı tərəfə – düşmənə yönəlib. Vətən onlar üçün ən əziz varlıq olub. Ata da, ana da, övlad da, sevgili yar da onlar üçün Vətən olub. Vətənlə bütövləşib, doğmalaşıblar.
Əsgər Əmirah Səfərov deyir ki, İkinci Qarabağ müharibəsində mənfur düşmən həmişəki xislətindən yenə də əl çəkmədi. Mülki insanlara qarşı müharibə cinayətləri törətdi. Ata yurdum Bərdə şəhəri qadağan olunmuş raketlərlə atəşə tutuldu. Doğmalarım, əzizlərim üçün çox nigaran idim. Şükür olsun, silahdaşlarım düşmənin cavabını döyüş meydanında layiqincə verdi. Çünki bizim davamız mülki insanlarla yox, erməni silahlı birləşmələrinə qarşı idi. Əsgər yoldaşlarımızla birgə hər gün Müdafiə Nazirliyinin döyüş əməliyyatları ilə bağlı təqdim etdiyi kadrlara baxırdıq, Ali Baş Komandanın xalqa etdiyi müraciətləri diqqətlə izləyirdik. Fəxr edirəm ki, 44 gün ərzində tarix yazan Azərbaycan Ordusunun sıralarında xidmət edən əsgərlərdən olmuşam.
Əsgər Şəmistan Məmmədov ikiqat sevinc yaşayır. Çünki işğaldan azad edilən torpaqlar sırasında onun ata-baba yurdu olan Ağdam şəhəri də var. Qəhrəman döyüşçü deyir: “Tale elə gətirdi ki, Naxçıvada xidmət edərkən Ağdamın işğaldan azad olunması xəbərini eşitdim. Ali Baş Komandanın noyabrın 20-də xalqa etdiyi həmin müraciəti heç vaxt unutmayacağam. Həmin gün Ağdam da “Qarabağ Azərbaycandır!” – dedi. Yaşasın müzəffər Ali Baş Komandanımız və Ordumuz! 

İndi əsas vəzifəm, döyüş tapşırığım qədim Naxçıvan torpağının sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Xidmət etdiyim bölmədə hər cür şərait vardır. Payız aylarından başlayaraq bölmə üçün ehtiyat ərzaq və geyim təminatı da yaradılıb.Valideynlərimlə danışanda deyirəm ki, məndən nigaran olmayın. Burada əsgər yoldaşlarımızla qardaşlaşmışıq, doğmalaşmışıq. Bölməmiz üçün bu ilin yayında yeni bina tikilib, hər cür məişət şəraiti yaradılıb”.
Ön xətdə keçirdiyimiz bir neçə saat ərzində əmin oldum ki, şəxsi heyəti yenilməz edən bir neçə amil var. Məsələn, keçirilən təlimlərdə tökdükləri tər bu gün zəfərə çevrilib. Dövlət tərəfindən ən uca, əlçatmaz zirvələrdə belə, qışın soyuq günlərində müasir təminatı olan yataqxana binaları tikilib istifadəyə verilib. Müasir atıcı silahlarla, döyüş vasitələri ilə təmin olunan əsgər və zabitlərin dilində həm də bir qardaşlıq, yoldaşlıq, dostluq, səmimiyyət şüarı var: “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!”

Muxtar RZAZADƏ

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR