28 Aprel 2024, Bazar

O, əsərləri sevilə-sevilə oxunan, dillər əzbəri olan, özünə ürəklərdə yer tapan bir sənətkardır. Sahilsiz ümmana bənzəyir yaradıcılığı. Ana təbiətin gözəlliklərinə, doğma Vətəninin dağına, daşına, torpağına, dərdinə, əzabına həsr etdiyi ahəngdar dil, təsvir və ifadə vasitələri ilə zəngin şeirləri, poemaları qəlbimizdə yaşayır. Nizamili, Füzulili, Sabirli keçmişi ilə vətəndaş, xəlqi, bəşəri şair kimi tanınıb. Zəngin və çoxşaxəli yaradıcılığı ilə milli ədəbiyyatımızda öz sözünü deyib.

O, Vətən şairi, Araz şairidir, o, Məmməd Arazdır. Hələ sovetlər dövründə çoxlarının cəsarət edə bilmədiyi parçalanmış Azərbaycanın yanğılı səsini, xalqımızın taleyüklü məsələlərini özünəməxsus sənətkar üslubu, ən başlıcası isə vətəndaş yanğısı ilə qələmə alıb Məmməd Araz. Qələminin qüdrəti ilə mənalandırılan, qanadlanan hədsiz Vətən sevgisini oxuyan hər kəsin qəlbində bir “Vətən nəğməsi”nə çevrilib. Sizcə də Məmməd Araz yaradıcılığı başdan-başa bir “Vətən nəğməsi” deyilmi? O nəğmə ki ürəklə yazılıb, o nəğmə ki oxuduqca yenə oxumaq, Vətənin daşına, qayasına, torpağına qarışmaq istəyirsən. Şairin ədəbi qəhrəmanına oxşamağa çalışırsan. Vətəni daha yaxşı tanıyır və onun sevdalısı olursan. Bu da böyük şairin xalqının, Vətəninin, torpağının vurğunu olmasından irəli gəlirdi. Vətən, torpaq, yurd sevgisi Məmməd Araz qələmində poetik və orijinal şeir dilinə çevrilir. O, oxucunu Vətənini sevdiyinə inandırmağa çalışmır, o, inamla danışır, qəlbindəki vətənsevərlik hisslərini səmimiyyətlə qələmə alır. Ona görə də onun böyük təsir gücünə malik, xəlqilikdən doğan dəyərli sənət əsərləri bu gün də yaşayır, öz aktuallığını qoruyub saxlayır. Məmməd Arazın “Vətən mənə oğul desə” şeirindəki “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” misraları bu gün də hər bir vətənpərvər azərbaycanlının qəlbinə və düşüncəsinə hakim kəsilən dəyərli cümlələrdir. Şair Vətən qayaları, Vətən daşları silsiləsindən olan “İnsan qayalar” şeirində “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”deməklə hamını Vətənini tanımağa, onun daşına, qayasına bələd olmağa və həqiqi vətəndaş olmağa səsləyir. Şair vətəndaşlıq hisslərini adi daşın, qayanın dili ilə poetik əlvanlıq və gözəlliklə ifadə edir. Vətənin qayası, daşı, mamırı da onun şeirində insaniləşir, dil açıb danışır. Onunla Vətənimizi daha yaxşı tanıyır, onun keçmişi və bu günü ilə bağlı daha real, təbii, aydın görür, Vətənin böyüklüyünü, gözəlliyini daha yaxşı dərk edirik. Vətəndaş şair Vətənimizi bütöv, xalqımızı isə həmişə bir görmək istəyirdi. O, “Məndən ötdü, qardaşıma dəydi” şeirində “sənin”, “mənim”, “haralısan?” mənafeyi, qütbləşməsi, özgələşməsi ilə Vətənin parçalanmasını, xalqın hissə-hissə bölünməsini ürək yanğısı ilə qələmə alır. Şair deyir ki, hamıdan ötrü bir böyük “Mən” olmalıdır. Bu da Vətəndir. Şair yazır:

Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi...

Beləliklə, şair öz xalqına Vətənin layiqli vətəndaşı olmağı, onlara vətənpərvərlik ideyalarına sadiq qalmağı, Vətəni yadellilərdən qorumağı, torpaq yolunda candan keçməyə hazır olmağı tövsiyə edir. Vətənimizə, xalqımızın qəlbinə vurulan yaraları necə unuda bilərdik, əziz şairimiz? Müqəddəs Qarabağ torpaqlarını mənfur düşməndən qorumağa yollanan “Biləklərində Kür gəzdirən oğullar” məhz Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi misralarını başları üzərində bayrağa çevirmişdilər. Son 30 ildə bədnam qonşularımızın taladığı qədim torpaqlarımız uğrunda müharibələrdə Məmməd Araz şeirləri əsgərlərimizə ruh verib, onları qəhrəmanlığa, qələbəyə ruhlandırıb. 90-cı illərin əvvəllərində “Ayağa dur, Azərbaycan” şeiri milli azadlıq himninə çevrilib:

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!..
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə.
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan, Azərbaycan bayrağını!

Bu məşhur şeir vətəndaşlıq duyğularının, xalqa, Vətənə məhəbbətin, düşmənə nifrətin tərənnümüdür. Bu görkəmli şairin Azərbaycanımızın ürəyi sayılan, əzəli torpağımız Qarabağın başına gətirilən oyunlardan, nankor qonşunun torpaqlarımızı işğal etdikdən sonra Azərbaycanı, onun cəsur övladlarını mübarizəyə, qələbəyə səsləyişidir, həqiqi vətəndaşın çağırışı, harayıdır. Ona görə də dillər əzbəri olub, ürəklərə yol tapıbdır bu şeir. “Bu millətin dərdi-səri”, “Ulu şahım, qılıncına söykənim”, “Sənə inanıram”, “Yaşamağa nə var ki!”, “Əsgər oğul”, “Söznən zarafat eyləmə”, “Qoşul mənə, gedək dedin” və digər şeirləri də xalqımızın milli ruhunu yüksəldən, mübarizəyə səsləyən şeirlər silsiləsindəndir. 1992-ci il iyunun 3-də yazdığı “Bu millətin dərdi-səri” şeiri xalqımızın keçirdiyi iztirabların, dərdi-sərin açıqca nümayişidir.

Tanrım, məni tuş eləmə satqına, tuş,
O, milləti şöhrətinə girov qoymuş.
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli…

Bu misralar, buna bənzər digər şeirlər torpaqlarımızın müdafiəsində Azərbaycan oğullarına hava qədər, su qədər gərək oldu. Şair, hətta ön cəbhədə əsgərlərimiz qarşısında çıxış etməkdən, onlarla görüşdən də çəkinməmişdir. “Vətən əsgəri adını şərəflə daşımaq hər igid əsgərin ən ülvi arzusu olmalıdır”, – deyən Məmməd Araz yazır:

Əsgər nə istəyir? –
Bir təzə nəğmə –
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.

Rahat uyu məzarında, görkəmli şairimiz. Azərbaycan əsgəri sənin də hər zaman bütöv görmək istədiyin Vətənimizi vəhşi işğalçılardan xilas etdi, 30 ilin nisgilinə, həsrətinə son qoyuldu. Əsgərlərimiz yurdumuza, xalqımıza, dövlətimizə, xalqımız isə əsgərlərimizə, dövlətimizə söykəndi. Ən çətin məqamda sənin də arzuladığın kimi, “hər anımız Vətən!” – dedi, “qılıncımız, qalxanımız Vətən!” – dedi. Biz qalib gəldik. Yurdumuz yağılardan təmizləndi, müqəddəs torpaqlarımız – Şuşa, Ağdam, Kəlbəcər və digər torpaqlarımız geri qayıtdı, bu gün üçrəngli bayrağımız əzəli torpaqlarımızda, Xudafərin körpüsü üzərində əbədi dalğalanır. Artıq Azərbaycan həqiqətlərinin qan yaddaşı, xalqımızın mübarizə, döyüş rəmzi olan Araz çayı da dərdli deyil, Araza üçrəngli bayrağımız dostluq edir, Araz gülür. Sənin də ruhun şad olsun, böyük şairimiz.
Artıq 16 ildir ki, ürəklərdə yaşayırsan, Məmməd Araz. Ədəbiyyatımızın “Xan çinarı”, həm güldürən, həm ağladan söz dünyanla oxucularını da bu dünyanın əbədi qonaqlarına çevirmisən. Çünki sənin yaradıcılığın Vətənin özü kimi əbədi və ölməzdir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR