27 Aprel 2024, Şənbə

Zaman öz axarı ilə daim hərəkətdədir. Ötən zamandan qalan isə qurulub-yaradılanlardır. Bu xeyirxah missiyanı yerinə yetirən qurub-yaradanlara həmişə böyük ehtiram göstərilir. Son üç onillikdə muxtar respublikamızın bütün guşələri əsl tikinti meydançasına, bir qədər sonra müasir yaşayış məntəqəsinə çevrilib. Bu gün ən ucqar kəndlərimizdə belə, yaradılan şərait isə qədim diyarımızda bərqərar olmuş ictimai-siyasi sabitlik və bunun da məntiqi nəticəsi kimi sosial-iqtisadi inkişafın təmin edilməsidir. Babək rayonunun kəndləri də diqqət və qayğı ilə əhatə olunublar. Bu günlərdə yolumuzu həmin yaşayış məntəqələrindən birinə – Nəcəf­əlidizə kəndinə saldıq. Həmin ünvana getməmişdən əvvəl kəndin adının etimologiyası barədə bir az məlumat aldıq.
AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvanın oykonimləri” kitabında verilən məlumata əsasən kəndin adına XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid arxiv materiallarında rast gəlinir. 1936-cı ildə repressiyaya məruz qalan bu yaşayış məntəqəsinin adı Budenabad adı ilə əvəzlənsə də, özünə haqq qazandıra bilməyib. Hazırda kənd Nəcəfəlidizə adlanır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rasim İsmayılovun dediyinə görə, kənd əhalisi, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olur. Taxılçılığa xüsusi yer ayıran kənd sakinləri əsas gəlir mənbəyini də elə torpaqla bağlayıblar. Uzun müddət su azlığından əziyyət çəkən əhalinin əli torpaqdan soyumuşdu. Muxtar respublikamızda hər bir sahəyə göstərilən diqqət və qayğıdan öz payını alan bu yurd yeri Heydər Əliyev Su Anbarının tikintisi ilə özünün yeni dönəmini yaşamağa başlayıb. 2005-ci il dekabr ayının 19-da istifadəyə verilən Heydər Əliyev Su Anbarı susuz torpaqlarımızın su ilə təmin olunmasında böyük rol oynayır. Belə ki, anbar istifadəyə verildikdən sonra Babək rayonunun da suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb. Adıçəkilən yaşayış məntəqəsi də bu imkandan bəhrələnib.

Rasim müəllimlə söhbətimizi bu yurd yerinin sakinləri ilə tanış olaraq davam etdiririk. Qarşımıza çıxan ilk mənzilin qapısını döyürük. Salam verib, daxil olmağa icazə aldıqdan sonra adını öyrəndiyim Fatma xala bizi Azərbaycan xalqına məxsus qonaqpərvərliklə qarşılayır. Kənd­lərində yaradılan şəraitə görə sevincinin həddi-hüdudu olmayan müsahibim deyir ki, ay qızım, su həyat mənbəyidir, deyib atalarımız. Amma mənim fikrimcə, su elə həyatın özüdür. Su qıtlığı olan vaxtlarda kəndimizdə həyat da yox idi. Susuzluq ucbatından əkini-biçini olmayan kəndli torpaqdan əlini üzüb başqa bölgələrə axışırdı. Məhz elə susuzluq probleminin aradan qaldırılmasından sonra əhali torpaqdan iki əllə yapışıb, istədiyi məhsulu əkib-becərmək imkanları qazanıb. Bu gün bir qarış belə, əkilməmiş sahəmiz, demək olar ki, yoxdur. Elə bu bərəkətli torpaqlarımız sayəsində kəndlinin yaşayışı yüksək səviyyədədir.
Bu kiçik yaşayış məntəqəsinin sakinləri günlərdir ki, böyük sevinc içərisindədir. Son illərdə muxtar respublikanın hər bir ünvanında aparılan quruculuq siyasəti bu kənddən də yan keçməyib. Belə ki, Nəcəfəlidizədə kənd və xidmət mərkəzləri, məktəb binası tikilərək sakinlərin istifadəsinə verilib. Kənd mərkəzində yerləşən təşkilatların fəaliyyətinə hərtərəfli şərait yaradılıb.

Rasim müəllimdən ayrılıb kənd məktəbi ilə tanış oluruq. Məktəbin direktoru Kamal Əhmədovdan aldığımız məlumata görə 2001-ci ildən tam orta məktəb kimi, fəaliyyətə başlayan təhsil ocağının istilik sistemi yox dərəcəsində idi. Müəllim çatışmazlığı, fənn laboratoriyalarının olmaması çətinliklərimizi daha da artırırdı. Bundan əlavə, kənddə inzibati binalar olmadığı üçün cəmi 7 sinifdən ibarət binanın bir hissəsini də tibb məntəqəsinə vermişdik. 2020-ci ildə kənd məktəbinin binasının yenidən qurularaq 3 mərtəbəli müasir formaya salınması, 9 yeni gənc müəllimin təhsil ocağına cəlb olunması sevincimizi daha da artırır. Məktəb 5 oktyabr – Müəllimlər Günündə istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəbin açılış mərasimində müəllimlərlə görüşündə demişdir: “Beynəlxalq Müəllimlər Günündə ­Nəcəfəlidizə kənd tam orta məktəbi üçün yeni bina istifadəyə verilir. Müasir şərait yüksək əhval-ruhiyyə və tədrisin günün tələbləri səviyyəsində qurulması deməkdir. Məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir. Bu da imkan verir ki, nailiyyətlər artsın. Son beş ilin göstəriciləri onu deməyə əsas verir ki, məktəbdə tədris yüksək səviyyədə qurulub. Hazırda məktəbdə təhsil alan şagirdlərin 75 faizdən çoxu əlaçıdır. Qazanılan bu nailiyyətlər ölkəmizin gələcəyinə xidmət edir. Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayanlardır. Ölkənin gələcəyi isə təhsilli və vətənpərvər gənclərdən ibarət olmalıdır. Çünki belə gənclər ölkənin milli sərvətidir. Məktəbdə təhsil alan gənclər həm də qabiliyyətinə və marağına uyğun peşəyə yönəldilməlidir. Yaradılan şərait bu vəzifələrin icrasına imkan verəcəkdir”.

Kollektivimiz ilk günlərdən öz işini Ali Məclis Sədrinin tövsiyə və tapşırıqları üzərində qurub.
Bir vaxtlar kəndin şəraitsizliyi ucbatından buradan getmiş, artıq bir neçə ildir ki, ata ocağına qayıdan sakinlərdən biri Pərvanə Hənifəyevadır. Pərvanə xanım deyir ki, o, kəndi tərk edərkən əhalinin əsas məşğuliyyəti olan əkinçilik üçün heç bir şərait yox idi: – Mən kəndimizə qayıdanda artıq o günlərdən əsər-əlamət qalmamışdı. İnsanların nəinki su problemi həll edilib, evlərimizə mavi yanacaq xətləri çəkilib. O vaxtlar biz xəstələnən insanı rayon mərkəzinə müxtəlif əziyyətlərlə çatdırırdıqsa, bu gün istifadəmizə verilən kənd mərkəzinin binasındakı həkim ambulatoriyası bu çətinliyimizi aradan qaldırıb. Bundan başqa, kəndimizdə rabitə xidməti də yüksək səviyyədə qurulub ki, kommunal ödənişlərimizi burada ödəyirik. Sürətli internet xətti istifadəmizə verilib. Kənd adamına daha nə lazımdır?
Pərvanə xanımın bu sözlərindən sonra tibb məntəqəsinə üz tuturuq. Tibb məntəqəsinin müdiri Dilbər Cabbarova ilə həmsöhbət oluruq. O deyir ki, bir zamanlar vətəndaşlara sadə tibbi yardım göstərmək üçün belə şəraitimiz olmadığından istər əhali, istərsə də biz tibb işçiləri əziyyət çəkirdik. Kəndimizdə səhiyyə xidməti çox aşağı səviyyədə idi. Uşaqlarımız üçün onsuz da balaca olan kənd tam orta məktəbində tibb məntəqəsi üçün bir sinif otağı ayrılmışdı. Lakin orada da heç bir şərait, tibbi avadanlıq yox idi. Bu da göstərə biləcəyimiz tibbi yardımın səviyyəsini tamamilə aşağı salırdı. Nasazlığı olan adamı çox çətinliklə rayon mərkəzinə çatdırmaq lazım gəlirdi ki, bu da ilkin tibbi yardımın göstərilə bilməməsi ucbatından çox vaxt mənfi nəticələr verirdi. İndi isə yaradılan şərait bizə hansısa problemi olan sakinə ilkin tibbi yardım göstərməyə imkan verir. Yenidənqurma tədbirləri aparılan kəndimizdə kənd və xidmət mərkəzləri, məktəb binası ilə yanaşı, səhiyyə xidməti üçün də yüksək şərait yaradılıb. Kənd mərkəzinin daxilində yerləşən məntəqəmiz müasir tibbi avadanlıqlarla təchiz olunub. Artıq burada əhalinin sağlamlığının qeydinə qalmaq mümkündür.

Qarşılaşdığımız hər bir sakin böyük ruh yüksəkliyi və xoş təəssürat içərisindədir. Burada öyrənirik ki, həm də Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Oruc Həsənov da burada yaşayır. Öz evində bizi səmimiyyətlə qarşılayan Oruc əminin yaşı altmışı haqlayıb. Onu əvvəlcə Qələbə münasibətilə təbrik edirik. Sevincinin həddi-hüdudu olmayan təqaüdçümüz deyir ki, sentyabr ayının 27-si – ordumuz düşmənin təxribatlarına cavab verməyə başlayan bir gündən özünə rahatlıq tapa bilmirdi. Sağlamlıq imkanlarının məhdudluğuna baxmayaraq, dəfələrlə müraciət edib cəbhə xəttinə getmək üçün təkid etsə də, onu ön xəttə göndərməyiblər. Hər dəqiqə ürəyi hərbçilərimizlə döyünən Oruc Həsənov noyabr ayının 10-da Qələbə müjdəsini bölüşmək üçün hazırda hərbi qulluqda olan dostları ilə əlaqə saxlayıb, onları təbrik edib. Kəndlərinin bugünkü gözəlliyindən də danışan Oruc müəllim bildirir ki, Nəcəfəlidizənin keçmişi ilə bu günü müqayisə edilməyəcək dərəcədə fərqlənir. Müsahibim o dövrün çətinliklərindən də danışır. Deyir ki, bu gün yaradılan şərait hər bir kənd adamına göstərilən diqqətin bariz nümunəsidir. Bunu kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri də vurğulayıb: “Rahat yaşayış şəraiti məskunlaşmanın artmasında əsas amildir. Bu gün dövlətimizin vətəndaşlarına diqqət və qayğısı nəticəsində Nəcəfəlidizə kəndində insanların rahat yaşayışı təmin olunub. Kənddə aşağı faizlə kreditlər verilir, ailə təsərrüfatlarına köməkliklər göstərilir, özünüməşğulluq təmin olunur, hər bir sakinə dövlət qayğısı göstərilir. Ona görə də kəndin inkişafı bundan sonra da sakinlər tərəfindən davam etdirilməli, təsərrüfatlar genişləndirilməlidir”.

Kənd adamları ilə söhbətlərimiz də belə deməyə əsas verir ki, onlar Ali Məclis Sədrinin bu fikirlərini özlərinin fəaliyyət proqramına çeviriblər.
Bəli, əziz oxucularımız, daha bir yurd yerimizin gözəllik mənzərəsini sizin gözləriniz önündə canlandırmağa, sizi də tanış etməyə çalışdıq. Azərbaycan Ordusunun mənfur düşmənlərimizdən azad etdiyi torpaqlarımızın abadlaşdırılması ilə bağlı yazılarımızla görüşünüzə gəlmək ümidi ilə.

- Telli MƏMMƏDOVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR