27 Aprel 2024, Şənbə

“Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”. Ümummilli liderimiz Heydər Əliyevin bu cür yüksək qiymət verdiyi muğamlarımızın xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq bütöv Azərbaycana yayılıb, xalqımızın qanına, canına, yaddaşına hopub.
Muğamlar əsrlərboyu böyük inkişaf yolu keçərək xalqımızın mənəvi dəyərlərini və nailiyyətlərini özündə əks etdirir. Tarixi çox qədim olan muğamlarımız Azərbaycan musiqi mədəniyyətinin zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə qədər gəlib çatmış nadir sənət nümunəsidir. Bir çox muğam ifaçılarının parlaq fərdi istedadı və bir sıra digər cəhətlər muğamlarımızın ayrı-ayrı bölgələrimizdə müxtəlif inkişaf yolu keçdiyini təsdiq edir. Bütün bunlar muğamların fərqli ifa variantlarının meydana çıxmasına və onun daha da zənginləşməsinə şərait yaradıb.
Bu qədim sənəti daha da zənginləşdirən Azərbaycan muğam məktəbləri olub. Muğam ifaçılığının yayılması və ifaçıların peşəkarlığının artırılması XIX əsrin əvvəllərindən başlayaraq bir çox şəhərlərdə, xüsusilə Şuşada inkişaf edib. Keçmiş zamanlardan Qarabağda müxtəlif musiqi-muğam məclisləri fəaliyyət göstərib. Bu məclislər muğamı inkişaf etdirib, onun yeni-yeni qollarının, şöbələrinin yaranmasına rəvac verib, muğamın dinlənmə coğrafiyasını daha da genişləndirib. Muğamın bu cür inkişafı XIX və XX əsrlərin əvvəllərində Azərbaycan musiqiçilərinin peşəkar inkişafına təkan verib.

Tədqiqatçıların belə bir fikri var: ifaçıların məhz Qarabağ torpağında dünyaya göz açması, sanki onların taleyini əvvəlcədən müəyyən edib. Əgər sən ideal səsə sahibsənsə, deməli, sən qarabağlısan. Çünki ən məşhur muğam ifaçılarına diqqət yetirdikdə, həmin ifaçıların məhz bu torpaqların yetirmələri olduğunu aşkar şəkildə görürük. Sanki muğam bu yurdun insanları ilə birgə doğulur, eyni taleyi yaşayır. Xanın səsi ilə yüksəlir, Üzeyirin dühası ilə dünyanı fəth edir.
Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstəriblər. Bu yerlərin təbiətindən süzülüb gələn, ruhu oxşayan həmin gözəllikdir ki, musiqi mədəniyyətində öz əksini tapıb. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur.
Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkar­lar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Bu, özlüyündə görkəmli rus ədibi Sergey Yeseninin məşhur “Şair deyilsə, Şirazdan, müğənni deyilsə, Şuşadan deyil” ifadəsini xatırladır. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev isə deyirdi ki, XIX əsrin ikinci yarısında Bakıda, Şamaxıda, Aşqabadda, Tehranda və ya İstanbulda musiqiçilərlə rastlaşsanız, hökmən onların arasında şuşalı olduğunu görəcəksiniz. Şuşa dünyaya o qədər ustad xanəndələr, görkəmli bəstəkarlar və musiqişünaslar bəxş edib ki, onlar haqqında ifaçılıq ustalığı üzrə böyük bir ensik­lopediya da yaratmaq olar. Bu dilbər guşəmiz tarixən muğam məclisləri ilə o qədər şöhrət tapıb ki, nəticədə, musiqi mədəniyyəti baxımından Qafqazda nadir məkana çevrilib. Əbəs yerə deyil ki, Şuşanı haqlı olaraq Şərqin musiqi konservatoriyası da adlandırırlar.

Günümüzdə də muğam Azərbaycan musiqisinin zirvəsi olaraq qorunub saxlanılır, gələcək nəsillərə ötürülür. Bütün bunların nəticəsidir ki, muğam bu gün bütün dünyada Azərbaycan xalq musiqisi kimi tanınır, şöhrət tapır. Təsadüfi deyil ki, milli dəyərlərimizin bir parçası olan muğamlarımız YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Deməli, muğam bəşəriyyətin qorumalı olduğu dəyərli bir irsdir.
Bir sözlə, muğamlarımız nəsillərdən-nəsillərə keçərək Azərbaycan xalqının ruhuna hakim kəsilib, damarında axan qanına çevrilib, bu günümüzə gəlib çatıb. Sevindirici haldır ki, bu irs muxtar respublikamızda da lazımınca qorunur, təbliğ edilir. Naxçıvanda fəaliyyət göstərən uşaq musiqi məktəblərində, Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin konservatoriyasında muğam ixtisas kimi tədris olunur. Uşaq musiqi məktəblərini bu ixtisas üzrə bitirən şagirdlər Naxçıvan Musiqi Kollecinin muğam sinfində təhsillərini davam etdirirlər.
Bütün bunlar isə bir daha təsdiq edir ki, heç bir qüvvə xalqımızın milli dəyərlərini, mənəvi sərvətini unutdura, ondan uzaqlaşdıra bilməz. Azərbaycana qarşı əsassız və ədalətsiz torpaq iddiaları irəli sürən erməni vandalları Qarabağın mədəniyyət mərkəzi hesab olunan Şuşanı illərboyu işğalda saxlasalar da, bu diyarın bizə bəxş etdiyi mədəni sərvət bu gün də qorunub saxlanılır, daha da inkişaf və təbliğ edilir. Qarabağ bülbülləri hələ də oxumağa davam edir. “Qarabağ xanəndələri” layihəsində xalqımızın musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan Qarabağ muğam məktəbinin 24 nümayəndəsinin səs yazıları lentə alınıb.
Bu gün hər birimiz Qarabağın azad edilməsi sevincini yaşayırıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ildən sonra Böyük Qələbə sevincini yaşatdı bizə. Bu gün bütöv Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır. Artıq doğma diyarımızın muğamının xoş sədası çınlayır qulağımızda, onun avazı ilə boy atıb ecazkar mənzərələr yaradan xarı bülbülün valehedici ətri duyulur havadan. İndi Xanın səsi öz doğma yurdunda yenidən havalanır, Natəvanın qəzəlinin ruhu Qarabağın səmasında xoşbəxtliklə pərvazlanır. Hər qarışı əziz olan, doğma olan Qarabağa biz yenidən qayıdırıq, özü də milli muğamlarımızın sədaları altında!

- Gülcamal TAHİROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR