02 Yanvar 2025, Cümə axşamı

27 sentyabr II Qarabağ müharibəsi başlayanda ilk yazımın adını hamının ürəyindən xəbər verərək növbəti yazımız Qarabağın işğaldan azad olması diləyilə yazmışdım. Bu yazı da həmin o növbəti yazıdır. Tarixi günə həsr olunan qələbə yazısı. “Qarabağ Azərbaycandır!” fikrinin rəmziləşdirdiyimiz mütləq zəfərinin tarixləşən günüdür. 10 noyabr Günüdür. Qələbəylə zəfərin birləşdiyi çağdır. Və ən nəhayət, 28 ildir, “Qarabağ Azərbaycandır!” təsdiqini dünyaya bəyan etməyə çalışdığını, 44 gündə başlayan azadlıq mübarizəsində ədalətli, mətanətli, güclü, dəyanətli mübarizəsi ilə bəyan etdiyi gündür.

28 il idi ki, hər şey əleyhimizə idi. Beynəlxalq dəstək, beynəlxalq baxışlar daxil. Bəzi dünya dövlətlərinin maraqları öz boylarını aşmışdı, axın eləmişdi beynəlxalq arenaya. Burunlarının dikinə gedən acgöz ermənilər qondarma Qarabağ yaratmışdılar illərdir. Bu yalanın üstündə oturmuşdular, sərxoş olmuşdular, təlxəklik edib murdar ayaqları ilə hələ müqəddəs dağlarımızda rəqs də oynamışdılar. Gerçəklərdən uzaq bir dövlət düzəltmişdilər uşaqcasına. Tarixi, mənsubiyyəti olmayan bir dövlət... Qondarma və plansız bir dövlət. İllərdir, məsələnin həlli yolunda atılan addımların real nəticələrini görə bilmirdik. Təklənmişdik. Boğulmuşdu haqq səsimiz. Ədalət çağırışımız da beynəlxalq aləmə çatmırdı. Çünki hiyləgər düşmənə tuş gəlmişdik. Düşmənlər 30 ildə gedişatı saxtakarlıqla dəyişməyə səy göstərsələr də, hər çirkin yola əl atsalar da, tarixi gerçəklikləri dəyişə bilmədilər. Mübarizədə təklənən Azərbaycan, Sən, necə də dik durdun! Mərd durdun. Üzərinə gələnlər, səni borclu çıxaranlara qarşı hər zaman ədalətin bərqərar olacağını bilirdin. Çünki bu duruş da haqq duruşu idi. Bu səs də Türkün səsi, haqqın səsi idi. Haqq səsini nə qədər yayındırmaq, boğmaq olardı? Olmazdı. Geci-tezi vardı. Bu günləri babalarımız, nənələrimiz, şəhid anaları, öz doğma yurd-yuvasından didərgin düşən həmvətənlərim arzulayırdı illərdi hər bayramda, ən xoş günlərimizdə “Gün o gün olsun Qarabağ işğaldan azad olsun, orada bayraq sancaq, tarixi günlərimizi orada qeyd edək!” ən zirvə arzumuz olmuşdu. “Şəhidlərin qanını yerdə qoymayacağıq!” bizim ən ümdə andımıza çevrilmişdi. Vaxtilə Vətənimizdən zorla qoparılan torpaqları dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti, igid oğulların qanıyla yenidən birləşdirdik, yenidən yazdıq. O oğullar ki müharibədə canlarını fəda etdi, sona qədər mübarizə aparıb yumruğuynan qazandı zəfərli qələbəmizi. Naxçıvanın blokadasını yardı. Naxçıvanın ayrılığına son qoydu. Bütünləşdik. Bu gün bizə həsrət qalan bu torpaqlarda bayrağımız da daha məğrur dalğalanır. Daha güclü dalğalanır. Torpaqlarımızın azad olunmasına sevinərək həmrəy oluruq, dəstək oluruq sevincimizlə. Bu gün Şuşanın dağları əl-ələ verib “Başını dik tut, Vətən torpağı, – sən qalibsən!” Kəlbəcərin yamacları “Səsi gəlir Qələbənin!”, Laçın koridoru “Blokadan yarılır, Azərbaycan birləşir!”, Zəngilan çinarların “Bu nə gözəl sevinc müjdəsinin rəngidir!”, Füzulinin düzləri “İllərin yığışan həsrəti zəfərlərlə yuyulur”, Cəbrayılın çağlayan səmaları “Şəhidlərin ucalan ruhu səmalarda fəxr edir”, Naxçıvan qucaq açıb anamız Azərbaycanla qol-boyun olur!
Və bu şanlı tariximizi tarix yazan sərkərdəmiz Ali Baş Komandan cənab İlham Əliyev gecə saatlarında bu sevindirici zəfər qələbəsini xalqına müraciət edərək dedi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Qələbəmiz mübarək! Zəfərimiz mübarək! Azadlaşan, müstəqilləşən, bizə yenidən birləşən torpaqlarımız, qayıdışın mübarək! Qarabağ Azərbaycandır!

- Türkan HÜSEYNLİ

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR