Türkiyə və Azərbaycan arasında elmi əlaqələrin inkişafı çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Ankara Qazi Universiteti rektorluğunun rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisinin açılışının 100-cü ildönümünə həsr olunmuş “XII Beynəlxalq dünya dili türkcə” onlayn simpoziumu təşkil edib.
Hər il ənənəvi olaraq Türkiyənin müxtəlif universitetlərində keçirilən bu simpoziumda müxtəlif ölkələrindən tanınmış dilçi-alimlər iştirak edir.
Simpozium Türkiyə Böyük Millət Məclisinin açılışının 100 illiyinə həsr olunsa da, ölkəmizin Qarabağ uğrunda apardığı ədalətli müharibə bu konfransın istiqamətini, bütövlükdə, Azərbaycana – Qarabağa yönəldib, müxtəlif məzmunlu elmi məruzələrdə Azərbaycana böyük bir sevgi nümayiş etdirilib. Qazi Universitetinin professoru İhsan Kalenderoğlunun rəhbərlik etdiyi simpoziumun təşkilat komitəsi tərəfindən iclas salonlarının, bütünlüklə, Azərbaycanın şəhərlərinin adı ilə adlandırılması böyük qürur hissi oyadıb.
Üç gün davam edən simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin əməkdaşları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasından Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qalibə Hacıyeva və AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dissertant Sahab Əliyeva da iştirak edib.
Dosent Qalibə Hacıyeva “Onomastik vahidlərin öyrənilməsində tarixi dialektizmlərin rolu”, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Sahab Əliyevanın “Naxçıvan elmi mühitində Güney Azərbaycan üzrə ümumtürkoloji müstəvidə aparılan dil araşdırmaları” adlı məruzələri simpozium iştirakçılarında çox böyük maraq oyadıb.
Simpoziumda Beynəlxalq elmi müstəvidə Azərbaycan həqiqətlərinin, Qarabağın tarixi Azərbaycan torpaqlarının olması ilə bağlı məlumatların diqqətə çatdırılması gələcəkdə türkdilli xalqların bu sahədə elmi əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbərlər şöbəsi