28 Aprel 2024, Bazar

Akademik, Əməkdar elm xadimi İsa Həbibbəylinin tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Xanəli Kərimli haqqında söylədiyi “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir... Onun vətəndaşlıq qayəsinin poetik ifadəsi şeirlə ifadə olunmuş şüarçılıq yox, can yanğısından doğan şair narahatçılığıdır” qənaətini şairin bütün yaradıcılığına şamil etmək olar. “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı...”, “Mənə elə gəlir ki”, “Duyğularım, düşüncələrim”, “Payız duyğuları”, “Əhlət daşı” (Türkiyə) kitablarında oxuculara təqdim olunan şeirlərdə bu qənaət öz təsdiqini tapır.

Bir çiçək ətri də Vətən ətridir –
O duyğu qəlbinə sığılsa əgər.
Onda görərsən ki, babalar haqmış –
Bu torpaq uğrunda ölməyə dəyər.

Vətəndaş ziyalılığını, ziyalı vətəndaşlığını bütün çalarları ilə özündə cəmləyən, həyata, insanlara, doğma yurdun hər daşına, gülünə, çiçəyinə qəlbində böyük məhəbbət gəzdirən Xanəli Kərimli şeirinin hər sətrində bir fəlsəfi yozum var. Bu yozum oxucunu düşündürməyə, qərar çıxarmağa ovqatlayır. Onun şeirlərindəki poetik yükün dəyəri, çəkisi şair qəlbinin təlatümüdür.
Haqqında yazılmış və oxuculara təqdim olunmuş “Şairə məktub”, “Sözün Əlincə qalası” məqalələr topluları və fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” monoqrafiyasında da şairin yaradıcılığı barədə söylənilən fikirlər onun şeirləri ilə bir bütövlük təşkil edir. Fikrimizcə, bu onunla bağlıdır ki, müəllif hər misrasında sözə xarakterinə uyğun olaraq məsuliyyətlə yanaşır, sözün imkanlarını dərindən bilir, onun qayğısına qalır, söz də, necə deyərlər, onun sözündən çıxmır.

Yalançı dilində söz olar yalan,
Söz öz qiymətini alar doğrudan.
Sözə sözlə qiymət verib babalar,
Hər sözün min rəngi, min çaları var.

Xanəli Kərimli yaradıcılığının yorulmaz tədqiqatçılarından biri olan fəlsəfə doktoru Sabir Bəşirov yazır: “Bütün məqamlarda Xanəli Kərimlinin şeirləri ilə şəxsiyyəti, daha çox da zəngin mənəvi aləmi bir-birini tamamlayır. Hətta yaradıcılığında qabarıq nəzərəçarpan vətəndaşlıq mövqeyinin ifadəsi də Xanəli Kərimlinin şeirlərində ön mövqedə özünə yer tapdığı kimi, şairin xarakterində, cəmiyyət həyatına münasibətdə də öndə dayanır”.
Bu günlərdə şairin “Dünya mənim ovcumdadır” adlı kitabı “Qanun” nəşriyyatında rus dilində (Mir v moix ladonyax) işıq üzü görüb. Müxtəlif illərdə yazılmış şeirlərin toplandığı yeni nəşrin rusdilli oxucular tərəfindən də rəğbətlə qarşılanacağına şübhə etmirik. Qeyd edək ki, rəyçisi və “Ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov olan kitabdakı şeirləri rus dilinə İnessa Lavkova, Səyavuş Məmmədzadə, Nicat Məmmədov və Rövşən Qafarov tərcümə ediblər.
Xanəli Kərimliyə yeni yaradıcılıq uğurları arzusu ilə...

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR